Ölkəmizin hər bir rayon və şəhərində Şəhidlər xiyabanı yerli sakinlərin və qonaqların tez-tez ziyarət etdiyi və xüsusi ehtiramla yanaşdığı bir məkandır.
KONKRET.az xəbər verir ki, nocomment.az-a oxuculardan biri bu günlərdə Sumqayıt şəhər Şəhidlər xiyabanında müşahidə etdiyi xoşagəlməz bir mənzərə barədə məlumat verib.
Belə ki, 1-ci Qarabağ müharibəsi zamanı həyatlarını fəda etmiş iki şəhid məzarının başdaşı üzərində olan adların sonradan düzəliş edilməsi nəticəsində şəhid məzarına yaraşmayan hal müşahidə olunub.
1992-ci ildə şəhid olmuş Kərimov İsgəndər Hamlet oğlu və 1994-cü ildə şəhidlik zirvəsinə yüksəlmiş Adıyev Zakir Allahyar oğlunun adlarının sonradan redaktəsi başdaşı üzərində qüsurlu şəkildə öz əksini tapıb. Hansı ki, bu düzəlişləri başdaşlarını dəyişməklə həyata keçirmək ən doğru addım olardı.
Xatırladaq ki, Sumqayıtın Şəhidlər xiyabanında uyuyan 500-ə yaxın vətən oğlunun məzar daşlarının xərci Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən qarşılanır və bu daşlar Ukraynadan gətirilərək burada düzəldilir.
Əminik ki, şəhər icra hakimiyyətinin bu işi həvalə etdiyi qurum rəhbəri məsuliyyətsizliyinə və diqqətsizliyinə görə lazimi cəzanı alacaq və ən qısa müddətdə şəhid adına yaraşmayan bu qüsur aradan qaldırılacaq.
Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovun şəhidlərimizə və onların doğmalarına həssas münasibətini bilərək, qeyd olunanların tezliklə müsbət həllini tapacağına ümid edirik.
