“Talıstan” istirahət mərkəzi insanları necə aldadır? – ARAŞDIRMA – VİDEObackend

“Talıstan” istirahət mərkəzi insanları necə aldadır? – ARAŞDIRMA - VİDEO

Köhnə il geridə qalsa da, bayram gecəsi yaşananlarla bağlı söz-söhbətlər səngimək bilmir. Bu söz-söhbətlərin mərkəzində isə çox vaxt restoran və istirahət mərkəzlərinin cəlbedici təkliflər verməklə insanları aldatmaları dayanır. Büdcəsinə uyğun olaraq bəzi insanlar təzə ilin gəlişini evində qarşılasalar da, bir çoxları restoran və istirahət mərkəzlərinə getməyi üstün tutur. Elə işbazlar da bundan məharətlə istifadə edərək insanların “cibinə girməyə” cəhd göstərir. İstirahət mərkəzlərində və restoranlarda Yeni il gecəsi qiymətlər “ceyran belinə” qalxır. Hərə öz obyektini tərif edərək və müxtəlif vədlər verərək bir növ “müştəri ovuna” çıxır. Qala konsert, tanınmış müğənnilər, zəngin menyu, Şaxta baba, Qar qız və sairə əyləncə dolu vədlər istirahət mərkəzlərinin reklam afişasında öz əksini tapır və adama gəl-gəl deyir. Ancaq təəssüflər olsun ki, bir çox hallarda verilən vədlər yerinə yetirilmir və insanların arzuları gözündə qalır. Elə Yeni ili dilbər guşələrimizdən bir olan İsmayıllıda qarşılamaq eşqi ilə “Talıstan Palace”-a yollanan vətəndaşın da ümidləri beləcə puça çıxıb.

KONKRET.az-ın redaksiyasına adının çəkilməsini istəməyən vətəndaşın ünvanladığı şikayət məktubundan aydın olub ki, Yeni ili adıçəkilən istirahət mərkəzində qarşılamağı planlaşdıran ailə verilən vədlərin heç biri ilə razı salınmayıb. Əksinə restoranın soyuq olması, qala konsert adı ilə tanınmayan bir müğənninin səhnəyə çıxarılması, uşaqlar üçün heç bir özəl yeni il proqramının hazırlanmaması vətəndaşın əyləncə həvəsinin üzərindən xətt çəkib. Ödədiyi 800 azn-lik xidməthaqqı müqabilində gecədən imtina edərək isti kotecə sığınan müştərinin və ailəsinin yeni il istirahəti alt-üst olub. Bu barədə mərkəz rəhbərliyinə şikayətdən sonra isə yalnız 200 manatı böyük çətinliklə geri qaytarılıb. Ancaq “8 qəpiklik” xidməti ilə yadda qalmayan “Talıstan” istirahət mərkəzi vətəndaşa təkcə maddi ziyan vurmayıb, o, həm də puç olmuş Yeni il xəyyaları ilə mənəvi zərbə alıb. Ortada isə heç bir kompensasiyanın olmaması vətəndaşı əməlli-başlı özündən çıxarıb.

Sözügedən məsələ ilə bağlı “Talıstan” istirahət mərkəzinin meneceri Ramiz Həsənov KONKRET.az-a açıqlamasında vətəndaş tərəfindən səsləndirilən iddiaların böhtan olduğunu deyib: “Müştəri bizi məhkəməyə verməklə təhdid edir. Biz də bildirdik ki, ölkə qanunlarına əsasən hansı instansiyaya istəsə müraciət edə bilər və bunun əsasında da araşdırma aparılması mümkündür. Əgər verdiyimiz vədlərdə yanlışlıq varsa, cəza almağa razıyıq. Hamıya elan olunmuşdu ki, saat 19:30-da yığıncaq başlayacaq. Saat 21:00-da bu adamlar “bizim xoşumuz gəlmir” deyərək zalı tərk etdilər. Nəyi bəyənmədiklərini anlamadıq. Onlardan başqa 16 kotecin hamısı öz yerində qaldı. Bayram günü verilən vədlərin hamısını yerinə yetirmişik. İçəridə 22 dərəcə istilik olub. Necə olur ki, içəridə qısa ətək və nazik paltarda oturan insanlar soyuq olduğu haqda heç bir irad bildirmədi, ancaq bu şəxslər temperaturdan narazı qaldılar? Biz hətta ödənilən 800 azn xidməthaqqının 200 manatını müştəri narazı qalmasın deyə geri qaytardıq”.

