Bakının mərkəzində TƏHLÜKƏ – RƏSMİ AÇIQLAMA / FOTOFAKTbackend

Bakının mərkəzində TƏHLÜKƏ - RƏSMİ AÇIQLAMA / FOTOFAKT

Bakının Səbail rayonu ərazisində aparılan tikinti işləri təhlükəli vəziyyət yaradıb. Söhbət 20-ci sahə dairəsində yerləşən və “Elay“ şadlıq sarayına bitişik olan qeyri-yaşayış obyektindən gedir.

KONKRET.az-a bu barədə ətraf ərazidə yaşayan sakinlər tərəfindən məlumat daxil olub.

Obyektin “Elay”ın sahibi tərəfindən inşa olunduğu iddia edilir. Bildirilir ki, işbazlar tikintini şəhərsalma və tikinti normalarına zidd aparmaqla yanaşı, ərazidəki səki sahəsini də zəbt ediblər və bu hal əhalinin təhlükəsizliyinə, habelə rahat hərəkətinə ciddi manelər yaradır.

Əldə etdiyimiz məlumata görə, qeyd olunan ünvandakı təmir-bərpa və yenidənqurma işləri aidiyyəti qurumlar tərəfindən görülmüş tədbirlər nəticəsində dayandırılsa da, tikintinin tam olaraq aradan qaldırılması istiqamətində konkret nəticə əldə olunmayıb.

Məsələ ilə bağlı sorğumuza Dövlət Şəhərsalma və Arxitektura Komitəsi belə açıqlama verib: “Bakı şəhəri Səbail rayonu 20-ci sahə ərazisində (“Elay” şadlıq evinə bitişik ərazidə) qeyri-yaşayış obyekti ətrafında özbaşına tikinti işlərinin həyata keçirilməsi ilə bağlı daxil olan sorğuya əsasən ərazidə şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində piyadaların hərəkətini məhdudlaşdıran qanunsuz tikinti faktı təsdiqini tapıb. Eyni zamanda, şəhərsalma, memarlıq və tikinti sahələrində aşkar olunmuş pozuntuların aradan qaldırılması, mövcud qanunvericiliyin və normativ-hüquqi aktların tələblərinə uyğun tədbirlərin görülməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən son iki həftə ərzində Bakı Şəhər İcra Hakimiyyətinə, Səbail Rayon İcra Hakimiyyətinə və digər aidiyyəti qurumlara məlumat verilib”.

Natiq Səlim, 

KONKRET.az

P.S. Mövzunu diqqətdə saxlayacağıq!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*