Avtobus sürücüləri xaricə gedir, çünki… – Nəqliyyatla bağlı sirlər açılırbackend

Avtobus sürücüləri xaricə gedir, çünki... - Nəqliyyatla bağlı sirlər açılır

İctimai nəqliyyatda son dövrlər sürücü–sərnişin münasibətlərində gərginliyin artdığı müşahidə olunur. Marşrut xətlərində çalışan sürücülər uzun və fasiləsiz iş saatları, sıx qrafik, tıxac və planı yerinə yetirmək təzyiqi altında fəaliyyət göstərirlər. Bu isə bəzən emosional gərginliyə və mübahisələrə gətirib çıxarır.

Digər tərəfdən, sərnişinlər də təhlükəsiz və rahat xidmət gözləyir. Mövcud şəraitdə nəqliyyat sistemində hansı islahatlar aparıla bilər ki, həm sürücülərin iş yükü azalsın, həm də ictimai nəqliyyatda təhlükəsizlik və xidmət keyfiyyəti yüksəlsin?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, avtobus sürücüləri və sərnişinlər arasında bəzən neqativlər yaşanır. Amma əvvəlki illərə baxanda bu kimi hallar kifayət qədər azalıb.

İctimai nəqliyyat tam bərbad vəziyyətdədir" - NƏQLİYYAT EKSPERTİ AYDINLIQ GƏTİRDİ - Avtosfer.az

Elməddin Muradlının sözlərinə görə, daşıyıcı şirkətlər işçilər götürərkən, onlarla mütləq profilaktik iş aparmalıdır. Onların istirahət və iş rejiminə diqqət etməlidir. Bunlar çox önəmli məsələlərdir.

“Təbii ki, artıq iş saatı aqressiya yaradır. Bunu heç kim dana bilməz. Bu, praktikada da özünü göstərir ki, artıq iş saatları işçini yorur, əsəb-gərginlik yaşadır. Bu da ümumi işin zərərinə olan nüanslardan biridir”,- deyə ekspert əlavə edib.

Nəqliyyat eksperti Elməddin Muradlı məsələ ilə bağlı təklif irəli sürüb:

“Biz də təklif edirik və qanunvericilikdə də öz əksini tapır ki, insanların normal iş və istirahət rejimi olmalıdır. Belə olan halda, problemlər də aradan qalxmış olar”.

“Ancaq bu gün avtobus sürücüsü tapmaq bir az çətindir. Bunu açıq şəkildə etiraf etmək lazımdır. Avtobus sürücüləri daha yüksək gəlir əldə etmək üçün (onların təbii haqqıdır) xarici ölkələrə üz tuturlar. Çünki Azərbaycanda nağdsız ödənişlərə keçid başlayandan sonra avtobus sürücülərinin bir çoxu “bu, bizə sərf etmir” deyib, başqa-başqa ölkələrə gedirlər. Nəticə etibarilə, bu gün sözün həqiqi mənasında Azərbaycanda avtobus sürücüsü qıtlığı yaranıb. Bu da qurumları məcbur edir ki, əllərində olan işçi heyəti ilə daha böyük iş görməyə çalışsınlar. Belə halda da yaxşı nəticə olmur. Bu kimi aqressiv problemlər üzə çıxır. Ümid edirik ki, iş və istirahət məsələsinə diqqət yetiriləcək və bununla da aqressiv münasib aradan qalxmış olar”, deyə E. Muradlı sonda vurğulayıb.

Dəniz Pənahova

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*