30 illik köləlikdən azad olundu – FOTObackend

30 illik köləlikdən azad olundu - FOTO

KONKRET.AZ-ın Orta Asiya ölkələri üzrə bürosu Qazaxıstan mediasına istinadla xəbər verir ki, hələ Sovet dövründə bu ölkəyə gələn 30 yaşlı kişi 30 ildən sonra əmək köləliyindən azad edilib. 60 yaşlı kişinin azad olunması tam təsadüfdən baş verib. O, son zamanlar çox giley-güzar edirmiş, başına gələnləri kimə gəldi danışırmış. Nəhayət onun səsinə səs verən tapılır.

Məlum olur ki, Dmitri adlı bu şəxs Sovet İttifaqının şanlı dövründə pul qazanmaq üçün Qazaxıstana gəlib. Bu illər ərzində işinin müqabilində ona heç vaxt pul verilməyib, yalnız səhər yeməyi və əyin-baş alınıb ki, ac-yalavac qalmasın, soyuqdan donmasın. O, gah maldarlıqla məşğul olub, gah qapıçı, gah da xidmətçi olub. Hələ o vaxt iş sahibləri onu inandırmağa çalışıblar ki, evə göndəriləndə əməkhaqqını alacaq.

İlk dəfə o, Kokşetav bölgəsində köləlik vəziyyətinə düşüb və son 11 ildə yaşadığı Almatı bölgəsində başqa birinə kölə kimi satılıb.

“Soba da qaladım, qar da təmizlədim, həyət də süpürdüm, mal-qaraya baxdım. Mənə heç harda pul vermədilər, işləməyə məcbur etdilər və yalnız məni evə göndərəcəklərini vəd etdilər. Ancaq heç evim olmadı. Ev sahibləri məni döyürdülər. İçkili olduqları zaman əylənmək üçün tez-tez döyülürdüm. Heç vaxt ayrıla bilmədim. Çünki gedəcəyim yer yox idi, nə qohumlarım, nə tanışlarım var idi. Hara gedəcəkdim ki?!”,– deyə Dmitri yanğılı şəkildə danışır.

O, Almatı bölgəsinə pul qazanmaq üçün gələn bir qayğıkeş insanla rastlaşaraq təsadüfən əsirlikdən qurtulub:

“Adı Ruslandır, qazaxdır, amma Rusiyada yaşayır. Həyətdən kənara çıxa bilmədiyim üçün onunla görüşdük və hasardan danışmalı olduq. Məni köləlikdə saxladıqlarını söylədim. Mənə kömək edəcəyini vəd etdi. Dostlarını toplayıb ev sahibi ilə danışmağa gəldi. Əvvəl mübahisə oldu. Sonra əlbəyaxa dalaşdılar. Sonra bax beləcə azad oldum”.

Uzun illər onu qul kimi saxlayanlara qarşı polisə ifadə vermək fikrində deyil Dmitri. Ancaq sağlamlığını düşünür, ayaqları ona əziyyət verir, mədəsi ağrıyır. Hüquqi və psixoloji yardımla təmin edilir. SSRİ pasportu olan Dmitriyə Rusiya Federasiyası vətəndaşlığının veriləcəyi gözlənilir.

Ehtimal edir ki, Nijni-Novqorodda qohumlarına qovuşa bilər.

İldırım Musayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*