Ukraynada saxta referendumlar keçirilə bilərmi? – AÇIQLAMAbackend

Ukraynada saxta referendumlar keçirilə bilərmi? – AÇIQLAMA 

Rusiya Ukrayna apardığı işğalçı müharibə aylardır davam edir. Müharibə uzandıqca vəziyyət hər keçən gün daha da mürəkkəbləşir. Qısa müddətdə əməliyyatları başa çatdırmağı hədəfləyən Kreml öz istəyinə nail ola bilmədi. Ona görə də indi Rusiya müxtəlif variantlara əl atır.

Belə ki, Böyük Britaniya Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, Xersonda Rusiyanın yaratdığı hərbi-mülki administrasiya Moskvadan Xerson vilayətini Rusiyaya birləşdirməyi xahiş edəcək. Məlumatda bildirilir ki, bunun üçün saxta referendumlar keçirilə bilər. Moskva Xersonda Rusiyaya üzvlük referendumu keçirsə, nəticələri manipulyasiya edəcək.

Bəs görəsən, saxta referendumlar həqiqətən də baş tuta bilərmi? Belə olan təqdirdə Qərbin məsələyə reaksiyası necə olacaq?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Tofiq Abbasov cavablandırıb. O bildirib ki, Moskva Ukraynada yaşayan rusdilli əhalidən öz planları üçün istifadə etməyə çalışır:

“Ukraynanın Xerson, Odessa, Mariupol kimi ərazilərində rusdilli əhali yaşayır. Moskva çalışır ki, bu əhalidən öz planları üçün istifadə etsin. Əslində Rusiyanın Ukraynaya hücumu xüsusi parametrlərlə ölçülmüşdü. Lakin Rusiyanın gözləntiləri reallaşmadı və Ukrayna xalqı öz mübarizə əzmini ortaya qoydu. Müharibə uzandıqca müxtəlif yanaşmalar ortaya çıxır. Lakin Rusiya öz planlarından imtina etmir. Kreml rusdilli əhalidən öz məqsədləri üçün istifadə etmək və bütün bunları qanuni çərçivəyə sığışdırmaq istəyir. Bu mənada o ərazilərdə saxta referendumlar təşkil etmək istəyir. Hazırda Ukraynanın hakimiyyət orqanları və yerli icra qurumları prosesləri öz nəzarətində saxlamaq səlahiyyətində deyil. Həmin ərazilərdə hərbi əməliyyatlar gedir. Əhalinin bir qismi də baş verən hadisələrə laqeyd yanaşır. Rus qoşunları bu ərazilərdə öz mövqelərini bərkitməyə çalışır. Bəzən üstün tərəf Rusiya, bəzən isə Ukrayna olur. Mövqe davaları davam etdikcə vəziyyət tez-tez dəyişir. Üstün tərəf kim olacaqsa, şərtləri o diqtə edəcək”.

Politoloq bildirib ki, Qərb bu məsələyə sərt reaksiya verəcək:

“Qərb dövlətlərinin bu məsələyə münasibəti mənfi olacaq. Hətta onların müəyyən addım atacağı gözlənilir. Belə ki, Ukraynaya göstərilən hərbi və humanitar yardım artırıla bilər. Bununla yanaşı referendum məsələsi gündəmə gələrsə, sanksiyalar daha da ağırlaşdırıla bilər”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*