Əslən şuşalı olan Xalq artisti Firəngiz Mütəllimova ordumuzun qazandığı qələbələr ilə bağlı öz sevincini Musavat.com-un əməkdaşı ilə bölüşüb.
KONKRET.az xəbər verir ki, xalq artisti bildirib ki, işğalda olan torpaqlarımızın tezliklə azad olunacağını böyük ümidlə gözləyir: “Hər zaman, hər an Şuşanın həsrətindəyik. İnanıram ki, Şuşa və digər işğal olunmuş müqəddəs torpaqlarımız azad olunacaq. Biz buna əminik. Mən Şuşanın havasını udub, o dolamaları çıxmaq istəyirəm.
İki gündür ordumuzun qazandığı qələbələrə o qədər böyük sevincliyəm ki, bu hisslərimi sözlə ifadə edə bilmirəm.
Sanki yuxudayam. Qorxuram ki, yuxudan ayılaram və bunun yuxu olduğunu görərəm. Mən bütün əsgər və zabitlərimizə can sağlığı arzulayıram. Tanrı əsgərlərimizə yar olsun, qorusun. Biz illərdir ki, bu günü gözləyirdik və gün həmin gündür!”
Xalq artisti hər kəsi birliyə səsləyib:
“Bu gün hər birimiz prezidentimiz, ordumuz, xalqımızın ətrafında birləşməli, bir olmalıyıq. Hər şey vətən, cəbhə üçündür. Dualarımız əskik olmamalıdır.
Biz öz torpaqlarımızı istəyirik və bu bizim haqqımızdır. 30 ildir ki, Qarabağın işğaldan azad olunmasını gözləyirik. Bundan artıq gözləməyə səbrimiz yoxdur. Allah Azərbaycana, ordumuza kömək olsun!”
