ABŞ məhz bu səbəblərə görə Türkiyə-Azərbaycan strateji tərəfdaşlığında maraqlıdırbackend

ABŞ məhz bu səbəblərə görə Türkiyə-Azərbaycan strateji tərəfdaşlığında maraqlıdır

Bu gün ictimai fikri məşğul edən məsələrdən bir də yeni ABŞ prezidentinin  Cənubi Qafqaz siyasətinin perspektivləridir. Son günlər bununla bağlı mətbuatda müxtəlif fikirlər səslənir, narahatlıqlar ifadə olunur. Xüsusilə də yeni dövlət katibi Entoni Blinkenin Ermənistanın baş naziri Nikol Paşinyana telefon açması bir sıra suallar doğurdu.

Doğrudur, Nikol bu telefon danışığından sonra elə bir ciddi açıqlama vermədi. Rəsmi İrəvan isə, ümumiyyətlə, bu məsələnin üstündə çox dayanmadı. Hətta bu telefon danışığı Azərbaycanda daha çox müzakirə olundu, nəinki Ermənistanda. Bu da onu göstərir ki, Ermənistan, xüsusilə də Paşinyan Qərbdən, o cümlədən ABŞ-dan bütün ümidlərini üzüb. Və son ümid yeri kimi Moskvaya baxır.

Bu cür münasibət isə təbii ki, Azərbaycanı qane edir. Çünki 10 noyabr sülh anlaşması və 11 yanvar bəyannaməsinin icrası daha çox Rusiyadan asılıdır. Paşinyanın Rusiyanın təsir dairəsində qalması da təbii ki, bəyan edilən niyyətlərin hasil olmasına xidmət edir.

Əslinə baxsan, Co Baydenin müşahidəçi mövqeyi xeyli təəccüblü görünür. 2 aya yaxın prezident kürsüsündə olmasına baxmayaraq, ABŞ prezidenti istər AB ilə, istər yaxın Şərqlə, istər Türkiyə, istərsə də Cənubi Qafqazla bağlı hansısa yeni fikir söyləməyib. Hətta Rusiya və Çinlə bağlı siyasət də Tramp hakimiyyəti dövründəkindən heç nə ilə fərqlənmir. Bu da bir daha onu sübut edir ki, ABŞ-da prezident heç də göründüyü kimi böyük səlahiyyətlərə malik deyil. Orda hər şeyi “dərin dövlət” müəyyən edir.

Prezidentlər isə yalnız ona verilən tezisləri əzbərdən deyir. Kimisi Donald Tramp kimi dəlicəsinə, kimisi də Co Bayden kimi təmkinli şəkildə. Belə bir vəziyyətdənsə onu çıxarış etmək olar ki, ABŞ-ın Cənubi Qafqaz, xüsusilə də Azərbaycana qarşı münasibətdə heç bir radikal dəyişiklik olmayacaq. Əksinə, Türkiyə faktoruna görə ABŞ-ın Azərbaycana münasibəti pozitiv istiqamətdə inkişaf edəcək. “Anadolu” Agentliyi ingilis politoloq, postsovet məkanı üzrə ekspert Taras Kuzionun fikirlərini öyrənib.

Politoloq qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq Qərbin Cənubi Qafqazda və ümumilikdə Yaxın Şərqdə təsirini artıraraq ABŞ-a maddi fayda gətirəcək. O bildirib ki,  Barak Obama və Donald Trampın prezidentlikləri  dövründə ABŞ Cənubi Qafqaza az əhəmiyyət verirdi. Lakin Co Baydenin prezident seçilməsi, bütün tərəflərə fayda gətirəcək Türkiyə-Azərbaycan strateji tərəfdaşlığını dəstəkləmək üçün bir fürsət açır. Mütəxəssis Türkiyə-Azərbaycan strateji tərəfdaşlığının ABŞ-ın maraqlarına cavab verməsinin yeddi səbəbini qeyd edir.

Birincisi, Türkiyə NATO üzvüdür. Blokda ikinci ən böyük silahlı qüvvəyə sahibdir – 437 min nəfər. Bu, Fransa və Böyük Britaniyanın birləşmiş qüvvələrindən (364 min nəfər) çoxdur. İncirlik hava bazası Suriya, İraq və Əfqanıstanda ABŞ hərbçilərinin yerləşdirilməsi üçün istifadə edildi və digər istiqamətlər üçün bir hazırlama postudur.

İkincisi, Azərbaycanla strateji əlaqələr saxlayan Türkiyə Cənubi Qafqazda geosiyasi rol oynamağa qadirdir. Prezident Baydenin ATƏT-in Minsk qrupu daxilində ABŞ-ın səylərini yeniləyəcəyi gözlənilir. Bu, Türkiyənin Cənubi Qafqazdakı varlığını daha da vacib hala gətirir.

Üçüncüsü, Vaşinqton Türkiyəyə bölgədə Səudiyyə Ərəbistanına alternativ olaraq baxa bilər.

Dördüncüsü, Türkiyə və Azərbaycan ABŞ-ın Böyük Orta Şərqdəki əsas müttəfiqi olan İsrail ilə geopolitik əməkdaşlığı davam etdirirlər. Həm İsrail, həm də türk pilotsuz təyyarələri Azərbaycanın apardığı 44 günlük müharibədə Ermənistanı məğlub etməsində mühüm rol oynadı.

Beşincisi, Türkiyə İrana qarşı çıxmaq üçün vasitəsi, bacarığı və iradəsi olan yeganə regional oyunçudur.

Altıncısı, Türkiyənin Azərbaycanla strateji tərəfdaşlığı ABŞ və NATO-ya da müsbət təsir göstərir. Azərbaycan blokun rəhbərliyi altında bir çox sülhməramlı əməliyyatlarda iştirak edib. Türkiyə Azərbaycan üçün NATO ilə daha dərin strateji tərəfdaşlığa bir körpü ola bilər.

Yeddinci, İkinci Qarabağ müharibəsindən sonra Türkiyə və Azərbaycanın təsiri şərqə, Orta Asiyaya yayıldı. Azərbaycan və Türkmənistan Xəzər dənizindəki “Dostluq”  yatağının birgə işlənməsi barədə razılığa gəldi. Azərbaycan və Qazaxıstan Aktau limanının Türkiyə və Avropa istiqamətində tranzit potensialının artırılması üçün danışıqlar aparır.

Amerikalı politoloqun dediyi kimi, Türkiyə-Azərbaycan iqtisadi və enerji dəhlizi hər iki ölkəyə böyük iqtisadi fayda gətirir və Avropaya enerji tədarükünü artırır. Türkiyə ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq, Qərbin Cənubi Qafqaz və ümumilikdə Orta Şərqdəki təsirini getdikcə artıracaq. Bundan ABŞ da çox böyük maddi və siyasi fayda gətirəcək.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*