“Rusiya müharibə planını Qərblə birlikdə gizli şəkildə hazırlayıb” – Sensasion AÇIQLAMA – ÖZƏLbackend

“Rusiya müharibə planını Qərblə birlikdə gizli şəkildə hazırlayıb” – Sensasion AÇIQLAMA - ÖZƏL

Rusiya və Ukrayna arasında başlanan müharibə dünyanı dəhşətə gətirib. Artıq Rusiya ordusuna məxsus tankların Ukrayna ərazisində sərbəst şəkildə hərəkət etdiyi və bəzi ərazilərin işğal olunduğu haqda məlumatlar yayılıb. Hazırda dünyanın diqqət mərkəzində olan və bütün media manşetlərinin əsas xəbərinə çevrilən hadisələrlə bağlı tanınmış politoloq Cümşüd Nuriyev KONKRET.az-a özəl müsahibə verib:

Rusiyanın Ukraynaya hücum edəcəyi və müharibə başlayacağı gözlənilən idi?

– Müharibə gözlənilən idi. Bir çox politoloqlar müharibənin olacağını əvvəlcədən proqnozlaşdırırdı. Rusiyanın həm ölkə daxilində, həm beynəlxalq aləmdə, həm də yeni dünya düzənində iştirakı ilə bağlı çoxsaylı problemləri var. Putin müharibə etmək məcburiyyətində idi. Çünki öz gücünü göstərməyə və daxili gərginliyi aradan qaldırmaqğa ehtiyac vardı. Eyni zamanda Putin birinci Mariopolu tutacağını deyirdi. Bununla da Rusiyanın Krımla quru sərhədi olmamlı, birbaşa əlaqə yaradılmalı idi. Bunu da həyata keçirdi. Azovu Rusiyanın daxili dənizinə çevirmək istəyirdi. Bu da reallaşdı. Amma Rusiyanın burada digər maraqları da var. Birincisi Rusiya yeni güc mərkəzi kimi özünü təqdim etməli idi. İkincisi SSRİ-nin 100 illiyidir. Putin söz vermişdi ki, ona uyğun addım atacaq. Artıq Qazaxıstandan sonra Ukraynanın da Kremlin nəzarətinə keçiriləcəyi məsələsi gündəmə gəlmişdi. Bu təhlükədən Azərbaycan özünü çox ustalıqla sığortalamağı bacardı. Çünki imzalanan Bəyannamədə sərhəd bütövlüyü, daxili işlərə qarışmamaq və ərazi bütövlüyü məsələləri öz əksini tapıb. Yəni Azərbaycan bir növ Türkiyənin köməyi ilə sığortalandı. Amma digər ölkələr bundan sığortalanmayıb. Rusiyanın LXR və DXR-i tanımasından sonra başqa dövlətlər də bu respublikaları qəbul edəcək. Beqlarusla İttifaq dövləti artıq imzalanıb. İndi bura LXR və DXR, Cənubi Osetiya və Abxaziya, Qazaxıstan daxil olacaq. Ola bilər ki, təkcə Özbəkistan buna müqavimət göstərsin. Qalan ölkələrin hamısı İttifaqa istər-istəməz qoşulacaq. Burada yeganə olaraq özünü qoruyan Azərbaycan oldu. Rusiya yeni güc mərkəzi yaratdı. İkincisi Çinlə bağlı müəyyən problemlər həllini tapdı. Çin gizlin də olsa Rusiyanın əleyhinə işləyirdi. Amma indi bunu etməyəcək. Çünki Amerikanın zəiflədilməsi və Avropada çoxsaylı borcların yaranması onun maraqlarına uyğundur. Eyni zamanda müharibə ABŞ-ın da marağındadır. Çünki Rusiyadan 3 trilion dollar pul çıxarılıb. Bu pulların böyük hissəsi İngiltərə və digər Avropa dövlətləri ilə yanaşı, ABŞ-dakı banklara yatırılıb. Ən azı bu müharibədə maraqlı olan dövlətlər 2 triliona qədər vəsait qazanmağa çalışacaqlar.

