Təqvimdə müəyyən bayramlar var ki, onların özünəməxsus tarixi var. Belə bayramlardan biri də 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Vaxtilə qadın haqqları uğrunda aparılan mübarizənin nəticəsi olaraq hər il qadınlar bu günü bayram kimi qeyd edir. Lakin son vaxtlar 8 Mart əslində bir qədər öz məğzindən uzaqlaşıb. Bu gün daha çox hədiyyə alverinə çevrilib.
Bəs görəsən bunun səbəbi nədir? Niyə qadınlar gününü “hədiyyə” gününə çevirmişik?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını sosioloq Lalə Mehralı cavablandırıb.
O bildirib ki, “Bizə hansı formada sərf edirsə, bayramları da həmin formada qeyd edirik. Bayramın tarixi, əhəmiyyəti, ritualları bizim üçün vacib deyil. Təəssüf ki, əksərimizi yalnız alacağımız və verəcəyimiz hədiyyələr maraqlandırır. Azərbaycan Şərqdə qadına ilk dəfə seçki hüququ verən birinci dövlət olub. Lakin hazırda qadın haqlarının qorunması üçün ciddi mübarizə gedir. Qadınlar döyülür, söyülür, öldürülür, sığınacağa üz tutmaq məcburiyyətində qalır. İş həyatında qadınlar müəyyən diskriminasiyaya məruz qalır, sıxışdırılır. Yolda diqqət etsəniz, qadın sürücülərin sıxışdırılmasının şahidi ola bilərsiniz. Məncə, mətbuat 8 Mart ərəfəsində bu məsələləri araşdırmalıdır. Bu günün tarixi barədə əsaslı araşdırmalar aparılmalıdır”.

Sosioloqun fikrincə, gənc nəsil günün əhəmiyyəti haqqında məlumatlı deyil:
“8 Martın məğzinin əslində hədiyyə almaq olmadığına dair maarifləndirmə işləri aparılmalıdır. Çoxu bu günün məğzinin yalnız hədiyyədən ibarət olduğunu düşünür. Bu gün gənc nəsil 8 Martın tarixi ilə bağlı müfəssəl məlumata malik deyil. Məktəblərdə bu barədə maarifləndirmə işi çox zəifdir. Uşaqlar özləri də araşdırma aparmır”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
