75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atan şəxslərlə bağlı QƏRARbackend

75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atan şəxslərlə bağlı QƏRAR

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Aypara Əsgərova və 1987-ci il təvəllüdlü Firuzə Seyidovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Mehdi Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd: İstintaqla məlum olub ki, Firuzə və Aypara söhbət zamanı maddi sıxıntılarından danışıb. Aypara hazırda 3 min manatdan çox borcu olduğunu deyərək vəziyyətdən şikayətlənib. Cinayət planı da məhz bu söhbət zamanı qurulub. Belə ki, vəziyyətdən çıxış yolu axtaran Firuzə rəfiqəsinə 75 yaşlı qonşusu Zeynəb İsmayılovadan söz açıb, təxminən 8 min manat pulunun olduğunu və banka qoymaq istədiyini eşitdiyini deyib.

Bu da rəfiqələrdə tamah yaradıb. Onlar yaşlı qadını öldürüb pulunu ələ keçirmək qərarına gəliblər. Bir neçə gün sonra plan həyata keçirilib.

Ahıl qadın paltaryuyan maşından istifadə etmək üçün Ayparanın evinə gəlib. Paltarları maşından çıxardığı anda Aypara və əvvəlcədən evdə gizlənən Firuzə çəkic və linglə qadının başına zərbələr endirərək onu huşsuz vəziyyətdə yerə yıxıblar. Sonra isə yastıqla boğaraq qətli tamamlayıblar.

Əli qana batan rəfiqələr əvvəlcə mərhumun boynundan asdığı torbanı açaraq içindəki 8 min manat pulu və ümumi dəyəri 3 min manat olan üç ədəd qızıl boyunbağını götürüblər. Daha sonra meyiti həyətdə yerləşən dərin su quyusuna atıblar.

Növbəti plan isə cinayəti gizlətmək olub. Bunun üçün rəfiqələr şayiə yayıblar ki, guya Zeynəb İsmayılovanı sonuncu dəfə kəndin yuxarı hissəsinə gedərkən görüblər. Qısa müddətdə polis əməkdaşları kəndin hər bir künc-bucağında axtarışa başlayıb.

Axtarış zamanı polisi ilk şübhələndirən məqam isə Aypara Əsgərovanın həmin gecə müxtəlif mağazalara 3 min manat borc ödəməsi olub.

Sorğu-sual zamanı o, qonşusunun harada olduğunu bilmədiyini desə də, növbəti mərhələdə xüsusi təlim keçmiş it cinayətin izinə düşüb. Qətlə yetirilən qadının paltarından iy götürən it istintaqçıları birbaşa meyitin atıldığı quyuya aparıb. Nəticədə qadının meyiti 10 metr dərinlikdən çıxarılıb.

Əvvəlcə Aypara, iki gün sonra isə cinayətdəki şəriki Firuzə həbs edilib.

Məhkəmə zamanı Aypara Əsgərovanın saxlanıldığı gün Türkiyəyə qaçmağa hazırlaşdığı da məlum olub. Tamahlarına uyan qadınların cinayət əməli müxtəlif sübutlar və şahidlərin ifadələri əsasında təsdiqini tapıb.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Firuzə İsmayılova 15 il, Aypara Əsgərova isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*