Azərbaycanda orqan alveri ilə bağlı ŞOK faktlarbackend

Azərbaycanda orqan alveri ilə bağlı ŞOK faktlar

Azərbaycanda orqan transplantasiyası sahəsində baş vermiş qalmaqallı hadisə yenidən bu sahədə nəzarət mexanizmlərinin effektivliyi, qanunvericiliyin sərtliyi və etik prinsiplərin qorunması məsələlərini gündəmə gətirib.

Belə ki, ATU Tədris Cərrahiyə Klinikasının həkim-uroloqu Əmrah Əliyev insan orqanlarının alqı-satqısına cəhddə təqsirli bilinərək azadlıqdan məhrum edilib. İstintaq materiallarına görə, o, ağır xəstə üçün pul müqabilində donor tapmağa çalışıb və transplantasiya prosesini həyata keçirmək məqsədilə müəyyən addımlar atıb. Lakin məsələ Etika Komissiyasının araşdırması zamanı üzə çıxıb və transplantasiya baş tutmayıb.

Məlumat üçün bildirək ki, insan orqanlarının qeyri-qanuni alqı-satqısı ilə bağlı faktlar vaxtaşırı gündəmə gəlir. Sosial şəbəkələrdə böyrək və digər orqanların satışı ilə bağlı elanlara rast gəlinsə də, qanunvericilik donor orqanlarının alqı-satqısını qadağan edir və bu əməli cinayət hesab edir. Buna baxmayaraq, maddi çətinliklər, transplantasiya növbələrində gözləmə müddətinin uzunluğu və orqan çatışmazlığı qeyri-qanuni bazarın yaranması riskini artıran amillər kimi göstərilir.

Belə halların qarşısının alınması üçün mövcud qanunvericilik kifayət qədər sərtdirmi? Azərbaycanda insan orqanlarının alqı-satqısına görə qanunvericilikdə hansı məsuliyyət nəzərdə tutulur?

KONKRET.az xəbər verir ki, vəkil Ramil Süleymanov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası və donorluq fəaliyyəti müvafiq qanunvericilik aktları ilə ciddi şəkildə tənzimlənir. Qanunun 4-cü maddəsinə əsasən, transplantasiya məqsədilə donorluq iki qrup şəxsdən — meyit və canlı donorlardan həyata keçirilir. Meyit donorlardan orqanların götürülməsi mütləq şəkildə həmin şəxsin yaxın qohumlarının rəsmi razılığı ilə icra olunmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə görə isə istər canlı, istərsə də meyit donorlardan orqanların götürülməsi, saxlanılması və transplantasiyası yalnız xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşmış tibb müəssisələri tərəfindən həyata keçirilə bilər. Qanunun 9-cu maddəsinə müvafiq olaraq, dövlət bu sahədəki bütün fəaliyyətlərin icrasını mütləq qaydada razılaşdırıcı qurum vasitəsilə təmin edir və canlı donorlarla bağlı xüsusi prosedur normalar tətbiq olunur. Eyni zamanda, qanunvericiliyə əsasən, insan orqanlarının alqı-satqısı, habelə bununla bağlı hər hansı bir reklam fəaliyyətinin göstərilməsi, videoların çəkilməsi və səsləndirilməsi qəti qadağandır”.

Vəkil əlavə edib ki, ölkə ərazisində insan orqanlarının və toxumalarının qanunsuz alqı-satqısı, həmçinin qanunsuz donorluq və transplantasiya əməliyyatlarının keçirilməsi cinayət əməli hesab olunur: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137-ci maddəsinə əsasən, insan orqanlarının və toxumalarının, eləcə də donor orqanlarının alqı-satqısına görə 6000 manatdan 9000 manatadək məbləğdə cərimə, 2 ilədək müddətə islah işləri, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan 3 ilədək müddətə məhrum edilmə və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Qanunvericilikdə bu əməlin daha ağırlaşdırıcı hallarda törədilməsinə görə daha ağır cəza normaları da təsbit edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*