Səviyyəsiz verilişlər bağlanacaq? – Telekanallar suala cavab verməkdən İMTİNA ETDİbackend

Səviyyəsiz verilişlər bağlanacaq? – Telekanallar suala cavab verməkdən İMTİNA ETDİ

Telekanallar öz rəhbərlərinin bayağı və bəsit verilişlər səbəbindən Prezident Administrasiyasına çağırılması xəbərinə münasibət bildirmirlər.

Hər halda KONKRET.az əməkdaşlarının dünəndən etibarən ATV, Xəzər və ARB telekanalları ilə əlaqə saxlamaq cəhdlərinin nəticəsiz qalması bunu göstərir.

Sual çox sadə idi: Əgər telekanal rəhbərləri ilə Prezident Administrasiyasında görüş olubsa, onlar cəmiyyətdə qıcıq doğurmuş bir sıra şou və sosial verilişlərlə bağlı hansı addımları atacaqlar?

Amma çoxsaylı cəhdlərimizə baxmayaraq, kanalların heç biri bu sadə sualı cavablandırmaq istəmədi. Sualımızı eşidən kimi “bir qədər sonra sizlə özümüz əlaqə saxlayacağıq” deyərək telefonu qapatdılar.

Təəccüblənmədik: adi suala cavab verə bilməyənlər yaradıcılıq baxımından irəli gedə bilməzlər. Onların ərsəyə gətirdikləri verilişlər də elə bəsit və bayağı olmalıdır. “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, Yaxşılığa doğru” kimi…

Bəlkə telekanal rəhbərlərinin yaranmış durumdan xəbərləri yoxdur?! Elə isə biz onları durumdan hali edək.

Xəbəriniz varmı ki, cəmiyyətin düşüncəli kəsimi  Azərbaycan telekanallarına baxmağı “mənəvi işgəncə” adlandırır?! Cəmiyyətimizin nüvəsini təşkil edən bu təbəqə yerli telekanallara baxmaqdan imtina edib. Hətta bəziləri daha radikal qərar qəbul edərək, yerli telekanalları öz kabel sistemlərində bloklayıblar.

Maraqlıdır, telekanal rəhbərləri özləri həmin verilişləri izləyirdilərmi? Qüdrətli sənətkar Habil Əliyev demişkən, vaxtilə BBC kimi nəhəng yayım korporosiyasında uzun illər çalışmış Azər Xəlilov və ya “Şən və Hazırcavablar Klubu” vasitəsilə şöhrətlənmiş Murad Dadaşov, Vado Korovin kimi incə zövq sahibi olan rəhbərlər həmin verilişlərə necə dözürlər?! Məgər bu biabırçı vəziyyətə son qoyulması üçün onlara mütləq Prezident Administrasiyasından xəbərdarlıq edilməli idi?!

Axı söhbət hansısa fərdlərdən deyil, bütövlükdə cəmiyyətin taleyindən gedir. Telekanal rəhbərlərinə “Bizə ağılsız, xəstə düşüncəli, yöxsa sağlam, ağıllı, savadlı, məntiqli, ölkəmizi inkişafa aparacaq cəmiyyət lazımdır?” sualını versən, əlbəttə ki, ikinci qismi seçəcəklər. Elə isə, nədən cəmiyyətimizi mənəvi cəhətdən şikəstliyə aparan verilişlərin ayaq açıb yeriməsinə imkan verirsiniz?

İndi telekanallardan ucuz “şou” proqramlar hazırlamağı, insanları ictimai-siyasi mövzulardan uzaq tutmağı tələb edən Ramiz Mehdiyev–Əli Həsənov tandemi də yoxdur. “Kadr yoxdur” bəhanəsi də burada işə yaramır. İstənilən telekanal kadrları özü yetişdirə bilər. Bunun üçün yalnız istək və axtarış lazımdır. Baxın, ölkəmiz necə qüdrətli ordu yetişdirib. Yəni Nizami Gəncəvi, Məhəmməd Füzuli, Üzeyir Hacıbəyli, Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı, Fikrət Əmirov və adlarını bir yazıya sığışdıra bilməyəcəyimiz çoxlu sayda dahi və qüdrətli şəxsiyyətlər yetişdirmiş, misilsiz mədəni irsə malik xalqımız öz ağıllı, zövqlü teleməkanını formalaşdırmaqda belə acizdirmi?!

Yeri gəlmişkən, İctimai Televiziya artıq bu nümunəni göstərməkdədir. Əlbəttə, İTV-nin dünya televiziya standartlarına tam uyğun gəldiyini deyə bilməyəcəyik, amma heç olmasa ortada cabalama var. İTV-nin baş direktoru öz millətimizin nümayəndəsidir, Marsdan və ya Yupiterdən gəlməyib ki? Bəlkə, siz də hərəkətə keçəsiniz, cənablar! Çünki hamımız teleməkanımızın inkişafında çox maraqlıyıq. Evimizə çağırılmamış gələn qonağa rahat şəkildə baxmaq, mənəvi zövq almaq bizim də haqqımız deyilmi?

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*