Müharibə Rusiya və Ukraynada hansı fəsadlara gətirib çıxara bilər?

– Sanksiyalardan sonra Rusiya yaxın 4-5 il ərzində dövlət kimi çökəcək. Çünki xərcləri çoxalır. Putinə seçkilərdə qalib gəlmək lazım idi. Bu məsələni də həll etdi. Təsəvvür edin ki, Bayden DXR və LXR-i tanımadığını deyir, amma eyni zamanda bu ərazilərə investisiya qoymamağa çağırır. Bu siyasi cəhətdən elə həmin separatçı respublikaları tanımaq deməkdir. Görünən odur ki, Rusiya bu oyunu Qərblə birlikdə gizli şəkildə hazırlayıb. Təəssüf ki, Ukrayna Azərbaycanın 1992-ci ildəki taleyini yaşamağa başlayıb. Ən azı 30 il Ukrayna yarımcan bir dövlət olacaq. Onun gələcəyi isə çox böyük sual işarəsi altındadır. Putin Rusiyanın uçuruma getdiyini çox yaxşı bilir. Elə bu oyunu quran və idarə edən də Putindir. Biri var dağılma nəticəsində heç bir şey əldə edilməsin, biri də var ki, siyasi cəhətdən ən azı ərazisini genişləndirir, özünü güc mərkəzi kimi təqdim edir. Digər bir məsələ də ondan ibarətdir ki, Donbass Ukraynanın milli gəlirinin 20 faizini təmin edirdi. Bu çox böyük rəqəmdir. Nəzərə alaq ki, ən yaxşı və münbit torpaqlar da oradadır. İndi bütün bunların hamısı Rusiyaya qalacaq. Rusiyanın çökməsi bir az uzun çəkən bir prosesdir. Uzun müddət can verəcək. Putinin isə 70 yaşı var. Ona lazımdır ki, özü qəşəng yaşasın. Amma Rusiyanın xərcləri artdığına görə, ayaqda qala bilməyəcək və yaxın 3-5 il ərzində geri getməyə başlayacaq.

Avropa və ABŞ-ın sanksiyalarına cavab olaraq, Rusiya Qərbin qazını kəsə bilərmi?

– Amerika öz qazını satmağa çalışır. Onun üçün maraqlı olan budur. Şimali Avropa özünü qazla təchiz edə bilir. Şimal dənizindən çıxan qaz yataqları buna imkan verir. Cənubi Avropanı Azərbaycan qazla təmin edir. Artıq Qətər Avropanı 12 faiz qazla təmin edə biləcəyini açıqladı. Deməli Rusiya bunu öncədən hesablayıb və Qətərlə razılaşıb. İranın Rusiyanın tərəfində olacağı aydındır. Burada strateji dövlət kimi Türkiyə rol oynayacaq. Çünki bütün kəmərlər Türkiyə üzərindən Avropaya çıxarılır. Yəni bu dövlətlərin əhəmiyyəti artacaq. Hər bir dövlət öz maraqlarını güdür. İnanmıram ki, Avropa İttifaqına daxil olan hansısa dövlətin maraqlarına görə addımlar atılsın. ABŞ-ın əsas məqsədi özünün bahalı qazını Avropaya satmaqdır. Bütün oyunun başında bu məsələ dayanır. Avropa artıq qışdan çıxır. Ancaq gələn il Qərb üçün çox çətin olacaq. Ukrayna da dövlət kimi qaz təchizatı ilə bağlı çox ciddi problemlər yaşayacaq. Hətta özü Rusiyaya yalvarmaq məcburiyyətində qalacaq. İndi Zelenskini qızışdırıb ortaya atdılar. Onu hakimiyyətə də boş yerə gətirməmişdilər. Onlara lazım idi ki, hakimiyyət dəyişsin və demokrat adamın əli ilə dövləti çökdürsünlər. Ən azı bir 30 il Ukrayna çox çətin vəziyyətə düçar olacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az  

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*