Azərbaycan Dəmir Yolları QSC-nin rəhbəri Cavid Qurbanov Xankəndi istiqamətində dəmiryol xəttinin çəkilməsinin planlaşdırıldığını deyib. Onun sözlərinə görə, Şuşa istiqamətində də layihələndirmə işləri gedir. Cavid Qurbanovun mövzuyla bağlı sonuncu cümləsi də maraqlıdır: “Amma tikinti işlərinə nə zaman başlanılacağını deyə bilmərəm. Nə zaman qərar verilsə, ondan sonra işlərə başlanılacaq”.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Xankəndiyə dəmir yolunun çəkilməsi böyük hadisə sayıla bilər. Bu o deməkdir ki, Xankəndi Azərbaycanın nəzarətinə keçib və vətəndaşlarımız şəhərə rahat gedib-gələcəklər: “Cavid Qurbanovun Xankəndiyə dəmiryolunun çəkilməsi ilə bağlı etdiyi açıqlama ermənilərə “biz şəhərimizə qayıdacağıq” mesajını verir. Ancaq təəssüf ki, bugünkü reallıq fərqlidir. Xankəndiyə dəmiryolunun çəkilməsi və gediş-gəlişin bərpası üçün;
1) Bölgədəki separatçılar tərksilah olunmalıdır;
2) Bölgədəki ermənilər Azərbaycan qanunlarına tabe olmalıdır.

Elxan Şahinoğlu əlavə edib ki, bu iki məsələ reallaşmadan Xankəndiyə nə dəmir yolu çəkilə, nə də Azərbaycan vətəndaşlarının şəhərə gediş-gəlişi təmin oluna bilər: “Təsadüfi deyil ki, Cavid Qurbanov sonda özünü sığortalayan “dəmiryolu ilə bağlı nə zaman qərar verilsə, ondan sonra işlərə başlanılacaq” cümləsini işlədib. Elə əsas da bu qərara şərait yaradacaq çalışmaların sürətləndirilməsidir”.
Müşviq Tofiqoğlu
KONKRET.az
