Uğrunda ölürlər deyə, torpaq vətən olub yaşayır – VİDEObackend

Uğrunda ölürlər deyə, torpaq vətən olub yaşayır - VİDEO

1993-cü ildə yağıyla pəncələşən Qubadlı avqustun 31-i qəsb edildi. Son günə qədər dirənsək də, olmadı. Həmişə səs-küylü, qonaq-qaralı evimizin qapısını ilk və son dəfə bağladıq. Dondarlını ölümünə tərk elədik.

Ağlım kəsəndən bəri yaşadığım vətən həsrətini, cadar-cadar paralanmış sinəmi sən ki bilirsən, Allah!  Düşünürəm, bəlkə mənə rəqəmlərlə nəsə  demək istəyirsən?! Fikir verin, atamın onda iyirmi yeddi yaşı var idi. Mənim indiki vaxtımdan beş yaş kiçik. 1993-cü il avqustun 25-də isə mənim beş yaşım tamam olmuşdu. Qubadlının işğalından beş gün öncə. İyirmi yeddi ildən sonra Qubadlıya ezamiyyətə getdim. 27 dekabr – səfərin beşinci günü isə doğulduğum Dondarlı kəndinə.

Şükür sənə, İlahi. Ölümünə tərk etmişdik axı, yalanmış. Getdim, gördüm yaşayır. Uğrunda ölürlər deyə, torpaq vətən olub yaşayır. Keçirdiyim hisslər var ha, adını bilmirəm ki… Sözlə ifadə etmək üçün dünyanın bütün dillərini bilsən də xeyri yoxdur. Bəlkə də qəribə səslənəcək, amma kəndə daxil olanda, qəfil mənə elə gəldi ki, bütün növ bədii ifadə vasitələri, ümumiyyətlə, bütün ədəbiyyat o hissləri dilə gətirmək üçün acizdir. Təsəvvür edin, bir yandan illərin həsrəti, bir yandan xarabalığa çevrilən ana yurdun, böyüyüb boya-başa çatmadığın evin uçulmuş divarları, bütün şəhidlər və kəndin öz  şəhidləri, sevinc dolu məyusluq, itirdiyin bütün doğmalar, onların kənd macəraları, hamısı bir-bir ildırım kimi keçir beynindən. Oğulsansa bütün bunların fonunda keçirdiyin hisslərə ad qoy, görüm. Mümkün deyil. Bircə elə hey bunu deyirsən: şükür sənə, İlahi!!! Həqiqətən çox şükür, beş yaşımda tərk etdiyim yurduma beş yaşlı övladımla qayıdıram!

Şirzad Səmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*