Rusiyanın neft-qaz şirkətlərinin müəmmalı şəkildə ÖLDÜRÜLƏN vəzifəliləri – Kim, necə, harada?backend

Rusiyanın neft-qaz şirkətlərinin müəmmalı şəkildə ÖLDÜRÜLƏN vəzifəliləri – Kim, necə, harada?

Rusiyanın “Lukoyl” neft şirkətinin vitse-prezidenti Vitali Robertusun öz kabinetində intihar etməsi yenidən diqqəti son illərdə bu ölkənin neft-qaz sektorunda çalışan yüksək vəzifəli şəxslərin ölüm hallarına cəlb edib.

Onlardan bəziləri ya Robertus kimi baş və ya ayaq ağrılarını bəhanə gətirərək dünyanı könüllü tərk etdiklərinin mənzərəsini yaradıblar, ya qətlə yetiriliblər, ya da gəmidən “yıxılıblar”.

KONKRET.az Rusiyanın neft-qaz şirkətlərindəki ən səs-küylü və müəmmalı ölümlərlə bağlı araşdırma yazısını təqdim edir.

Öncə “Lukoyl”un “qara” statistikasına nəzər salaq:

8 may 2022-ci il. “Lukoyl” neft şirkətinin keçmiş top-meneceri və milyarder Aleksandr Subbotinin ölüm xəbəri yayılır. O, Mıtişidəki evin zirzəmisində şamanın yanında seans zamanı dünyasını dəyişib. İstintaq Komitəsi ölümün kəskin ürək çatışmazlığından baş verdiyini bildirir.

1 sentyabr 2022-ci il. Moskvada Prezident Administrasiyasının Mərkəzi Klinik Xəstəxanasın böyük faciə yaşandı. “Lukoyl” şirkətinin direktorlar şurasının rəhbəri, birinci icraçı vitse-prezidenti Ravil Maqanov müalicə olunduğu xəstəxananın 6-cı mərtəbəsindəki palatanın pəncərəsindən yıxılaraq dünyasını dəyişdi. 67 yaşlı neftçinin cəsədini tibb personalı aşkar etmişdi. Polis bunu intihar kimi səciyyələndirdi.

24 oktyabr 2023-cü il. “Lukoyl” neft şirkətinin direktorlar şurasının sədri Vladimir Nekrasov vəfat edir. 66 yaşlı şəxsin ölümünün ürək çatışmazlığı ilə əlaqələndirilir. Bu vəzifədə o, faciəli şəkildə həyatını itirmiş Ravil Maqanovu əvəz etmişdi. O, 50 ilə yaxın neft-qaz sənayesində çalışmışdı. 1992–1999-cu illərdə “Lukoyl – Qərbi Sibir” “Koqalımneftqaz” MMC ərazi istehsal müəssisəsinin baş mühəndisi, baş direktoru vəzifələrində çalışıb. 1999-cu ildə şirkətin baş direktoru vəzifəsinə qədər yüksəldi. 2005-ci ildən başlayaraq Nekrasov “Lukoyl”un birinci vitse-prezidenti olub, 2018-ci ildə isə şirkət prezidentinin müşaviri olub.

İndi isə keçək  “Qazprom”a və digər şirkətlərə:

30 yanvar 2022-ci il. Peterburqun Leninsk qəsəbəsində “Qazprom invest” nəqliyyat xidmətinin rəhbəri Leonid Şulmanın meyiti tapılır. Bu ölüm hadisəsi intihar kimi səciyyələnir. Guya 60 yaşlı şəxs ölüm qabağı yazdığı qeyddə bir müddət öncə ayağı sındığına görə ağrılara dözə bilmədiyini və intihar etdiyini etiraf edib. Yeni il tətilində həmin qəsəbədə ayağını sındıran şəxsin ayağında sümükləri birləşdirən “İlizarov aparatı” varmış. Odur ki, məktubun məzmunu müstəntiqlərdə şübhə doğurub. Şulmanın yüksək keyfiyyətli ağrıkəsiciləri ala bilmədiyi inandırıcı görünmürdü.

22 fevral 2023-cü il. Boris Yeltsinin kürəkəni Leonid Dyaçenkonun “Urals Energy N.V”şirkəti üzrə eks-ortağı, iri neft biznesmeni Vyaçeslav Rovneykonun meyiti Moskva ətrafında yerləşən Odintsovo şəhər dairəsindəki evində tapıldı.

1959-cu ildə anadan olmuş Rovneyko MDBMİ-nin məzunu olub. 1980-ci illərdə “Soyuznefteexport”da və Belçikada işləmişdi. Sonradan “Komi Oil Company-Urals” şirkətinin birinci vitse-prezidenti olur. 2000-ci ildə Yeltsinin qızı Tatyana Dyaçenkonun əri olan Leonid Dyaçenko ilə birlikdə “Urals Energy N.V.” şirkətini qurur. Bu şirkət 2005-ci ildə London Fond Birjasında ilkin səhmlərini yerləşdirərək (IPO) 131 milyon dollar cəlb edə bilmişdi.

25.02.2022. “Qazprom”un korporotiv təhlükəsizlik üzrə Vahid Hesablama Mərkəzi baş direktorunun müavini Aleksandr Tulyakovun meyiti səhər saatlarında Peterburqun Leninsk qəsəbəsindəki evdə aşkarlanır. 61 yaşlı baş direktor müavininin intihar etdiyi versiyası irəli sürülür və onun ölümqabağı qeydi heç açıqlanmır da.

