ABŞ hərbçiləri Kabildə yerləşən hava limanı ərazisinə daxil olmaq istəyən izdihama atəş açıb.
KONKRET.az xəbər verir ki, bu barədə Pro TV televiziya kanalı məlumat yayıb.
Mənbə qeyd edir ki, hərbçilərin açdığı atəş nəticəsində bir neçə Əfqanıstan vətəndaşı həlak olub, yaralılar var. Lakin ölən və xəsarət alanların dəqiq sayı barədə məlumat verilmir.Məlumatın doğruluğunu hadisə yerindən çəkilmiş kadrlar da təsdiq edir.
Daha əvvəl isə Kabil Beynəlxalq Hava Limanının rəhbərliyi vətəndaşlara müraciət edib.
Müraciətdə vətəndaşlara icazəsiz hava limanı ərazisinə daxil olmağın qəti qadağan edildiyi bildirilib.
***
09:51
Amerikalı hərbçilər Kabil hava limanında havaya xəbərdarlıq atəşi açıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “AFP” agentliyi yayıb.
Məlumata əsasən, bir qrup insan Əfqanıstan paytaxtının yeganə hava limanında uçuş-eniş zolağına çıxdığından amerikalı hərbçilər havaya atəş açmaq məcburiyyətində qalıb.
“Mən burada çox qorxuram. Onlar havaya çoxlu atəş açır. Bir qızın necə tapdalandığını və öldürüldüyünü gördüm”, – deyə hadisə şahidlərindən biri agentliyə bildirib.
“Əl-Cəzirə” telekanalının daha əvvəl verdiyi məlumata görə, Kabil hava limanında helikopterlərin intensiv uçuşu səbəbindən xaos hökm sürür. Bu helikopterlərin ölkədəki diplomatik missiyaların əməkdaşlarını daşıdığı bildirilir. Telekanal həmçinin “Taliban” hərəkatından qaçmağa çalışan vətəndaşların hava limanına toplanmasını da vurğulayıb.
Qeyd edək ki, radikal “Taliban” hərəkatı avqustun 15-i Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarəti ələ aldığını elan edib.
