Azərbaycanın şimal və qərb rayonlarında müşahidə olunan qeyri-sabit, leysan xarakterli intensiv yağıntılar, temperaturun nisbətən aşağı düşməsi və güclü şimal-qərb küləyi kənd təsərrüfatı sektorunda bir sıra risklər yarada bilər. Son meteoroloji dəyişikliklər Şəmkir, Gədəbəy, Quba və Xaçmaz kimi mühüm aqrar rayonlarda mövsümi bitkilərin inkişaf tempinə və məhsul yığımının qrafikinə təsir göstərir.
Bu fikirləri hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında səsləndirib.

Ekspert bildirib ki, davamlı yağıntılar xüsusilə Şəmkir və Gədəbəy rayonlarında tərəvəz və kartof yığımını, şimal rayonlarında isə erkən yetişən meyvələrin toplanmasını ləngidir:
“Ötən ilin analoji dövrü ilə müqayisədə bazara yerli məhsul çıxarılmasında müvəqqəti fasilələr yarana bilər. Lokal xarakterli dolu ehtimalı və saniyədə 14-20 metr sürətlə əsən şimal-qərb küləyi, yəni sarı xəbərdarlıq səviyyəsi meyvə bağlarında budaqların qırılmasına, yetişmiş meyvələrin tökülməsinə və nəticədə onların əmtəəlik keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər”.
Onun sözlərinə görə, nisbətən sərin hava ilə müşayiət olunan yüksək rütubət patogen göbələklərin və bakteriyaların aktivləşməsi üçün əlverişli şərait yaradır.
“Pomidor, bibər və kartof əkinlərində fitoftoroz və alternarioz xəstəliklərinin yaranma riski artır. Rütubətin normadan yüksək olması çəyirdəkli və tumlu meyvə bağlarında monilioz (çürümə) və unlu şeh xəstəliklərinin yayılma arealını genişləndirə bilər.
Dağlıq və dağətəyi çayların, xüsusilə Böyük və Kiçik Qafqazdan mənbəyini götürən çayların hövzələrində sululuğun kəskin artması və lokal sel dalğaları dağətəyi ərazilərdə üst münbit torpaq qatının yuyulmasına, yəni eroziyaya, bəzi subasar sahələrdə isə əkinlərin lil altında qalmasına səbəb ola bilər”, – deyə C.Hüseynov vurğulayıb.
Ekspert qeyd edib ki, yağıntıların kənd təsərrüfatına yalnız mənfi təsirləri yoxdur. Onun sözlərinə görə, yağıntılar çayların su rejiminin tənzimlənməsinə və suvarma kanalları ilə yanaşı, regional su anbarlarında su ehtiyatlarının artmasına da kömək edir.
“Bu, payız-qış mövsümündə yarana biləcək quraqlıq riskini azaldır. Eyni zamanda, torpağın alt qatlarında rütubət ehtiyatının toplanması yaxın aylarda başlayacaq payızlıq dənli bitkilərin – buğda və arpanın səpini üçün torpağın şumlanmasını asanlaşdırır və gələcək cücərmə faizinin yüksəlməsinə şərait yaradır”, – ekspert bildirib.
C.Hüseynov mövcud hava şəraitinin kənd təsərrüfatına vura biləcəyi zərəri minimuma endirmək üçün fermerlərə bir sıra tədbirlər görməyi tövsiyə edib. Onun sözlərinə görə, yağıntıların kəsildiyi qısamüddətli intervallarda sahələrdə sistemli funqisidlərlə profilaktik çiləmə işləri aparılmalı, həmçinin sahəətrafı kollektor-drenaj şəbəkələri və selötürücü xəndəklər təmizlənməlidir.
Aynurə İsmayıl
KONKRET.az
