Bir qədər əvvəl KONKRET.az (https://konkret.az/sehid-generalimiz-polad-hesimovun-ogluna-insallah-sen-de-sehid-olarsan-dedi-tenqid-atesine-tutuldu-video/) xəbər verdi ki, sosial şəbəkələrdə şəhid generalımız Polad Həşimovun oğlu ilə şəkil çəkdirən şəxsin videosu izləyicilər tərəfindən hiddətlə qarşılanıb. İnsanlarda narazılıq doğuran əsas səbəb həmin kəsin general oğluna, “Atasının igid oğlu, İnşallah böyüyəndə bu da şəhid olacaq, hə, inşallah” deməsidir. İfadə tərzi son dərəcə amansızdır…
Bəli, şəhidlik uca zirvədir. Amma yalnız müsəlman üçün. Vətən müharibəsində həlak olan bütün digər insanlar – özünü müsəlman adlandırıb ibadət etməyənlər, xaçpərəstlər, musəvilər, başqa dini əqidə sahibləri, sırf ateistlər, əslində müsəlmanın özü və əzizləri üçün də bu – ölümdür, itkidir. Və “molla”lıq etmək artıqdır. Yersizdir!
Amma yerini bilməyənlər özünü bura da “soxurlar”. Əlbəttə, sözünün yerini bilməyəni müdafiə etməkdən ötrü.
Başqa vaxt saytda dərc olunan istedadlı, qərəzsiz, vicdanlı, ağıllı məqalələri bir nəfər də müzakirə edib qiymətləndirmir. Burada isə 1 gündə 2 “molla” tapıldı. Sanki (bəlkə də…) sifarişlə. Vəssalam. Arqument tükəndi.
“Molla” Azər İslamoğlu mühakimə yürüdür (olduğu kimi verilir):
“Deyilən ifadəni mənfi yönə yozmaq cahillikdir. Əslində avam, axirətdən xəbərsiz bir kütlənin içində bu kimi ifadələr ehtiyatlı işlədilməlidir ki, insanlar elmsizlikdən və başqalarının elmsizliyindən istifadə edib baçqa yönə yozmasınlar. Amma ifadə artıq işlədilib və çənfi yöndə yozulur.
İnsan bir gün öləcək. Ölümlərində ən şərəflisi şəhidlikdir. Polad Həşimov ən şərəfli ölümlə ölüb. Deyəndə ona oğluna bu şərəfə nail olmağı arzu edib. Bu o demək deyi ki, oğul bu gün ölsün. Bir gün oda oləcək, bu şərhi yazanda və tənqid edənlərdə. Heç kəsdə ölümünün tarixini bilmir. Allahdan başqa. Lakin istər cavan, istər qoca bir gün öləcəyik. İnanclarından asılı olmayaraq hər kəs bu sonluğu, ölümü qəbul edir. İnsan nə qədər qəflətdə olsada, əbədi yaşamaq istəsədə ölümsüzlük, ölümdən qaçmaq qeyri mümkündür.Axirətə iman isə vacibdir. Buna inanmayan müsəlman deyil. Bir iman əhlinə yaxınlaşın və deyin ki, Allah səni şəhid kimi öldürsün. Dərhal deyəcək – Amin. Qısası elmlənmək lazımdır. Allahın Kitabını diqqətlə oxuyun”.
Bu, onun “elmlənmək” nəsihəti, o isə – öz yazı və düşüncə savadı…
Digər müdafiəçinin etirafına görə, sözü heç yoxdur. Amma, yəqin məcbur ikən, Abdullah da yazır:
“Yuxarıda qardaş lazımı ifadələri tam yerinə qoyaraq mətnin məğzini müfəssəl və çox aydın şəkildə elə çatdırdı ki, artıq öz fikrimi bildirmək üçün bu sözdən başqasını yaza bilmirəm. Həqiqətən cahillik yaşayışı çətinləşdir!”.
Bu fikrin də reanimasiyaya ehtiyacı var. Yaranandan naqisdir…
Videodakı kəsi sosial şəbəkələrdə necə adlandırırlar – bilmirəm. Çünki oraların “sakin”i deyiləm. Onu və müdafiəçilərini isə ədəbsiz çıxmasın deyə, nadan adlandırardım…
Öz təbirinizcə desək, şəhidlik zirvəsinə yüksəlmədiniz (istəmədiniz, bacarmadınız…), heç olmazsa nadanlıq bataqlığında ilişib qalmayın!
Oxuyun. Müqəddəs saymadığınız kitabları. Müdrik insanların fikirlərindən bəhrələnin. Onlara “dərs” keçməyə cəhd etməyin. Susun, dinləyin və öyrənin. Bilik alın. …Sizin buna ehtiyacınız var.
T A P M A C A
“Türklü”, “çeçenli”, “ruslu”, “ingilisli”, “gürcülü”, “almanlı”… “Savadlı” sayt bu sözlərdən birini yazının sərlövhəsinə çıxarıb. Hansını?
Cavabını aşağıda “Müzakirə” çərçivəsində yaz.
Yeni İl axşamı doğru cavab elə orada yerləşdiriləcək.
Uğur olsun!
A.ƏZİZ