Xaricdə yaşayan bir neçə anti-azərbaycanlı ünsür aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı hotelə daxil olmaq istəyib. Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə operativ şəkildə müdaxilə edərək həmin şəxsləri peşəkarlıqla zərərsizləşdiriblər və təxribat cəhdinin qarşısını alıblar.
Baş verən olay Bakıya qarşı mümkün təxribatların arxasında hansı qüvvələrin dayandığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, Azərbaycan Qarabağ müharibəsindən sonra daha müstəqil xarici siyasət yürütməyə çalışır və bu proses bəzi beynəlxalq gücləri narahat edir.

“Dünyada yeni siyasi oyunçuların meydana çıxmasını istəməyən hegemon qüvvələr mövcuddur və vaxtilə onların təsir dairəsində olmuş ölkələrin müstəqil siyasət aparması həmin mərkəzlərin maraqlarına uyğun gəlmir. Azərbaycanın regional balansı dəyişməyə yönəlmiş addımları müəyyən dairələri qıcıqlandırır və bu səbəbdən müxtəlif formatlarda təxribat cəhdləri mümkündür”.
Partiya sədri iddia edib ki, bu prosesdə xüsusilə Rusiya amili önə çıxa bilər. O, həmçinin Qarabağ məsələsinin nəticələri ilə barışmadığını söyləyən erməni lobbi qruplarının və bəzi digər beynəlxalq qüvvələrin də belə təşəbbüslərdə iştirak ehtimalını istisna etməyib.
“Əsas məsələ təxribatların kim tərəfindən törədilməsindən çox, dövlətin və cəmiyyətin bu cür risklərə hazırlığıdır. Ölkə daxilində milli həmrəyliyin qorunması və siyasi barışığın gücləndirilməsi xarici təsirlərin qarşısını almaqda əsas amildir.
İkinci Qarabağ müharibəsi dövründə xalq, iqtidar və müxalifət arasında formalaşan birlik müxtəlif təzyiq və təxribatların təsirsiz qalmasına səbəb olmuşdu. Müharibədən sonra da bu birlik qorunmalı, daxili siyasi qarşıdurmalar minimuma endirilməlidir”.
Abbaslının fikrincə, milli barışıq mühitinin formalaşdırılması istiqamətində əsas məsuliyyət ölkə hakimiyyətinin üzərinə düşür və bu proses davamlı şəkildə inkişaf etdirilməlidir.
Müşviq Tofiqoğlu
KONKRET.az
