“Xocalı hava limanı 2021-ci ildən fəaliyyətə başlaya bilər” – AÇIQLAMAbackend

"Xocalı hava limanı 2021-ci ildən fəaliyyətə başlaya bilər" - AÇIQLAMA

Məlum olduğu kimi, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonundan da erməni terrorçu dəstələri çıxarıldı. Bununla yanaşı, artıq Xankəndi erməniləri öz evlərinə köçürülür. Və hazırda hər kəsi maraqlandıran məsələ Xocalı, Xocavənd və Xankəndidə yaşayan azərbaycanlıların öz doğma yurdlarına nə vaxt qayıtmasıdır.

KONKRET.az bununla bağlı millət vəkili Ramil Həsənin fikirlərini öyrənib. O bildirib ki, cənab prezident Laçının azad edilməsi ilə bağlı xalqa müaricətində bu barədə fikirlərini aydın şəkildə bölüşərək, hərtərəfli məlumat verib: “Bu gün mühüm məsələlərdən biri də Azərbaycan vətəndaşlarının Xocalı, Xocavənd və Xankəndinə köçürülməsi prosesidir. Mən əminəm ki, dövlətimizin müvafiq orqanları müəyyən problemləri həll etdikdən sonra bu məsələ öz həllini tapacaq. Bu heç də qısa müddətdə öz həll olunacaq məsələ deyil. İnsanlarımız öz dədə-baba yurdundan qovulduqdan sonra erməni vandalları oranı dağıdıblar. Suriyadan və digər ölkədən olan erməniləri ora köçürüblər. Hesab edirəm ki, cənab prezidentimizin də qeyd etdiyi kimi, ilk fürsətdə insanlarımız öz dədə-baba yurdlarına qayıdacaq və bizim  Xocalımızda, Xankəndimizdə və Xocavəndimizdə yaşayacaqlar. Bu ərazilərin hər biri Azərbaycanın ayrılmaz hissəsidir. Orada Azərbaycan qanunları işləyəcək. 1991-ci ildə Dağlıq Qarabağın muxtar vilayət statusu Azərbaycan Ali Soveti tərəfindən ləğv edildiyi üçün artıq status söhbəti cənab prezidentin vurğuladığı kimi, cəhənnəmə gedib. Bu söhbət yenidən açıla bilməz”.

Deputat qeyd edib ki, infrastrukturun qurulması və bütün millətlərin Azərbaycan qanunlarına əməl edərək firavan yaşaması bizim üçün uzunmüddətli təcrübədir: “Bizim dövlətimizdə müxtəlif inanclara sahib insanlar dostluq şəraitində yaşamaqdadır. Bilirsiniz ki, hazırda ölkəmizdə 30 minə yaxın erməni sülh içində yaşayır. Və onlara “gözün üstə qaşın var” deyən yoxdur.  Azərbaycan tolerant dövlətdir və milli ədavəti qızışdıran addımlardan uzaqdır. Və belə addımlar hər zaman qarşı tərəfdən atılıb. Əgər ermənilər sülh və əmin-amanlıq prosesinin bundan sonra da davam etməsini istəyirlərsə, Azərbaycan qanunlarına əməl etməlidirlər.

Mən qəti əminliklə bildirirəm ki, biz 44 günlük Vətən müharibəsində necə həmrəy olub, bir yumruq kimi birləşdiksə, işğaldan azad olunan torpaqlarımızın abadlaşdırılması və vətəndaşlarımızın öz dədə-baba yurdlarına qayıtması prosesində də aktiv iştirak edəcəyik”.

Deputat vurğulayıb ki, Xocalı beynəlxalq aeroportu məsələsini də nəzərdən qaçırmaq olmaz: “Beynəlxalq aviasiya struktur sistemlərinə görə, Azərbaycanda və Qarabağda olan bütün hava limanları ölkəmizə məxsusdur. Xocalı hava limanı da Azərbaycan dövlətinin ərazisində olduğu üçün 2021-ci ildən etibarən fəaliyyətə başlaya bilər”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*