“Ruben Vardanyan Qarabağa sərmayə qoymağa yox, pul yemək üçün gəlib” – Erməni politoloqbackend

"Ruben Vardanyan Qarabağa sərmayə qoymağa yox, pul yemək üçün gəlib" - Erməni politoloq

“Rusiya Federasiyası, Rusiya biznesi və çirkli pulların yuyulması ilə əlaqəsi olan şəxsin idarəçiliyə gətirilməsi yolverilməzdir”.

KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Edvard Antinyan Ruben Vardanyanı Qarabağdakı qondarma qurumun “dövlət naziri” təyin etmək təklifinə münasibət bildirərkən deyib.

O, Qarabağa Ermənistandan nə qədər pul köçürüldüyünü xatırladıb və indi bu vəsaitlərin Vardanyanın əlinə keçəcəyini bildirib.

“Ermənistan hakimiyyətinin problemi olacaq. Qərb bunu çirkli pulların yuyulması prosesi kimi qiymətləndirə bilər, çünki bunda Vardanyan ittiham olunur. Vardanyan da Qarabağa bütün çirkli pul “yuyanları” çağıra bilər. Bu addım çox təhlükəlidir”,- o deyib.

Antinyan qeyd edib ki, vaxtilə Qarabağ “hakimiyyətinin” Ermənistanda siyasi fəaliyyətlə məşğul olduğu, hakimiyyət orqanlarına hücum etdiyi, ölkədə Ermənistanla Qarabağ arasında gərginlik yaratdığı zamanlardan çox pis təcrübəsi var.

“İndi də eyni hekayədir. Ruben Vardanyan Ermənistanda fəal siyasətlə məşğuldur, partiyanı maliyyələşdirir, İrəvan Ağsaqqallar Şurasının seçkilərində iştirak etməyə hazırlaşır, həmçinin yerli hökumət seçkilərində də iştirak edib. Belə çıxır ki, bütün bunları Qarabağ rəsmisi maliyyələşdirir”,- deyə Antinyan hesab edir.

Onun fikrincə, Ermənistan hakimiyyəti Qarabağın bu qərarı ilə bağlı öz münasibətinə yenidən baxmalıdır, çünki bu qədər pulun başında Qərbin sanksiyaları altında olan şəxs olacaq.

“Ermənistan hakimiyyəti Qarabağ “hakimiyyətinə” izah etməlidir ki, bu addım Ermənistanın büdcə vəsaitləri ilə Qarabağda bir sıra layihələrin maliyyələşdirilməsini sual altına qoyur. Əgər Ruben Vardanyan Qarabağn Ermənistan büdcəsindən aldığı bütün o vəsaitləri kompensasiya etmək niyyətindədirsə, deməli, hər şey xoşdur. Lakin Vardanyan Qarabağa pul qoymağa yox, pul yeməyə gedib”, – deyə politoloq vurğulayıb.

Antinyan bilmir ki, Ermənistan rəhbərliyi əvvəllər Arutyunyanın qərarından xəbərdar olub, ya yox.

“Onun xəbəri olmasaydı, bu o deməkdir ki, Ermənistan Qarabağı maliyyələşdirməyi dayandırmalı olacaq və Qarabağ “hakimiyyəti” deyəcək: “Ermənistan ordusu burada yoxdur və onlar daha bizi maliyyələşdirmirlər, biz Azərbaycanla birbaşa danışıqlara başlayacağıq”.

Bu, Rusiyanın “patronajı” ilə xüsusi hazırlanmış bir oyundur. Rusiya Ermənistanla Qarabağ arasında son əlaqəni kəsmək üçün Ermənistanı Qarabağı maliyyələşdirməməyə məcbur etməlidir”, – o deyib.

Edvard Antinyan bir deyimi xatırladıb: “Balıqçı balıqçını uzaqdan görür”, yəni Arayik Arutyunyan çoxdan Vardanyanı “görüb”.

“Arayik Arutyunyan heç vaxt siyasətçi olmayıb, biznesmen olaraq qalıb. Sizcə, indi bu qədər problemi olan Rusiyadan Ruben Vardanyan vəsaiti çıxarıb Qarabağa gətirə bilərmi? Rusiya hakimiyyəti erməni biznesmenin Rusiya Federasiyasındakı bizneslərindən Ermənistana pul gətirməsinə icazə verməyəcək. Bir daha deyirəm: Ruben Vardanyan Qarabağa sərmayə qoymağa deyil, pullarını yumağa gəlib”, – deyə o fikrini tamamlayıb.

 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*