5 iyul 2022-ci il. Peterburqda “Qazprom”un Sankt-Peterburq yaxınlığındakı “Dəniz terrasları” kottec qəsəbəsinin ərazisindəki hovuzda “Astra Shipping” şirkətinə rəhbərlik edən 61 yaşlı Yuri Voronovun meyiti tapılır. “Qazprom”un Arktika müqavilələri üzrə də işləyən Voronov başından aldığı güllədən ölmüşdü. Polis hadisə yerinin yaxınlığında travmatik tapança tapmışdı. Amma tapançanın kimə məxsus olduğu üzə çıxmadı. İş adamının həyat yoldaşının sözlərinə görə, o, iyulun 1-də Leninqrad vilayətinə gedib və bundan öncə iş ortaqları ilə münaqişə edib.

4 aprel 2023-cü il. Yakutiyanın istintaq təcridxanasında Baş direktorun birinci müavini – “Yakutskenergo” PSC-nin baş direktorunun birinci müavini – baş mühəndis İqor Şkurko vəfat edir. Saxlanılması və həbsi gizli saxlanılan baş mühəndisin rüşvət üstündə yaxalandığı bildirilir. Şkurko bununla razılaşmır və məhkəməyə müraciət edir. Bir müddət sonra isə onun həbsdə intihar etdiyi bildirilir.

1974-cü ilin fevralında Yakutiyanın Aldan rayonunda anadan olmuş İ.Şkurko həmin rayon üzrə Deputatlar Şurasının deputatı və “Vahid Rusiya” hakim partiyasının üzvü idi. Amma məhkəmənin qərar verilməmiş o, partiya sıralarından xaric edildi.

18.04.2022. Ailə faciəsi “Qazprombank”ın vitse-prezidenti Vladislav Avayevin də başına gəldi. Moskvada vitse-prezidentin, hamilə həyat yoldaşının və 13 yaşlı qızının meyiti tapıldı. Avayev bundan öncə Dövlət Dumasında və Rusiya prezidentinin İşlər İdarəsində çalışmışdı. Müstəntiqlərin ilkin versiyasına görə, guya Avayev öncə tapança ilə arvadını və qızını güllələyib, sonra da özünü öldürüb. Bu versiya tapançanın vitse-prezidentin əlində tapıldığına görə irəli sürülmüşdü. Onların fikrincə, qısqanclıq və ya qızlarının qəyyumluğu ilə bağlı məsələlər həyat yoldaşları arasında münaqişəyə səbəb ola bilərdi. Halbuki, bu ağlabatan deyildi, çünki Avayev qızı üzərində qəyyumluq hüququnu əldə etmişdi. O, bu cür qəddar şəkildə uğrunda inadla mübarizə apardığını övladını öldürmək qərarına gələ bilməzdi.

21.04.2022. Daha bir gözlənilməz ölüm “Novatek” qaz şirkətinin top meneceri Sergey Protosenyanın başına gəldi. Onun cəsədi İspaniyanın Lyoret-de-Mar kurort şəhərciyində yerləşən evin bağçasında asılmış halda aşkarlandı. Amma bu dəfə təkcə top-menecer deyil, həm də onun ailə üzvlərinin də bıçaqlanaraq öldürüldüyü müəyyənləşdrildi. Bu ailədən yalnız önlarla birlikdə istirahətə getməyən oğul sağ qaldı.

5 iyul 2022-ci il. “KAMAZ” PSC-nin Texnologiya Mərkəzinin direktor müavini – İnnovativ inkişaf və qabaqcıl texnologiyalar xidmətinin rəhbəri, 62 yaşlı Valeri Adariçev aldığı bıçaq xəsarətlərindən mənzilində ölüb. Onun ölümünə görə oğlu şübhəli şəxs qismində saxlanılır. Məlum olur ki, V.Adarıçev evə qayıtdıqdan sonra televizorun mənzildən yox olduğunu görür. Buna görə tətilə gəlmiş tələbə oğlundan şübhələnir. Mübahisə zamanı oğul atasına bıçaqla 2 ölümcül xəsarət yetirir. Ata övladının gözü qarşısında canını tapşırır. Bu vaxt evə qayıdan anası isə oğul bıçaqla yaralayır.

10 sentyabr 2022-ci il. Uzaq Şərq və Arktika İnkişaf Korporasiyasının (KRDV) Aviasiya Sənayesi üzrə İdarəedici Direktoru İvan Peçorin “Rusiya adası” akvatoriyasında katerdən yıxılaraq sulara qərq olur. 1983-cü il təvəllüdlü şəxsin meytinin axtarışında şəhər və diyar dalğıcları iştirak edirlər.

28 sentyabr 2022-ci il. “Rusiya Dəmir Yolları” QSC-nin “Rəqəmsal logistka” törəmə şirkətinin kommunikasiyalar üzrə direktoru Pavel Pçelnikov Moskvada vəfat edib. 52 yaşlı direktorun meyiti səhər erkən öz mənzilinin eyvanında tapılıb. Onun da intihar etdiyi bildirildi. Halbuki bir ay əvvəl Pçelnikov istirahətindən zövq alır, əyləncəli fotolar paylaşırdı. Adamı bu çarəsiz addım atmağa sövq edən şey sirr olaraq qaldı.

Necə deyərlər, “ya zəlzələdən, ya vəlvələdən”. Bu şəxsləri heç “qara/mavi qızıl”ın qaqzandırdığı pullar da xilas edə bilməyib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*