Türkiyə və Ermənistan arasında münasibətlərin bərpa olunması istiqamətində danışıqlar aparılır. Danışıqların nəticəsinin necə olacağı ilə bağlı bir sıra siyasi ekspertlər müxtəlif fikirlər səsləndirirlər.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Zaur Məmmədov maraqlı proqnozlar verib:
1. Türkiyə və Ermənistan arasında quru sərhəd may-iyun aylarında açıla bilər.
2. Türkiyə və Ermənistan arasında hava nəqliyyatı yanvar-fevral aylarında açıla bilər.
3. Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə yanvardan start verilməlidir. Tikinti Ermənistana 200 milyon dollara başa gələcək. Gələcəkdə Qars-Gümrü-Horadiz dəmir yolu Dağıstan vasitəsilə Moskvaya qədər uzanacaq. Faktiki olaraq Qərb-Şimal nəqliyyat yoluna start verilir.
4. Azərbaycan yanvar-fevral aylarında Avrasiya İttifaqında müşahidəçi statusu ala bilər.
5. Əgər Mehridə gömrük və sərhəd postu olacaqsa, Laçın dəhlizində də olacaq. Əgər Qərbi Zəngəzurda yola Rusiya hərbçiləri nəzarət edəcəklərsə, o zaman Laçın hələlik əvvəlki statusunda qalacaq. ( koridor və yol məsələsi hələlik müzakirə predmetidir).
6. Son razılaşmalarla bağlı Ermənistan və Rusiyanın geosiyasi maraqları üst-üstə düşmür.
Ermənistan Azərbaycan və Türkiyə ilə yeni anlaşmaları Qərbə inteqrasiya istiqamətində mühüm addım hesab edir. Gələcəkdə Rusiyanın siyasi və hərbi çəkisinin azalmasını əsas hədəf götürüb. Rusiya isə, Avrasiya İttifaqını İrana qədər genişləndirmək, Türkiyə- Ermənistan dialoquna Qərbi buraxmamağı, Azərbaycan və Ermənistanla siyasi-iqtisadi inteqrasiyanı genişləndirməyi məqsəd güdür. Əlbəttə hədəflərinin siyahısı uzundur”.

Politoloq əlavə edib ki, bugünki proseslərdə Azərbaycan aşağıdakı hədəflərinə çatır:
1. Ən başlıcası – Qarabağ: Bakı Qarabağ məsələsinin Ermənistandan uzaqlaşmasını bacardı. Artıq Hayastanın rəsmilərinin “status” ifadələri tamam başqa məna kəsb edir. Qarabağdakı ermənilər Azərbaycanın daxili işidir və müstəqillik və ya Ermənistana birləşmək bəyanatları artıq cənəhhəmə göndərilib.
2. Azərbaycan Rusiyanın nəqliyyat-kommunikasiya və demarkasiya- delimitasiya proseslərinə razılıq verməsinə müvəffəq oldu. Ermənistanla demarkasiya-delimitasiya Bakı üçün çox önəmlidir. (Qarabağ Azərbaycan ərazisi kimi tanınır).
3. Qarabağa ərazi iddiası olan Ermənistan Xankəndi mövzusundan kənarlaşdırıldı. Artıq Qarabağdakı ermənilər Azərbaycan və Ermənistan arasında yox, Azərbaycan və Rusiya arasında mövzuya çevriləcək. Rusiyanın Qarabağa heç bir tarixi və hüquqi bağlılığının olmamasını nəzərə alsaq bir müddət sonra lazım gələn vaxtda sülhməramlıların çıxarılması ilə bağlı istəyimiz zamanı mövqelərimiz güclənəcək.
4. Qərbi Zəngəzur Türk kompaniyalarının əlinə keçir. Cənubdakı soydaşlarımız da bölgəyə axın edir. Nəticədə əzəli torpaqlarımızda demoqrafik say baxımından tarixi ədaləti bərpa edirik. Gələcəkdə isə, haylarda ancaq Çuxursəd qalır.
İlkin mərhələdə Ermənistanın Qarabağdan imtina etməsinə müvəffəq oluruq, sonra isə, Qərb-Rusiya geosiyasi mübarizəsi fonunda Xankəndiyə (həmin vaxta qədər silahlılardan bölgə təmizlənir, hayların əksəriyyəti xaricə köçürlər) daxil oluruq”.
Müşviq Tofiqoğlu
KONKRET.az
