Tehranın separatçı PLANI: “Azərbaycanla bacara bilmədiyi üçün xalqı içindən bölməyə çalışır” – ƏTRAFLIbackend

Tehranın separatçı PLANI: “Azərbaycanla bacara bilmədiyi üçün xalqı içindən bölməyə çalışır” – ƏTRAFLI

“İranla bağlı iki məqam var. Birincisi odur ki, İranın Azərbaycanda casus şəbəkəsi mövcuddur. Ətrafına da xeyli kütlə toplamağa çalışır”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) Başqanı Anar Əsədli səsləndirib. Onun sözlərinə görə, İranın dini siyasətə çevirdiyi məlumdur. Bəzi şiələr də düşünür ki, din elə İran deməkdir: ““Nardaran hadisələri”ndən tutmuş “Hüseynçilər” adı altında Suriyaya gedənlərə qədər, bütün məsələlərdə İranın izinin olduğu aşkardı. Ancaq unutmaq olmaz ki,  Azərbaycanda bütün şiələr İran aşiqləri deyil. Bu informasiyalar da böyük ehtimalla “İrançı” şəbəkələrin sabotajıdır. Düşünmürəm ki, bu qrup mətbuatda deyildiyi səviyyədə təşkilatlanmış olsun. Azərbaycanın xüsusi xidmət orqanları bu cür separatçı qruplaşmaları görməzdən gələcək qədər naşı deyil. İran praktiki olaraq Azərbaycanla bacara bilmədiyi üçün, bu cür təxribatlara əl atıb, xalqı içindən bölməyə çalışır. Buna görə də “bütün şiələr İran aşiqidir” fikri real deyil yanlışdır və zərərlidir”.

AY Partiya Başqanı ikinci məqamın daha vacib olduğunu diqqətə çatdırıb: “Təxminən 1 il əvvəl – noyabrın 7-də Milli Məclisin İntizam komissiyası deputat Bəhruz Məhərrəmov barəsində intizam tədbirinin tətbiqinə qərar verib. Buna səbəb Bəhruz Məmmədovun parlamentin 2020-ci il noyabrın 6-da keçirilən plenar iclasında İran və İranın ali rəhbərinin ünvanına səsləndirdiyi tənqidi fikirlər olub. Komissiya hesab edib ki, deputatın fikirləri Azərbaycan və İran arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir. Deputat çıxışlarında məsuliyyət hissini rəhbər tutmalı, Azərbaycanın milli maraqlarını daim nəzərə almalıdır. Komissiyanın üzvləri bildiriblər ki, Bəhruz Məhərrəmovun səsləndirdiyi fikirlər heç bir halda parlamentin mövqeyini ifadə etmir. Onların fikrincə, xalqlarımız və dövlətlərimiz arasında dostluq münasibətlərinə heç kəs xələl gətirə bilməz. Məşhur ifadədə deyildiyi kimi: Nə oldu? Kim xələl gətirdi bu dostluğa? Uzun zamandır, vurğulayırıq ki, müxalifət dövlətin strateji sütunudur, xarici təhdidlərin qarşısında dövlətin əlini gücləndirəcək manevr imkanlarına sahibdir, hakimiyyət təmsilçiləri deyir “yox, hər şeyi biz bilirik”. Budur, sizin bildikləriniz??? Bir deputata söylədiyi fikirə görə cəza verdiniz, bu gün də deyirsiniz ki, İran özünü yığışdırmalıdır. Müstəqil düşüncəyə qarşı hakim kəsilməyiniz xarici təhdidlərin qarşısında ölkəni cətin vəziyyətə salır. Dünən cəzaya səs verən deputatın, bu gün İran haqqında danışması qədər ikrah doğuran bir şey ola bilməz. Qalib ölkə demokratik seçkilərə getməsə, mövcud hakimiyyət azad fikrə, təşəbbüslərə hətta ən yaxşı halda laqeyd qalsa belə, bu, bizim üçün xarici təhdidlə bağlı ciddi təhlükələr yaradacaq. Ən qısa zamanda ideoloji cəhətdən ciddi formalaşmış aydınların, siyasətçilərin parlamentdə yer alması lazımdır. Yoxsa ki, cəza verən deputatın bu gün asıb-kəsməsinin nə qədər gülməli və qeyri-ciddi olduğunu bizdən yaxsı elə düşmən bilir”.

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*