“Rusiya ordusu haqqında dezinformasiya yaymaqda” təqsirləndirilən və Ukraynaya qaçan rusiyalı jurnalist Aleksandr Nevzorov beynəlxalq axtarışa verilib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistin həbsi ilə bağlı qiyabi məhkəmə qərarının mətnində deyilir.
Qeyd edilir ki, guya “Nevzorov azadlıqda olarkən şahidlərə və cinayət prosesinin digər iştirakçılarına hədə-qorxu gələ, maddi sübutları məhv edə və cinayət işinin icraatına başqa yolla mane törədə bilər”, – sənəddə vurğulanır.
“Jurnalist Rusiya Federasiyasından kənarda istintaqdan gizlənir, çünki maddi vəziyyəti ona uzun müddət xaricdə qalmağa imkan verir. O, indi də cinayətkar fəaliyyəti ilə məşğul olur”. Qətnamədə belə yazılıb.
Xatırladaq ki, mayın 6-da Moskvanın Basmannı məhkəməsi Nevzorovun qiyabi həbs edilməsi barədə qərar çıxarıb. O, Rusiya Federasiyası Silahlı Qüvvələri haqda bilərəkdən yalan məlumat yaymaqda ittiham olunur.
Jurnalistin həyat yoldaşı daha əvvəl onun Rusiyadan İsrailə getdiyini bildirmişdi.
İstintaqın məlumatına görə, Nevzorov martın 9-da “Instagram” sosial şəbəkəsində və martın 19-da “YouTube” video hostinqində “Rusiya Silahlı Qüvvələri tərəfindən Mariupolda doğum evinin qəsdən atəşə tutulması barədə yalan məlumat” dərc edib.
Qeyd edək ki, jurnalist və onun həyat yoldaşı Lidiya Nevzorova artıq Ukrayna vətəndaşlığını alıb.
Roman Göytürk,
KONKRET.az
