ABŞ Prezidenti Donald Tramp Bağdad tərəfindən “düşmənçilik siyasəti” yürüdüləcəyi təqdirdə İraqı sanksiyalarla hədələyib.
KONKRET.AZ “TASS” agentliyinə istinadən xəbər verir ki, o, İraq parlamentinin xarici qoşunların ölkədən çıxarılması ilə bağlı qəbul etdiyi qətnaməni şərh edərkən belə deyib.
“Əgər hansısa bir düşmənçilik olsa, əgər onlar bizə qəbuledilməz görünəcək nəyisə etsələr, İraqa qarşı sanksiyalar tətbiq edəcəyik, çox əhəmiyyətli sanksiyalar”, – Tramp deyib.
.Ağ Ev rəhbəri həmçinin əlavə edib ki, rəsmi Bağdad Amerika aviabazası üçün Vaşinqtona ödəniş etmədiyi müddətə kimi ABŞ qoşunları İraqdan çıxmayacaq. “Bizim orada çox bahalı aviabazamız var. Onun tikintisi milyardlarla dollara başa gəlib. Onlar bunun üçün bizə ödəniş etməsə getməyəcəyik”, – Ağ Ev rəhbəri qeyd edib.
“Əgər onlar bizə getməyi xahiş edəcəklərsə, əgər biz dost kimi bunu etməyəcəyiksə, onlara qarşı elə sanksiyalar tətbiq edəcəyik ki, əvvəllər heç vaxt beləsini görməyiblər. Bununla müqayisədə İrana qarşı sanksiyalar darıxdırıcı görünəcək”, – ABŞ lideri əlavə edib.