Rusiyanın Finlandiyaya sürpriz cavabı nə olacaq? – AÇIQLAMAbackend

Rusiyanın Finlandiyaya sürpriz cavabı nə olacaq? – AÇIQLAMA

Finlandiya və İsveçin NATO-ya üzv olması məsələsi Rusiyanı təşvişə salıb.

Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova NATO-ya daxil olmaq istəyən Finlandiyaya cavabın “sürpriz” olacağını açıqlayıb. Rusiyanın artıq nüvə qüvvələrini Finlandiya sərhədinə köçürməyə başladığına dair məlumatlar var.

Maraqlıdır, Rusiyanın “sürpriz” cavabı nə olacaq? Şimal qonşumuz həqiqətən də nüvə silahından istifadə edə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Xəyal Bəşirli bildirib ki, Finlandiyanın alyansa qoşulmaqla bağlı müraciəti Rusiyanın nüvə başlıqlarından istifadəsinə səbəb olmayacaq:

“Rusiya SSRİ-nin varisi olaraq 1997-ci ildən bəri NATO-nun Şərqə doğru genişlənməsinə hər zaman sərt reaksiya göstərir. Şimal qonşumuzun vaxtilə Rusiyanın tərkibinə daxil olan Finlandiya məsələsi ilə bağlı mövqeyi Ukraynadakı müharibədən öncə də bəlli idi. Rusiya rəsmiləri Finlandiyanın NATO-ya qəbul edilməsi ilə bağlı dəfələrlə təhdid xarakterli fikirlər səsləndirib. Lakin indiki məqamda bu müraciətə cavab olaraq Rusiyanın nüvə silahından istifadə etməsi məntiqi deyil. Çünki bu addım artıq təkcə Qərb üçün yox, bütün dünya dövlətləri üçün qırmızı xətti keçmək deməkdir. Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bildirib ki, nüvə silahından istifadə heç kimi qalib etməyəcək. Düşünürəm ki, Finlandiyanın alyansa qoşulmaqla bağlı müraciəti Rusiyanın nüvə başlıqlarından istifadəsinə səbəb olmayacaq”.

Politoloq fikirlərinə belə davam edib:

“Finlandiya və İsveçin müraciətlərinin nəticəsi hələ elan olunmayıb. NATO-nun nizamnaməsinə görə alyansa daxil olan 30 dövlətin hər biri bunun lehinə səs verməlidir. Türkiyə bu məsələnin əleyhinədir. Bəzilər rəsmi Ankaranın bu mövqeyini Rusiyanın yanında yer alması kimi qiymətləndirir. Bütün bunlar tamamilə əsassız iddialardır. Türkiyə öz milli maraqlarını əsas götürərək əleyhinə səs verib. Bu gün Rusiya üçün yeni cəbhə açmaq məntiqsizdir. Kreml Ukraynada gözləmədiyi sürprizlərlə rastlaşdı. Əgər Putin təhlükə hiss edərsə, Avropa istiqamətində öz sərhədlərində nüvə başlıqları yerləşdirə bilər. Lakin bu o demək deyil ki, Kreml həmin başlıqlardan istifadə edəcək”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*