Avropa Parlamentində yenə anti-Azərbaycan ovqatı – Dəhliz və status müzakirələribackend

Avropa Parlamentində yenə anti-Azərbaycan ovqatı - Dəhliz və status müzakirələri

Avropa Parlamentində (AP) ATƏT-in nazirlər konfransı çərçivəsində müzakirələr keçirilib. Avropa millət vəkilləri parlament müzakirəsinə Avropa İttifaqının Cənubi Qafqazla məşğul olan iki yüksək vəzifəli rəsmisini dəvət ediblər.

KONKRET.az bildirir ki, müzakirələrdə Azərbaycanın mənafeyinə uyğun olmayan fikirlər gündəmə gətirilib. Avropa Parlamentinin Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand deyib ki, Azərbaycan Qarabağ məsələsini müzakirə etməkdən imtina edir:

“Azərbaycan gündəliyə Dağlıq Qarabağ məsələsinin salınmasından imtina edir. Onlar deyirlər ki, bu, Ermənistan və Azərbaycan arasında olan münaqişədir”.

Avropa İttifaqı Xarici Fəaliyyət Departamentinin nümayəndəsi Lyuk Devin deyib ki, Aİ imkanında olan hər şeydən istifadə edir. Diplomat bu istiqamətdə kifayət qədər iş görülmədiyinə dair tənqidləri rədd edib: “Hərbi gücünün olmadığı bir şəraitdə Avropa İttifaqı bundan artıq nə edə bilər ki? Yeri gəlmişkən, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən təkcə Fransa deyil, ABŞ-ın da orada qoşunları yoxdur. Ötən il olduğu kimi tüfənglər atanda, diplomatlar üçün bunun qarşısını almaq və ya dayandırmaq çox çətin olur”. Həmçinin, L.Devin dəhliz məsələsinə toxunaraq deyib ki, 9 noyabr üçtərəfli bəyanatında söhbət dəhlizdən yox, bütün iqtisadi bağların blokdan çıxarılmasından gedir.

Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərini Rusiya və Türkiyə ilə müzakirə edir | Report.az

Lyuk Devin

Görünən odur ki, Avropa İttifaqı təsisatları Qarabağ və dəhlizlərin açılması məsələlərində ziddiyyətli, ən başlıcası pozucu tonda çıxış edirlər. Hər vasitə ilə vəziyyəti ermənilərin xeyrinə dəyişmək istəyirlər. Avropa Parlamentinin əksər deputatları həmişə anti-Azərbaycan mövqeyində olublar və bu yenilik deyil. Amma özünü barış və sülh tərəfdarı kimi göstərən Aİ-nin əsas təsisatı iki ölkə arasında, eləcə də Qarabağda kövrək sülhə qarşı mövqe sərgiləyir ki, bu da anlaşılan deyil. Hətta müzakirələrdə səslənən fikirlərdən belə aydın olur ki, Aİ Azərbaycana qarşı hərbi gücdən istifadə edə bilmədikləri üçün məyusdurlar.

Bundan az əvvəl isə AP-ın 33 deputatı qətnamə ilə çıxış edərək Azərbaycanı Ermənistana təcavüz etməkdə günahlandırmışdılar. Ümumən, AP-da Fransadan 70-dən yuxarı deputat var. Azərbaycanlı şərhçilərin təxminlərinə görə, qətnamə ilə çıxış edən 33 nəfər ya fransız deputatlardır, ya da erməni lobbisi tərəfindən pulla alınmışlardır. Lakin AP-ın nazirlər konfransında gedən son müzakirələrdən də belə qənaət hasil olur ki, bu qurum Azərbaycana qarşı bütün ədalət hissini itirib.

Qabil Hüseynli: "Lokal müharibə ilə Nikolun dərsini vermək lazımdır" - MÜSAHİBƏ

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Avropa Parlamentinin mövqeyi hiddət doğurmaya bilməz. Onun fikrincə, torpaqlar işğalda olanda bu qurum belə cidd-cəhdlə səy göstərmirdi: “Azərbaycan Ordusunun əks-hücum əməliyyatları beynəlxalq hüquq normalarına uyğun gələn hərəkət idi. İndi isə sülh danışıqlarına sabotaj qatan tərəf Ermənistandır. Mənə təəccüblüdür ki, Avropa Parlamenti nə vaxtdan İrəvanın çaldığı havaya oynamağa başlayıb?! Məgər avropalı deputatlar hiss etmirlər ki, çıxışlarında xristian təəssübkeşliyi var, bütün beynəlxalq hüquq normalarını aşıblar və Azərbaycana açıq-aşkar təzyiq göstərilir? Ümumiyyətlə, belə böyük bir qurumun ermənilərin himayəsinə qalxması biabırçılıqdır”.

