Dünyada baş verən geosiyasi dəyişikliklər yeni reallıqlar yaradıb. Bu reallıqlar fonunda Suriyada Bəşər Əsəd rejimi süquta uğradı. Yaxın Şərqdə terror təşkilatlarının mövqeləri zəiflədi. Regionda geosiaysi gücə çevrilən Türkiyə isə öz mövqelərini gücləndirərək bölgədə nəzarəti ələ almağı bacardı.
Mövzu ilə bağlı Sosial Araşdırmalar Mərkəzinin sektor müdiri Tural İsmayılov bildirib ki, Türkiyənin artan hərbi və siyasi nüfuzu bəzi dövlətlərin ürəyincə olmasa da bu reallıqla barışmağa məcburdurlar:
“ Türkiyə həmişə Suriyanın bir dövlət kimi inkişaf etməsində maraqlı olub. Çünki Türkiyəni Suriya il birləşdirən məqamlar var. Həm Suriya ilə Türkiyə arasında tarixi qonşuluq əlaqələri, həm də iki xalq arasında sıx bağlılıq daim mövcud olub. Ona görə də, Türkiyə öz qonşuluğunda normal bir dövlətin olmasını istəyib. Dəfələrlə Bəşər Əsədə Suriyada normal dövlətin formalaşmasıyla bağlı çağrışlar edilib. Amma təəssüfər olsun ki, Türkiyənin regiondakı liderliyini və barışdırıcılıq missiyasını anlamayan Əsəd yanlış addımlar atdı. Nəticədə bu gün Əsəd rejimi süquta uğradı. Türkiyə nəinki Suriyada, bütövlükdə dünyada ciddi siyasi güc mərkəzlərindəndir. Deməli, regionda Türkiyənin maraqları nəzərə alınmadan hansısa addımların atılması mümkün deyil. Türkiyənin siyasi gücə çevrilməsi bəzi ölkələri narahat edirdi. Ona görə də onlar Bəşər Əsəd vasitəsi ilə Türkiyəyə qarşı təxribatçı addımlar atmağa başlamışdılar”.
İki gün əvvəl Prezident İlham Əliyevin ölkə telekanallarına müsahibəsində Türkiyə ilə bağlı səsləndirdiyi fikirlər qardaş ölkədə geniş əks-səda yaradıb. “Türkiyənin marağında nədirsə, bizim də marağımızda odur”, – deyən Cənab Prezident bununla da müttəfiqliyimizin əbədiliyinə diqqət çəkib. Deməli, iki qardaş ölkə ən çətin zamanlarda daim bir-birinin yanındadır. Politoloq da bu məqama toxunub və son vaxtlar Azərbaycanla Türkiyə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirdi: “Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan arasındakı yüksək əlaqələr Azərbaycan-Türkiyə müttəfiqliyini və qardaşlığını möhkəm sütuna çevirib. Bu baxımdan İlham Əliyevin səsləndirdiyi fikirlər, düşmənlərə növbəti mesaj idi. Cənab Prezident müsahibəsində açıq-aydın vurğuladı ki, Türkiyənin əleyhinə çevrilən terror şəbəkələrinin və yuvalarının fəaliyyəti qəbul edilməzdir. Bu baxımdan Azərbaycan Türkiyənin əleyhinə çevrilən bütün aktlarda proseslərdə əks mövqedə dayanacaq”.
Suriya-Ermənistan münasibətlərinə toxunan ekspert bildirib ki, Bəşər Əsəd rejiminin hakimiyyəti dövründə Suriya anlamsız şəkildə Ermənistanın havadarı rolunda çıxış edirdi: Əsəd geopolitik situasiyanı, tarixi əlaqələri, qonşuluq münasibətlərini nəzərə almadan Ermənistana dəstək verirdi. Hətta islam təşkilatlarının bir çoxunda Suriya özünü Ermənistanın müdafiəçisi kimi aparıb. Həmin təşkilatlarda ermənilərin törətdikləri soyqırımı aktlarının müzakirəsinə imkan verməyib. Yaxud da qəbul edilən qərarları əngəlləyib. Bu baxımdan da, Bəşər Əsəd həmişə Ermənistanın yanında yer alırdı. Bundan əvvəlki dövrlərdə Xocalı qatili, əli minlərlə soydaşımızın qanına batan Serj Sarkisyanın yedəkçisi qismində çıxış edən Əsəd, ondan sonrakı Paşinyan hakimiyyətinə də qucaq açdı. Bunun nəticəsi idi ki, Paşinyan dəfələrlə məktub yazaraq Ermənistana dəstək verdiyənə görə, Bəşər Əsədə təşəkkürünü bildirmişdi. Bundan sonra, Ermənistan rəsmilərinin dəfələrlə Suriyaya səfərləri olmuşdu və açıq-aydın Bəşər Əsəd Ermənistandan Türkiyə və Azərbaycan əleyhinə istifadə etməyə çalışırdı. Ermənistan da rahat formada Əsədin qeyri-insani rejiminin əlində oyuncağa çevrilirdi. Bəşər Əsəd rejiminin süqutu birmənalı şəkildə həm də Ermənistanda böyük ağrı ilə qarşılanır.
Vəli Həsənoğlu,
KONKRET.az