Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə işgüzar səfərə gedib. Bununla yanaşı dünən İsrail Prezidenti İsaak Hersoqun Ankarada rəsmi qarşılanma mərasimi olub. Bu, İsrail Prezidentinin 14 il sonra Türkiyəyə ilk səfəri oldu.
Maraqlıdır, Azərbaycan və İsrail prezidentlərinin Türkiyə səfərləri regiona nə vəd edir? Belə bir məqamda prezidentlərin üçtərəfli görüşü baş tuta bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Fəqani Məhərrəmli bildirib ki, Türkiyədə keçirilən və keçiriləcək görüşlər region üçün xüsusi önəm kəsb edir:

“Hazırda bütün dünyada balans dəyişir. Baş verən hadisələrin fonunda dünya dövlətlərinin liderləri arasında görüşlər keçirilir. Azərbaycan da artıq daha böyük regionda söz sahibinə çevrilib. Bu, Azərbaycan Prezidentinin siyasəti, diplomatiyası hesabına baş verib. Düşünürəm ki, Türkiyədə keçirilən və keçiriləcək görüşlər xüsusi önəm kəsb edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən İsrail Prezident İsaak Hersoqla görüşdü. Görüşdə iki ölkə arasında diplomatik münasibətlərin yenidən qurulması və daha üst səviyyəyə çıxarılması, Avropanın enerji təhülkəsizlik məsələləri müzakirə olundu. İsrailin Aralıq dənizi sahillərində çox böyük neft-qaz yataqları var. Bu qazın əvvəllər Kipr və Yunanıstan üzərindən Avropaya daşınması müzakirə olunurdu. ABŞ da bu məsələyə dəstək verirdi. Təqribən iki ay əvvəl ABŞ bu dəstəyini geri çəkdi. Çünki həmin layihə çox bahalı idi. Nəticədə Türkiyəsiz bu işin alınmayacağı məlum oldu. İsrailin qaz ehtiyatlarının Türkiyə üzərindən Avropaya ötürülməsi və Avropanın enerji təhlüksəziliyinin təmin olunması liderlər arasında dünən keçirilən görüşdə müzakirə olundu. Türkiyənin XİN rəhbəri Çavuşoğlu bu yaxınlarda İsrailə səfər edəcək. Avropanın qaz təhlükəsizliyinin təmin edilməsində Azərbaycan da mühüm rol oynayır. Görüşlərin məhz belə bir ərəfədə keçirilməsi də bundan irəli gəlir”.
Politoloq bildirib ki, Rusiya və Ukrayna Azərbaycanla Türkiyənin vasitəçiliyindən məmnundur:
“Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlar Avropanın enerji təhülkəsizliyinə ciddi risk yaratdı. Avropa artıq bu təhülkəni başa düşüb. Görünür, proseslər uzun müddət davam edəcək. Ona görə də, Avropa alternativlər axtarışındadır. Ən etibarlı alternativlərdən biri də məhz Cənub Qaz Dəhlizidir. Məlumdur ki, Rusiya ilə Ukrayna arasında vasitəçi qismində həm də Azərbaycan və Türkiyə Prezidentləri çıxış edir. Hər iki tərəfin Türkiyə və Azərbaycanın vasitəçiliyinə çox böyük etibarı, etimadı var və bu vasitəçilikdən məmnundurlar. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara görə Avropa vasitəçi kimi qəbul oluna bilməz. Çünki Avropa artıq tərəfdir. Bu mənada üçtərəfli görüşlərdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması, atəşkəsin mümkün variantlarda tətbiq edilməsi müzakirə oluna bilər. Atəşəkəs ehtimalı çox az olsa da, tərəflər buna cəhd edəcək. Son günlər Ermənistanın Dağlıq Qarabağdakı qanunsuz silahlı birləşmələri atəşəkəsi pozur. Separatçıların törətdiyi təxribatlar da görüşün əsas mövzularından biri ola bilər”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
