“İkinci Qarabağ müharibəsindən sonra, regionda yeni geosiyasi və geoiqtisadi nizam formalaşır. Xüsusilə, regionda sülhə və əməkdaşlığa xidmət edə biləcək, bölgə ölkələrinin iqtisadi inteqrasiyasını həyata keçirəcək, Türkiyə prezidentinin irəli sürdüyü iqtisadi əməkdaşlığı özündə ehtiva edən, Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistanın daxil olacağı “Altılıq” platformasının baş tutması sual olaraq qalır. Çünki, İran Türkiyənin siyasi mövqeyinin artacağından dolayı, belə bir formatı qəbul etmir”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, son aylarda Tehranın desturiktiv mövqeyi bunu bir daha göstərdi. Xüsusilə, İranda hakimiyyətdə olan mühafizakarlar Türkiyə və Azərbaycana rəqib kimi baxırlar: “Gürcüstana gəldikdə isə, bu ölkə də, “3+3” platformasına isti baxmır. Rusiya ilə məlum əlaqələri qeyd edərək, belə bir layihədə yer almayacağını bəyan edib. Halbuki, Tiflisin belə bir paltformada yer almasının qarşısnı ABŞ alır. Vaşinqton da Türkiyənin Cənubi Qafqazda artan regional nüfuzunu qəbul etmir və belə bir platformaya qarşıdır. Çünki, Vaşiqnton Türkiyənin regional gücə çevrilməsində maraqlı deyil”.

Politoloqun sözlərinə görə, “G20” zirvəsində Türkiyə prezidenti Ərdoğan “Altılıq” platformasını ABŞ və Fransa prezidentləri ilə də müzakirə edib: “Hər iki ölkə belə bir platformanı Ankaranın birbaşa vasitəçilyi ilə yaradılmasını qəbul etməsə də, Ərdoğan Cənubi Qafqazda ölkəsinin təkbaşına regional bir nizamı formalaşdırmaq gücündə olduğu mesajını verir. Qeyd edim ki, regionda “Altılıq” platformasının qurulması mümkün görünümür. “3+3” formatının əvəzinə “2+2” formatı da yarana bilər. Bu da “Zəngəzur” dəhlizi açıldıqdan sonra mümkündür və platformada Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan yer ala bilər. “Zəngəzur” dəhlizinin açılması isə, Mərkəzi Asiya ölkələrinin regionla əməkdaşlığını artırar və Ankaranın vasitəçilyi ilə yeni bir iqtisadi əməkdaşlıq təşkilatı yaradıla bilər. Ona görə də “Altılıq” platformasının yaradılması mümkün deyil. Bunun əvəzində isə, yeni bir iqtisadi əməkdaşlıq təşkilatı yaradıla bilər”.
Müşviq Tofiqoğlu
KONKRET.az
