“Dövlətin pandemiya ilə mübarizəsini çox yüksək qiymətləndiririk. İstənilən vaksin var, modul xəstəxanalar tikildi və sairə. Amma adi həyata qayıtmağın zamanı deyilmi?”
KONKRET.az xəbər verir ki, bu barədə tanınmış teleaparıcı Azər Qərib fikir səsləndirib.O bildirib ki, Qarabağın dirçəlməsinə külli miqdarda vəsait lazımdır. Həmin vəsaitlər həm də biznesin verdiyi verigilərdən formalaşır. Amma turizm biznesi elə bir haldadır ki, özünə vəsait lazımdır: “Hər gün İçəri Şəhərdən keçirəm, ürəyim ağrayır. Üç il əvvəl buralar qaynayırdı, turist əlindən tərpənmək olmurdu, indi isə tək-tük ərəb gəzir. Ölkədə olan kafelər, restoranlar, otellər, dükanlar və digər bu kimi obyektlər turizm hesabına dolanırdı. Dünən vergi verirdilər, bu gün can verirlər. Ona görə də sərhədlər açılmalıdır, turist axını bərpa olunmalıdır, bəzi qadağalar və tələblər aradan qaldırılmalıdır. Çünki indiki dövrdə səyahəti planlaşdıran insan ilk növbədə konkret ölkənin qaydalarına baxır və qərar verir”.
Azər Qərib əlavə edib ki, ölkəyə gələnlərdən test istəyirik. Əgər vaksin varsa, nəyə lazımdır əlavə tələblər? Hətta Azərbaycan vətəndaşı da gələndə test verməlidir: “ÜST qayda qəbul edib, hava limanında qeydiyyat növbəsində durarkən sosial məsafə istəyir. Amma təyyarədə bir cərgədə üç nəfər ağız-ağıza otururuq. Gürcustanla sərhədlərimiz bağlıdır. Quru yolla getmək üçün xüsusi icazə almalısan, niyə? Hava yolları ilə gedib-gəlmək olar, quru yolla yox, məntiq varmı? Yəni sənin pulun varsa bilet alıb gəlib-gedə bilərsən, yoxdursa, otur evdə? Bu yaxınlarda Antalyadan qayıtdım, həyat qaynayır orada, PCR testi istəyən də yoxdur gələnlərdən. Yalnız Türkiyə deyil, Balkan ölkələri də keçmiş həyata qayıdıblar, Latın Amerikasında bir neçə ölkə, ümumiyətlə, bütün məhdudiyyətləri aradan qaldırıb, ÜST-ün diktaturasına “Dur!” deyənlərin siyahısı artıb. Avropanın bəzi ölkələri tursitləri itirirlər, daha diribaş ölkələr o turistləri özlərinə cəlb edirlər, biz də bunu etməliyik. Turistləri itirənlərin pulları çoxdur, biraz da qapanmada qala bilərlər, amma biz artıq açılmalıyıq. Qiymətlər gündən-günə artır, qazancı olmayan bu qiymətlərə necə tab gətirsin?”

Teleaparıcının sözlərinə görə, turizm dirçəlsə, bu zaman iş yerləri çoxalar, insanlar evlərinə çörək apararlar: “Adətən belə fikirləri səsləndirəndə pafoslu kovidsevərlər düşürlər adamın üstünə ki, “camaatı çaşdırmayın”, “təhlükə böyükdür” və sairə. Şəxsən mən heç kimi çaşdırmıram, vaksin də vurmuşam. Sadəcə mən ÜST-ün vahiməlik siyasətinə qarşı çıxış edirəm. Bir balaca ara sakitləşən kimi, yenidən düşürlər bəşəriyyətin “ÜST”ünə. “Axı omikron var, siz necə buna inanmırsınız, bu ştamm mövcuddur, sadəcə sizin mikrobiologiyadan başınız çıxmır” deyirlər. Mən ştamm olduğunu bilirəm. Dünən delta olub, bu gün omikrondur, sabah zərzibon olacaq, mikrobiologiya əjdahaları bilirlər ki, bu proses dayanan deyil. Sadəcə sual odur ki, bu xəbəri yayıb insanları vahimədə saxlamağın məqsədi nədir?. İndi də bəlli olur ki, omikron o qədər də qorxulu deyil. Pandemiya söhbətində qaranlıq məqamlar kifayət qədərdir, amma bu məqamlar haqda danışmağa artıq nə hal var, nə də istək. İstək yalnız odur ki, ölkəmizdə turizm ayağa qalxsın, yalnız daxili turizmlə iş düzəlmir. Hörmətli Operativ Qərargah! Nə olar, nəzərə al istəklərimizi”.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Azər Qərib doğru deyir. Amma heç Tramp bacarmadı virus təbliğatı ilə.