Bu gün Ramiz Mehdiyev adını çəkmək artıq çoxlarını diksindirir. Buna baxmayaraq, həm də məni yıxılana balta vurmaqda ittiham edənlərin yaddaşlarını təzələmək üçün bəzi mənim iştirakım ilə baş vermiş hadisələri yenidən xatırlayıram. R.Mehdiyevin adı çəkilməklə onlarla mətbuat konfransı və yazılarım onun qılıncının dalı-qabağı kəsən vaxtlar keçirilib, dərc olunub. İndi sadəcə yaddaşımda həkk olunmuş, məni sarsıdan iki halı sizinlə bölüşürəm.
İlk dəfə 1998-ci ildə Ramiz Mehdiyevlə bağlı mətbuat konfransı keçirib onun vəzifəsindən istifadə edən kürəkəni, keçmiş deputat İlham Əliyevin cinayətləri barədə məlumat vermişəm. İ.Əliyevin “Volvo” şirkətinə qarşı dələduzluq etdiyini, haqqında cinayət işi qaldırıldığını və R.Mehdiyevin müdaxiləsi ilə Bakı şəhər prokurorluğunda işin icraatına xitam verildiyini bildirmişəm. Elə həmin konfransda İ.Əliyevin İran əsilli BƏƏ-də yaşayan azərbaycanlının 300 min ABŞ dollara yaxın düyü məhsulunu alıb pulunu ödəməkdən imtina etməsini də sənədlərlə sübut etmişdim. Bundan başqa həmin azərbaycanlının İ.Əliyevin, həyat yoldaşının və qaynanasının Dubayda istirahət etdikləri vaxt 50 min ABŞ dolları xərclədiyini də demişdim. Həmin zavallının Dubayda bütün əmlaklarını banklar əlindən aldılar, həyat yoldaşı ilə boşandı və Bakı küçələrində ədalət axtara-axtara öldü.
İkinci dəfə R.Mehdiyevin kürəkəni ilə bağlı mətbuat konfransını 2008-ci ildə keçirmişəm. Bu hadisə ilə bağlı geniş məlumat verməyi özümə borc bilirəm. Həmin vaxtlar vəkil kimi “Günay Bank”ın işləri ilə məşğul olurdum. “Günay Bank”ın Xaçmaz rayonunda yerləşən 1600 hektardan artıq torpağını artıq o zonanın deputatı həm də qeyri-rəsmi “ağası” olan İ.Əliyev mənimsəmək üçün təsərüfatın rəhbərini – təqaüddə olan polkovnik Əzizağa Süleymanovu guya xuliqanlıq etdiyinə görə həbs etdirmişdi. Polkovniki şəxsən 1993-cü il Gəncə qiyamından tanıyırdım. O vaxtlar komissiyanın üzvü kimi Gəncə həbsxanasında saxlanılan onlarla dindirdiyim vəzifəli şəxslərdən ancaq iki nəfər S.Əkbər və Əzizağa müəllim Surət Hüseynovun əleyhinə ifadə verirdi. Vətənə, Dövlətinə sədaqətini, mərdliyini gözümlə gördüyümdən Əzizağa müəlimə görə Dəvəçiyə gedib rayon prokuroru M.Zeynalovla görüşdüm. O, mənə səmimi bildirdi ki, polkovnikin heç bir günahı yoxdur, sadəcə onlar girovdurlar, tapşırıq da ən yuxarıdan gəlib.
Rayonun icra başçısı Novruz Novruzovla görüşüb polkovnikin həbsinin qanunsuz olduğunu, sifarişin də onun tərəfindən verildiyini bildirdim. Boynuna almasa da bildirdi ki, əgər “Günay Bank”ın sahibi Mahmud Məmmədov torpaqlardan imtina edərsə o, polkovnikin həbsdən azad olmasına çalışar. Vəziyyətin həddindən artıq çətin, işin arxasında birbaşa R.Mehdiyev və kürəkəni İ.Əliyevin durduğunu M.Məmmədova bildirdim. M.Məmmədovun qətiyyətli olduğunu bildiyimdən mətbuat konfransı keçirmək üçün razılığını istədim. O, razılıq vermədi və bildirdi ki, əgər mətbuat konfransı olarsa bu, Əzizağa müəllimin uzun müddət həbsdə qalması ilə nəticələnəcək və buna görə də torpaqlardan istədikləri şəkildə imtina etməyə hazırdır. Mən razı olmaq istəməsəm də Mahmud müəllimin təkidi ilə yenidən danışıqlar üçün Dəvəçiyə qayıtdım və yenidən N.Novruzovla görüşdüm. Bu dəfə N.Novruzov dediklərindən imtina etdi. Ancaq 18 gün həbsdə qalandan sonra Əzizağa müəllimin torpaqlardan imtina edilməsi hesabına həbsdən azad edilməsinə nail oldum.
Keçmiş deputat, R.Mehdiyevin kürəkəni İ.Əliyevin bu sayaq onlarla cinayəti var. Mənə çox maraqlıdır, heç olmasa indi bunları araşdıran olacaqmı?!
Hüquqşünas Aslan İsmayılov
