Qulu Məhərrəmli: “Nüfuzlu media qurumlarının Azərbaycanda təmsilçiliyi olmalıdır”backend

Qulu Məhərrəmli: "Nüfuzlu media qurumlarının Azərbaycanda təmsilçiliyi olmalıdır"

“Cənab prezident 44 gün ərzində informasiya müharibəsində suni məhdudiyyəti yardı və məzmunlu müsahibələri ilə Azərbaycan həqiqətləri, erməni işğalı ilə bağlı dünyaya çox dəqiq məlumatlar verdi”.

Bunu KONKRET.az-a danışan əməkdar jurnalist, professor Qulu Məhərrəmli deyib.

Qulu Məhərrəmli bildirib ki, dövlət özünün beynəlxalq imici haqqında düşünür və bunun üçün də təbliğat, piar işi aparır: “Bunun üçün də dünya ilə, beynəlxalq  media qurumları və xüsusilə də trans media qurumları ilə əlaqələr olmalıdır: “Azərbaycanda 2000-ci ilin əvvəllərinə qədər həmin dünyanın aparıcı media qurumlarının Azərbaycanda nümayəndəliyi olub. Lakin o dövrdə aparılan yanlış siyasət nəticəsində o media qurumları Azərbaycanı tərk etməli oldu. Ona görə də biz beynəlxalq mediaya çıxışımızı suni şəkildə məhdudlaşdırdıq. Bizim bu gün məlumatlarımızın qərb mətbuatında az-az çıxmasının səbəbi də bu oldu. Amma cənab prezident informasiya müharibəsində bu suni məhdudiyyəti yardı”.

Qulu Məhərrəmli vurğulayıb ki, biz bundan sonra da dünya mediası ilə işləməliyik. Dünyanın aparıcı televiziya kanalları, qəzetləri və agentlikləri ilə əməkdaşlıq qurmalıyıq. Bizim ayrı-ayrı media qurumlarımız da beynəlxalq əməkdaşlığı genişləndirmək haqqında düşünməlidir. Yəni Azərbaycanda çevrəsində yaranmış informasiya vakuumunu aradan qaldırmaq üçün bacardığını etməlidir. Əlbəttə ki, bununla bağlı dövlət siyasəti də olmalıdır. Dövlət siyasəti Azərbaycan həqiqətlərinin bu media qurumlarında doğru şəkildə əks olunmasına yönəlməlidir. Bunun da ən yaxşı yolu həmin media qurumlarının Azərbaycanda təmsilçiliyinin olmasıdır. Bütün bunlar olarsa, məlumatlar bir başa mənbəyindən yayılar. Əks təqdirdə onlar başqa mənbələrə istinad edirlər. İstinad etdikləri mənbələr də çox zaman qərəzli məqsəd daşıyır və qeyri-obyektiv olur”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*