Sərnişindaşımada yenilik – “İnterval niyə azaldılmır?”backend

Sərnişindaşımada yenilik - "İnterval niyə azaldılmır?"

Üztanıma texnologiyası vasitəsilə qatarlarda ödənişi həyata keçirən bir çox ölkə var. Məsələn, illərdir Çin, Rusiya, Yaponiya və Qazaxıstan bu texnologiyanı metro və qatar ödəniş sistemlərində tətbiq edirlər. Bu texnologiya, ödəniş prosesini sürətləndirmək və təhlükəsizliyi artırmaq məqsədi daşıyır.

Bəs Azərbaycanda bu texnologiyanın tətbiqi nə dərəcədə uğurlu olacaq?

KONKRET.az xəbər verir ki, Azərbaycan İnformasiya, Rabitə və Texnologiyalar Sənayesi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov bunun tətbiqinin ölkəmizdə təhlükəsizlik baxımından uğurlu ola biləcəyini vurğulayıb:

“Nəhayət ki, “Azərbaycan Dəmir Yolları” stansiyalarında növbəti ildən sərnişinlərin üztanıma texnologiyası vasitəsilə ödənişlərini həyata keçirməsi planlanır. Bu həm təhlükəsizlik, həm də rahatlıq baxımından əhəmiyyətli bir addım olduğunu düşünürəm. ADY bu yeniliyi, yeni nəsil biometrik imza olan SİMA ilə həyata keçirəcək. Rəsmilər qeyd edir ki, proses artıq test mərhələsindədir və uğurlu nəticələr əldə olunarsa, gələn ildən istifadəyə veriləcək. Bu cür texnologiyaların tətbiqi, rəqəmsal transformasiyanın bir hissəsidir və xüsusən də nəqliyyat sektorunda innovativ həllərin genişlənməsi ilə sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini daha da asanlaşdıracaq”.

Ekspert başqa bir məqama da diqqət çəkib:

“Fürsətdən istifadə edərək bir məqama daha toxunmaq istəyirəm. Sosial şəbəkələrdə, metro və dəmir yolları qatarlarında sərnişinlərin çoxluğu səbəbindən sıxlıqdan şikayət edən istifadəçilər tez-tez müşahidə olunur. Bu qədər şikayətə rəğmən qatarların intervalı niyə azaldılmır, açığı mənə məlum deyil, ola bilsin qatar çatışmazlığı var. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov “Gələcək üçün dayanıqlı nəqliyyat” tədbirindəki çıxışında qeyd edib ki, qarşıdakı aylarda “Azərbaycan Dəmir Yolları” və “Bakı Metropoliteni” yeni qatar və vaqonlarla təchiz ediləcək. Həmçinin yaxın illərdə Azərbaycanın dəniz donanması 20-yə yaxın gəmi ilə yenilənəcək. Elmin Məmmədov aviasiya parkının 30-dan çox müasir təyyarə ilə yenilənməsini görülən işlərin təzahürü kimi qeyd edib”.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*