Türkiyəni NATO-dan asanlıqla uzaqlaşdırmaq olmaz – AÇIQLAMAbackend

Türkiyəni NATO-dan asanlıqla uzaqlaşdırmaq olmaz – AÇIQLAMA 

Rusiya-Ukrayna müharibəsi Avropada ciddi problemlərə yol açıb. Regionda beynəlxalq münasibətlərin pozulması ən çox da kiçik dövlətləri narahat edir. Bu mənada öz təhlükəsizliyini təmin etmək üçün İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyir. Lakin Türkiyə buna kəskin şəkildə etiraz edir.

CNN telekanalının köşə yazarı David Andelman bildirib ki, Türkiyə alyansın Finlandiya və İsveç hesabına genişlənməsinin qarşısını aldığı üçün NATO üzvlüyünü itirə bilər. Andelmanın sözlərinə görə, xüsusilə Ankara Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini aldıqdan sonra Türkiyənin NATO-dan çıxarılması ilə bağlı çoxlu fikirlər olub. Eyni zamanda o vurğulayıb ki, alyansın belə bir addımı baha başa gələ bilər, çünki bu, strateji əhəmiyyətli regionda mövqelərin zəifləməsinə gətirib çıxaracaq.

Bəs görəsən Türkiyə niyə İsveç və Finlandiyanın alyansa üzv olmağına etiraz edir? Qardaş ölkə NATO-dan çıxarıla bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Fikrət Sadıxov cavablandırıb. O bildirib ki, Türkiyənin bu məsələyə etirazı üçün əsaslı səbəbləri var:

“Türkiyə İsveç və Finlandiya məsələsində kifayət qədər əsaslı faktlar və arqumentlərlə çıxış edir. İsveç parlamentində kürd terrorçu dəstələrinin nümayəndələri indiyə kimi təmsil olunur. Digər tərəfdən İsveç Suriyada olan və Türkiyəyə qarşı vuruşan terror dəstələrini müdafiə edir və maliyyələşdirir. Bir neçə terroçu İsveç həbsxanalarındadır. Türkiyə həmin şəxslərin qaytarılmasını tələb edib. Lakin neçə ildir ki, bu məsələ öz həllini tapmayıb”.

Politoloqun fikrincə, Türkiyəni NATO-dan asanlıqla uzaqlaşdırmaq olmaz:

“Qardaş ölkə bir sıra embarqoların ləğv edilməsi ilə bağlı tələblər irəli sürüb. Çünki İsveç və Finlandiya Türkiyəyə qarşı embarqolar qoyub. Türkiyənin terrorçu dəstələrini məhv etməsi və onlara qarşı mübarizəsi bu ölkələrdə ciddi etirazla qarşılanıb. Türkiyənin NATO-dan çıxarılmasına gəlincə isə bunun baş verəcəyinə inanmıram. Hərbi baxımdan kifayət qədər güclü bir dövlət olan Türkiyəni NATO-dan asanlıqla uzaqlaşdırmaq olmaz. Bunun üçün 30 dövlət məsələnin lehinə səs verməlidir. Bu isə real görünmür”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*