Q.Hüseynli hesab edir ki, Azərbaycanla, ümumən heç bir ölkə ilə bu cür təzyiq dilində danışmaq olmaz: “Ancaq Qərbdə Paşinyanı daha da ruhlandırırlar və danışıqlar prosesində bizi günahlandırırlar. Birincisi, günahı Avropa İttifaqının Ermənistana dəstəyində görməlidirlər. Çünki Ermənistanı təşviq edərək danışıqlardan yayınmağa çağırırlar. Bu gün İşçi Qrupunda sərhədlər məsələsini, kommunikasiyaların açılmasını pozan tərəf İrəvandır. Odur ki, Avropa Parlamenti bizə qarşı qərəzi ilə Ermənistanın prosesi pozmasına stimul verir”.

Zaur Məmmədov: Azərbaycan bütün məsələlərdə hər zaman Türkiyənin yanındadır - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaur Məmmədov

Bakı Politoloqlar klubunun sədri Zaur Məmmədovun sözlərinə görə, Aİ-nın nümayəndələrinin Stokholmda görüşləri, habelə Azərbaycan və Ermənistan XİN başçıları ilə müzakirələri göstərir ki, “Qoca qitə”nin Cənubi Qafqazda proseslərə müdaxilə etmək, töhfə vermək şansı yoxdur: “Onların siyasi, iqtisadi və hərbi mexanizm imkanları mövcud deyil. Avropa İttifaqı nümayəndəsinin qurumun bölgədə hərbi gücə malik olmadığını, Rusiyanın isə olmasını söyləməsi deməyə əsas verir ki, kim hərbi gücə sahibdirsə, regiona tez çata bilirsə, o da hadisələrə təsir etməyə qadirdir. Azərbaycan üçün prioritet Rusiya və Avropa İttifaqı arasında bir yarışın olmasıdır, hansısa tərəfin dominantlığına yol verilməməsidir. Amma biz Qərb dedikdə onların kifayət qədər şaxələndiyini bilməliyik, müxtəlif fikirlərə yol verildiyini boynumuza almalıyıq”.

Z.Məmmədov Azərbaycanın soyuq ağılla siyasət apardığını düşünür: “Bakı yaxşı bilir ki, Ukrayna və Gürcüstan kimi birbaşa Avropa İttifaqına inanmaq sadəlövhlük olardı. Fransa və Almaniyanın Rusiyaya Ukraynanın şərqində baş verənlərə görə heç bir təzyiqi olmadı. Necə ki, Minsk Qrupu 30 ildə Ermənistana təzyiq göstərmədi. Çünki Avropanın bu ölkələri Rusiyadan asılı vəziyyətdədir. Digər tərəfdən, Ukraynada status-kvo böyük güclərin maraqlarına cavab verir. Ona görə soyuqqanlı olmaq lazımdır. Biz yaxşı başa düşürük ki, hər bir gücün bölgədə öz maraqları var və bunun üçün anti-Azərbaycan siyasətini yeri gələndə gücləndirəcəklər. O baxımdan hərbi-siyasi, informasiya imkanlarımızı artırmalıyıq”.

Politoloq Aİ rəsmisinin dəhlizlə bağlı söylədiyini təhrik edilmiş sayır: “Erməni müxbirin istədiyi istiqamətdə verdiyi suala hansı yöndə cavab verdiyini görməliyik. 10 noyabr sənədində ”dəhliz” sözü istifadə edilməyib, amma bəyanatın 9-cu maddəsində Ermənistanın Naxçıvanla Azərbaycanın Qərb bölgəsi arasında quru yolundan gediş-gəlişin maneəsiz istifadənin təmin etməsi qeyd olunub. Yəni “maneəsiz” sözü koridor deməkdir. Çünki Ermənistanın istədiyi gömrük və sərhəd xidmətinin olması artıq maneə yaradan məsələdir və yol anlamına gəlir. Ona görə “maneəsiz” sözünün istifadəsi, o cümlədən Laçınla bağlı “maneəsiz” ifadəsinin sənəddə istifadə edilməməsi Avropa rəsmiləri tərəfindən nəzərə alınmalıdır. Bütün hallarda nəqliyyat-kommunikasiyalar məsələsində top Ermənistandadır. Əgər layihələrin reallaşmasını istəmirlərsə, buyursunlar. Amma bizim xəbərdarlığımız odur ki, sərhəd və kommunikasiya həllini tapmasa, gələcək sülhə xələl gətirəcək, o zaman məsuliyyət Ermənistan və havadarlarının üzərində qalacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*