Xalatyan: “Bakı ATƏT-in Minsk Qrupunu basdırdı”backend

Xalatyan: "Bakı ATƏT-in Minsk Qrupunu basdırdı"

“Deməzdim ki, Rusiyada yaşayan ermənilərin həyatı son dərəcə pisdir, amma müəyyən dəyişiklik var. Təbii ki, 44 günlük müharibənin məğlubiyyətindən sonra Rusiyada ermənilər özlərini sıxışdırılmış hiss edirlər. Azərbaycanlılar hər yerdə qalib olduqlarını göstərməyə çalışırlar. Amma medalın iki tərəfi var. Kriminal tarixə nəzər saldıqda görürük ki, Rusiyada azərbaycanlı cinayətkar qruplara qarşı kifayət qədər dözümsüz münasibət var. Rusların xristian xalqlarını öz millətləri hesab etmələri nəzərə çarpır”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Verelq” informasiya-analitik mərkəzinin siyasi şərhçisi Hayk Xalatyan deyib.

Onun sözlərinə görə, Rusiyadakı Azərbaycan icması çox mütəşəkkil və fəaldır: “Rusiyanın erməni icmasının tutduğu mövqelər Ermənistanın indiki hakimiyyətinin mövqeyi ilə tam üst-üstə düşmür. Bu problem Amerika və Avropa erməni icmalarında da mövcuddur.

Ermənistandakı bütün strukturları və hakimiyyət orqanlarını dağıdan hakimiyyət indi diaspora keçib. Çünki diaspor strukturları həm Qarabağ, həm “soyqırım” məsələsində Paşinyanın mövqeyinə çox mənfi münasibət bəsləyirlər. Ermənistan hakimiyyəti onların siyasətinə qarşı çıxan diasporun Ermənistanın daxili siyasi vəziyyətinə müdaxilə edə biləcəyindən qorxur. Ona görə də diasporu məhv etməyə çalışırlar”.

Hayk Xalatyana görə, “Rusiya Ermənistanda dövlət çevrilişi etmək üçün hər hansı addım atmır. Moskva təsəvvür etmirdi ki, ermənilər bu tezliklə Qarabağı təhvil verəcək, eləcə də “soyqırım” faktına göz yumacaq birisi Ermənistanda hakimiyyətə gələ bilər.

Ermənistan öz hərəkətləri və bəyanatları ilə Rusiyanın bizə kömək etməməsi üçün hər şeyi edir və bunu Rusiyanın əleyhinə yönəldir. Çünki hər hansı bir gərginlik olarsa, erməni əhalisinin böyük bir hissəsi Rusiyanı günahlandıracaq. Rusiya çox uzun müddət gözləyə bilər, amma sonra ekstremal tədbirlərə əl ata bilər. Rusiyada yumşaq güc siyasəti zəifdir, bunu etiraf edirlər. Çox təəssüflər olsun ki, Ermənistan hakimiyyəti suverenlikdən danışır, lakin Ermənistanın suverenliyi heç vaxt bu qədər aşağı səviyyədə olmayıb. Hazırda Rusiya Ermənistana qazı çox ucuz qiymətə satır, çünki biz müttəfiqik. İndi KTMT-dən çıxmaq, müttəfiqlik münasibətlərini pozmaq lazımdırsa, Rusiya niyə bizə ucuz qaz verməlidir? Xalqımız buna hazır olub-olmadığını özü qərar verməlidir”.

Siyasi ekspert vurğulayıb ki, Ukrayna o müharibədə qalib gəlsə belə, nə iqtisadi, nə demoqrafik baxımdan heç vaxt sağalmayacaq. NATO hələlik Ukraynaya qoşun yeritmək fikrində deyil:

“Bu baxımdan Ermənistan hakimiyyəti hələ də insanları Avropaya inteqrasiya ilə bağlı yalan vədlərlə aldadır ki, onlar maraqlansınlar, gəlib konstitusiya referendumunda iştirak etsinlər. Ən pisi sə odur ki, KTMT-dən çıxmaqla bağlı strateji qərar qəbul edilib. Başqa bir sual ortaya çıxır ki, onlar buna hansı yolla nail olacaqlar? Hakimiyyət heç düşünürmü ki, bizim əsas bazarımız Rusiyadır. Onu başqa bazarla əvəz edə biləcəyimiz mifdir. Rusiya-Gürcüstan müharibəsindən sonra 5 il ərzində gürcülər öz məhsullarını Rusiyada sata bilmədilər, bəs niyə eyni şərabı və digər məhsulları Avropada sata bilmədilər? Rusiya gürcü mallarına tətbiq edilən embarqonu yalnız 2012-ci ildə qaldırıb.

Yeri gəlmişkən, bir neçə gün əvvəl Rusiya Şərabçılar Assosiasiyası Rusiya Federasiyasının Dövlət Dumasına müraciət edərək, dost olmayan ölkələrdən gələn şərabların idxal rüsumunun 200% artırılmasını xahiş edib.

Əgər Rusiya pis müttəfiqdirsə, o zaman Türkiyə və Azərbaycana qarşı daha yaxşı müttəfiq tapmalısan ki, səni məhv etmək istəyənlərlə dostluq etməyəcək. Belə olan halda Rusiyanı niyə ittiham edirsiniz ki, Türkiyə və Azərbaycanla yaxşı münasibətləri var?

Əgər ruslardan narazısınızsa, niyə onları düşməninizə çevirəcək addımlar atırsınız? Dünyada elə ölkələr var ki, öz ölkələrinin maraqlarını deyil, xarici dövlətlərin göstərişlərini rəhbər tuturlar. Həmin ölkələrin başına gələnlər başqa məsələdir.

Kollektiv Qərb çox gözəl anlayır ki, Ermənistan bu anti-Rusiya siyasətini davam etdirsə, onu nələr gözləyir, amma özlərini sığortalayıblar, sabah isə bir fəlakət olsa, deyəcəklər: Biz sizə dedik ki, tələsməyin, KTMT-dən çıxmayın, amma iştirakınızı dondurun. Biz gözləməməliyik ki, hər hansı başqa ölkə Ermənistan hökuməti və xalqından daha çox ermənipərəst olacaq. Əgər Rusiya tərəfini günahlandırırsansa, nə qədər ədalətli tənqid olsa da, sənin yerinə Rusiya tərəfinin daha çox erməni olmasını gözləmək qəribədir”.

Analitik daha sonra Azərbaycanın xarici siyasətini təqdir edib: “Azərbaycan göstərdi ki, bir tərəfdən Ukrayna ilə əla münasibətləri var. Bakı çox virtuoz diplomatik addım atdı: Minsk Qrupunu basdırdı və Ermənistanı Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa vadar etdi. Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq üçün Praqada vasitəçinin kim olduğunu unutmusunuz… Bəli, bu, Makrondur. Hakimiyyəti indi qorxur ki, Rusiya kəskin addımlar ata bilər, sosial-iqtisadi problemlər yarada bilər və bu da ölkədə daxili siyasi narazılıq yarada bilər. Paşinyan çox gözəl anlayır ki, erməni cəmiyyəti deyəcək: bəli, rus sərhədçiləri niyə “Zvartnots”da olmalıdır? Ona görə də Rusiyanın 102-ci hərbi bazasına, sərhədçilərə qarşı mübarizə bundan başlayır, amma “Zvartnots”dan sonra Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılması məsələsi də gündəmə gələcək.

Ermənistan hakimiyyəti çox təhlükəli oyuna girib”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*