Rusiyanı “pəhrizə” oturtdular: Süd, yumurta, yağ, gələcək…backend

Rusiyanı “pəhrizə” oturtdular: Süd, yumurta, yağ, gələcək...

Rusiyada əhalinin böyük hissəsi rəsmi göstəricilərə görə orta sinif hesab edilsə də, real həyat mənzərəsi getdikcə fərqli görünür. İnsanlar gəlirlərini deyil, artıq gündəlik xərclərini optimallaşdırmağa məcbur qalırlar. İqtisadi müşahidəçilər bunu “yeni yoxsulluq” adlandırırlar.

KONKRET.az xəbər verir ki, haqqin.az-ın Moskva müxbiri Oleq Kudryavskinin analitik yazısında qeyd olunur ki, Rusiyada son dövrlər insanların istehlak vərdişləri ciddi şəkildə dəyişib. Müəllifin fikrincə, vətəndaşlar artıq südü bir litr deyil, 950 millilitrlik qabda, 10 yumurtanı deyil, 9-luq qablaşdırmada, 250 qramlıq kərə yağını isə 180 qramlıq paketdə almağa başlayıblar.

Bu tendensiya iqtisadiyyatda “şrinkflyasiya” (shrinkflation) adlanır. Yəni istehsalçılar məhsulun çəkisini və sayını azaldır, lakin qiyməti əvvəlki səviyyədə saxlayırlar. Beləliklə, bahalaşma birbaşa görünməsə də, istehlakçı daha az məhsul əldə edir.

Oleq Kudryavskinin yazdığına görə, bu hadisə sadəcə marketinq hiyləsi deyil, cəmiyyətdəki dərin iqtisadi narahatlığın göstəricisidir. İnsanlar artıq hər qramı, hər yumurtanı hesablamağa başlayıblar. Qənaət isə strategiya olmaqdan çıxaraq gündəlik həyat tərzinə çevrilib.

Müəllif vurğulayır ki, Rusiyada ucuz diskont mağazalarının sürətli artması da məhz bu dəyişikliklərlə bağlıdır. Eyni zamanda daha bahalı supermarket və hipermarketlərin bazardakı payı azalır. Onun sözlərinə görə, 2017-2025-ci illər arasında bu seqmentin pərakəndə ticarətdə payı təxminən iki dəfə azalaraq 37 faizdən 21 faizə düşüb.

Analitik yazıda qeyd edilir ki, problemin əsas səbəblərindən biri əhalinin real gəlirlərinin artmamasıdır. Maaşlar nominal olaraq yüksəlsə də, onların alıcılıq qabiliyyəti eyni səviyyədə qalır və ya azalır.

Digər mühüm amil isə inflyasiyadır. Müəllifin fikrincə, rəsmi rəqəmlərdən daha çox hiss olunan bahalaşma xüsusilə ərzaq məhsullarında və kommunal xidmətlərdə özünü göstərir.

Kudryavski xüsusilə kredit yükünə diqqət çəkir. Onun yazdığına görə, milyonlarla rusiyalı ipoteka, avtomobil krediti və digər borclar altında yaşayır. Borc ödənişləri ailə büdcəsinin böyük hissəsini udur və insanları faktiki olaraq maliyyə sıxıntısı ilə üz-üzə qoyur.

Müəllif bu vəziyyəti belə xarakterizə edir: insan rəsmi olaraq yoxsul sayılmır, çünki işi və maaşı var, amma ayın sonunda əlində demək olar ki, heç nə qalmır.

Analitik yazıda bildirilir ki, “yeni yoxsulluq” 1990-cı illərin klassik yoxsulluğundan fərqlənir. Əvvəllər yoxsulluq açıq görünürdü və əsasən sosial təbəqənin ən zəif hissələrini əhatə edirdi. İndi isə bu vəziyyət ofis işçiləri, müəllimlər, həkimlər, mühəndislər və digər peşə sahiblərinə də yayılır.

“Yeni yoxsullar kostyum geyinir, metrodan istifadə edir, işə gedir, amma gələcək üçün pul yığa bilmir”, — müəllif yazır.

Kudryavskinin fikrincə, problemin ən böyük paradoksu ondan ibarətdir ki, dövlət statistikası bu insanları yoxsul kimi qəbul etmir. Onların gəliri rəsmi yaşayış minimumundan yüksək olduğu üçün sosial dəstək proqramlarından kənarda qalırlar.

Analitik hesab edir ki, əgər bu tendensiya uzun müddət davam edərsə, orta sinfin zəifləməsi sosial problemləri daha da dərinləşdirə bilər. İnsanların gələcəyə inamı azalacaq, uzunmüddətli planlar yerini gündəlik sağ qalma strategiyasına verəcək.

Müəllifin gəldiyi nəticəyə görə, “yeni yoxsulluq” artıq müvəqqəti iqtisadi çətinlik deyil, Rusiya cəmiyyətinin yeni reallığına çevrilməkdədir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*