“Talıstan” istirahət mərkəzinin meneceri qala konsert məsələsi ilə bağlı səsləndirilən iddialara da aydınlıq gətirib: “Biz heç kimə Röya Ayxanı, yaxud Aygün Kazımovanı gətirəcəyimizə dair söz verməmişik. Həmin vətəndaşla telefon yazışmalarımız durur, lazım olsa təqdim edə bilərik. Bizdən soruşdu ki, müğənni olacaq, “bəli” cavabını verdim. Hansı müğənni olacaq sualına isə “orta səviyyəli” deyə fikir bildirdim. Orta səviyyəli müğənni dediyimiz isə Rövşən Teymurov idi. Bizim ötənilki şənliklərimizdə də bu müğənni çıxış edib və kütləni ələ almağı bacarır. Menyu isə 59 azn-lik idi və bununla bağlı heç bir problem yaşanmayıb. O ki qaldı əlavə pulun qaytarılmasına, bu, mümkün deyil. Bizim həmin vətəndaşa əlavə olaraq qaytarılacaq heç bir pulumuz yoxdur”.

KONKRET.az məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin çağrı mərkəzinə də müraciət edib. Çağrı mərkəzinin əməkdaşı vətəndaşın iddiaları ilə bağlı bildirib ki, əgər tədbirin təşkilatçıları öncədən vəd verdikləri məsələləri yerinə yetirmirlərsə, bu, ilk növbədə reklam haqqında qanunun, daha sonra isə istehlakçıların hüquqlarının pozulmasıdır: “Əgər vətəndaş Dövlət Xidmətinə rəsmi müraciət etsə, o zaman şikayətinə baxılacaq və araşdırma aparılacaq. Ancaq restoranın soyuq olması ilə bağlı iddianı sübut etmək çətindir. Yəni bu, problemli məsələdir. Əgər vətəndaş haqlı narazılıq bildirirsə və ya həqiqətən aldadılıbsa, o zaman etdiyi ödəniş tam şəkildə geri qaytarılmalıdır. İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqda Qanunun 9-cu maddəsində qeyd olunub ki, istehlakçının müqavilədən imtina etmək və ödədiyi pulu geri qaytarmaq hüququ var. Əgər obyekt ödənilən pulu geri qaytarmırsa, bu məsələ İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir və adətən iş məhkəmələrdə öz həllini tapır”.

KONKRET.az mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun da fikirlərini öyrənib. O bildirib ki, yeni il şənlikləri ilə bağlı demək olar ki, hər il problemlər yaranır: “Köhnə hədiyyələrin verilməsi, tədbirin aşağı səviyyədə keçirilməsi, reklam olunduğu kimi qonaqların qarşılanmaması çox yayılan problemlərdəndir. “Talıstan” istirahət mərkəzində belə halın yaşanması xoşagələn deyil və istehlakçı hüquqlarının pozulması deməkdir. Təəssüflər olsun ki, “Talıstan”da vaxtaşırı belə problemlərə rast gəlinir. Servis xidməti orada adi vaxtlarda da lazımi səviyyədə deyil. Məsələn, səhər yeməyinə verilən vədlər bəzən yarımçıq yerinə yetirilir. Həmçinin istehlakçılara xidmət müqabilində ödənilən vəsaitə görə kassa çeki də təqdim olunmur. Düşünürəm ki, istehlakçı həmin an bu barədə rəhbərliyə irad bildirməli və lazım olan qədər pulunu geri almalı idi. Lakin hadisə artıq baş verib. Əgər istehlakçı bizə rəsmi ərizə ilə müraciət etsə, onun tələbinə uyğun olaraq hüququnu qorumağa və pulun müəyyən hissəsini geri qaytarmağa kömək edə bilərik. İstehlakçıların hüquqlarının pozulması onların aldadılması kimi xarakterizə olunur və təəssüf ki, bu cür hadisələr “Talıstan” istirahət mərkəzində çox yaşanır”.

Görünən odur ki, qanun istehlakçıların tərəfindədir. Əgər istehlakçı həqiqətən aldadılırsa və bunu sübuta yetirəcək faktları varsa, o zaman qanunun verdiyi üstünlüklərdən yararlana və öz hüquqlarını tam şəkildə bərpa edə bilər. İnanırıq ki, restoran və istirahət mərkəzləri yerinə yetirə bilmədikləri vədlərlə insanları aldatmayacaqlar.

Müşviq Tofiqoğlu,

Sevinc Paşayeva,

KONKRET.az

P.S. İstirahət mərkəzindən redaksiyamıza göndərilən videodan da Yeni il şənliyinin çox sönük və maraqsız keçirildiyi aydın görünür. Bu isə verilən vədlərin yerinə yetirilmədiyini sübut edərək müştərinin haqlı narazılığına əsas verir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*