“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan Tavuş vilayətinin Açacur kənd sakinləri ilə görüşündə hakimiyyətin sosial-iqtisadi siyasətini kəskin tənqid edərək, vergi artımı və həyat şəraitinin pisləşməsinin erməni əhalisinin kütləvi axınına səbəb ola biləcəyini bəyan edib.
KONKRET.az xəbər verir ki, Tsarukyanın sözlərinə görə, əmlak vergisinin artırılması və İrəvanda mənzil qiymətlərinin bahalaşması sakinlərin öz evlərini tərk etmək məcburiyyətində qalacağı şərait yaradır.
“300 min azərbaycanlının Ermənistanda məskunlaşması üçün həmvətənlərimizin qalmağa yeri yoxdur, onların evləri bağlanıb. Başqalarının gəlib orada məskunlaşması üçün onlar getməlidirlər”, — deyə o bildirib.
Siyasətçi daşınmaz əmlakın dəyərinin kadastr qiymətləri əvəzinə bazar qiymətləri ilə yenidən nəzərdən keçirilməsini tənqid edərək, yaşlı insanların və təqaüdçülərin yeni vergiləri ödəyə bilməyəcəyini iddia edib. O, təqaüdçülərin artırılmış əmlak vergisindən azad edilməsini təklif edib.
Görüş zamanı kənd sakinləri kənd təsərrüfatı ilə bağlı problemlərdən, su çatışmazlığından və gübrə qiymətlərinin artmasından şikayətləniblər. Tsarukyan cavab olaraq vurğulayıb ki, sərhədyanı kəndlərə xüsusi diqqət, güzəştlər və dotasiyalar lazımdır.
Çıxışında təhlükəsizlik məsələlərinə və Azərbaycanla münasibətlərə də toxunan partiya lideri, mövcud vəziyyət davam edərsə, Ermənistanın “Arsax”ın (Qarabağ – red.) taleyi ilə üzləşə biləcəyini qeyd edib: “Əgər bu vəziyyət daha bir-iki il davam edərsə, biz eyni taleyi yaşayacağıq”.
Sonda Tsarukyan ölkədə İsa Məsihin heykəlinin və “Nuhun gəmisi” kompleksinin inşasından danışaraq, bu layihələrin ölkənin beynəlxalq imicini gücləndirəcəyini və turistləri cəlb edəcəyini qeyd edib.
Ağagül Mürsəlov,
KONKRET.az
