21-ci əsr texnologiya əsridir. Lakin texnologiya bəzən həyatımızı asanlaşdırdığı kimi çətinləşdirə də bilir. İnformasiyanın vacib olduğu belə bir dövrdə bəzən məlumatlarımız üçüncü şəxlərin əlinə keçir. Zaman-zaman müxtəlif şirkətlərin və dövlət qurumlarının informasiya bazasına təşkil edilən kiberhücumlar isə bunu bir daha sübuta yetirir. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, əvvəllər kiber hücumlar hər 40 saniyədən bir həyata keçirilirdisə, indi bu,11 saniyədən bir baş verir. Nazir qeyd edib ki, paralel olaraq internetə qoşulan cihazların sayı da artıb.
Maraqlıdır, kiberhücumların sayı niyə artır? Bunun qarşısını almaq üçün nə etməliyik?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını İT üzrə mütəxəssis Qafar Əhmədov cavablandırıb. O bildirib ki, ən kiçik şirkətdən tutmuş aparıcı dövlət qurumlarına qədər hər yerdə kibertəhlükəsizlik təmin edilməlidir: “Təəssüf ki, Azərbaycanda bu məsələ çox da ciddiyə alınmır. Biz internetin sürətindən tutmuş, ən xırda məsələlərə qədər dünya ölkələri ilə rəqabətdə çox geridə qalırıq. Hətta deyərdim ki, bu sahənin inkişafı üzrə ən zəif ölkələrdən biriyik. Kibertəhlükəsizlik məsələsinə səthi yanaşıldığına görə belə problemlər də qaçılmaz olur. Elə şirkətlər və dövlət qurumları var ki, məsələnin ciddiyətini anlayır. Onlar peşəkar kadrları cəlb edərək lazımi tədbir görür. Əslində İT yeni sahədir. Azərbaycan da cəmi 30 ildir müstəqil olan ölkədir. Yəni bu sahə ölkəmizdə inkişaf mərhələsindədir. Hələlik ABŞ və Avropa standartlarına cavab verən kadr sayı çox azdır. Lakin xaricdə təhsi alan gənclərimiz kifayət qədərdir. Universitetlərimizdə də peşəkar kadrlar yetişdirilir”.
Ekspert bildirib ki, dövlət qurumlarında və şirkətlərdə şəbəkələr necə gəldi qurulur. Təhlükəsizlik tədbirlərinə əməl olunmur: “21-ci əsr informasiya əsridir. Bu dövrdə ən vacib məsələ informasiyadır. Adi istifadəçi səviyyəsində belə məlumatlarımız qorunmur. Məlumatlar bulud texnologiyasına yüklənmir və şirkətlərin vacib məlumatları lokal yaddaşda saxlanılır. Əslində bu çox mənfi haldır. Çünki sistem hər an çökə bilər. Hakerlər serverlərdəki boşluqlardan istifadə edib belə hücumlar təşkil edir. Şirkətlərin, dövlət qurumlarının vacib informasiyaları oğurlanır. Məlumatların surəti başqa bir yerdə olmadığına görə həmin hakerdən asılı qalırlar. Saytların çoxu lokal server üzərində yığılır. Texnologiya elə bir şeydir ki, heç vaxt tam təhlükəsizliyi təmin etmək mümkün deyil. İT daim inkişafda olan bir sahədir. Bu sahədə daha yaxşısı hər zaman var. Bu gün işlətdiyimiz mobil telefonun bir ay sonra daha üstün versiyası istehsal edilir. Təhlükəsizlik sistemi nə qədər güclü olsa belə, onu sındıran peşəkarlar mütləq olacaq. Ona görə də kibertəhlükəsizlik işinə cavabdeh olan şəxslər daim öz üzərində işləməlidir. Əgər informasiya önəmlidirsə şirkət özü bu məsələyə xüsusi diqqət ayırmalıdır”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
