“Verilişlərdə tərbiyəsizlik baş verir” – Elçin Şıxlıbackend

"Verilişlərdə tərbiyəsizlik baş verir" - Elçin Şıxlı

Son vaxtlar uşaqlar arasında xoşagəlməz halların artması məktəblərə münasibətdə mənfi fikirlərin formalaşmasına səbəb olur. Bəzi tanınmışlar hesab edirlər ki, şagirdlər arasında mənfi halların artması ilk növbədə məktəbdə təlim-tərbiyə işinin düzgün qurulmaması ilə bağlıdır.

KONKRET.az xəbər verir ki, hazırda sosial şəbəkələrdə bir sual ərafında qızğın mübahisə gedir:

Uşaqları kim tərbiyə etməlidir, müəllim yoxsa valideyn? Ümumiyyətlə, biz layiqli vətəndaşı necə yetişdirməliyik?

Əməkdar jurnalist Elçin Şıxlı Yenisabah.az-a açıqlamasında deyib ki, uşaqları valideyn tərbiyə etməlidir:

“Məktəb isə onu bilikləndirməlidir. Və bir az da tərbiyəsini düzəltməlidir. Lakin əsas məsələ evdən gəlir. Çünki uşaq üçün ən güclü və ideal insan onun valideynləridir. İlk növbədə də atasıdır. Bir şey olanda uşaq düşünür ki, “atam buradadır, kömək edər”. Və ya elə valideyn olar ki, olmasa, ondan daha yaxşıdır. Bu da öz təsirini göstərir.

Uşaqlar həmişə öz valideynlərini davam etdirir. Onların davamıdır. Təqlid etmir. Qandan irəli gəlir. Sanki təkrarlayır. Valideyn necədirsə, uşaq da onun kimi olur. Amma bu o demək deyil ki, valideyn pisdirsə, uşaq da pis olmalıdır. Burada məktəbin də təsiri olur. Məktəb bilikləndirməlidir. Bilikli olmaq da düşünməyə kömək edir, öyrədir. Bir var nəyinsə cavabını deyirsən, bir də var ki, izah edirsən ki, bu niyə belədir. Uşaq düşünməyə başlayır. Bununla düşünməyə vadar etmiş olursan”.

E.Şıxlının sözlərinə görə, sosial şəbəkələr, kompüter oyunları uşağın beynində zorakıllıq ideyalarını formalaşdırır: “Ətraf mühitin, cəmiyyətdə uşağın gördüklərinin və Kütləvi İnformasiya vasitələrinin də rolu var. Uşaqlar bu gün sosial şəbəkələrdə nəzarətsiz şəkildə nə istəyir ona da baxırlar. Əvvəllər bizə nağıllar oxuyurdular. Nağıllarda şər həmişə məğlub olurdu. İndi isə uşaqların kompüterin oyunlarına baxanda şiddəti görə bilərik. Bu, uşağın beynində zorakılıq ideyalarını əmələ gətirir.

Bu, tək məktəbin günahı deyil. Tərbiyə valideynlərin üzərindədir. Əsas tərbiyə ailədən irəli gəlir. Hər şeyi məktəbin üzərinə ata bilmərik”.
E.Şıxlı qeyd edib ki, layiqli vətəndaş yetişdirmək üçün ilk növbədə valideyn vətəndaş olmalıdır:

“Bu gün verilişlərdə tərbiyəsizlik baş verir, mənəviyyatsızlıq edirlər. O verilişə baxan uşaq nə olacaq?! Düzdür, məktəbdə zəiflik, tədrisdə boşluqlar var. Bu heç də o demək deyil ki, tərbiyə ilə məktəb məşğul olmalıdır. Layiqli vətəndaş yetişdirmək üçün ilk növbədə valideyn vətəndaş olmalıdır. Özü olmasa, yetişdirdiyi də özü kimi olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*