Deyirlər ki, şər deməsən, xeyir gəlməz. Lakin niyəsə heç vaxt başımıza pis hadisənin gələcəyini düşünmürük. Fikirləşmirik ki, bu gün qonşunun evində baş verən yanğın sabah bizim evdə də ola bilər. Ona görə də, əhali sığortaya birmənalı yanaşmır, bəzi hallarda onu pul tələsi kimi qəbul edir. Maraqlıdır, Azərbaycanda sığorta mədəniyyəti niyə formalaşmır? Maarifləndirmə işi azdır, yoxsa şirkətlər öz işini düzgün qaydada təşkil etmir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan sığorta məsələləri üzrə ekspert Kamran Babayev bildirdi ki, Azərbaycanda insanların çoxu sığortanın mahiyyəti barədə məlumatsızdır:
“Vətəndaşlar sığortanın nəyə təminat verdiyi, hansı hallarda sığorta ödənişi edilməsi barədə məlumatsızdır. Yəni sığortanın nə üçün lazım olduğunu bilmirik. Paytaxt əhalisi nisbətən bu barədə məlumatlıdır. Regionlarda yaşayan insanların sığortanın faydaları barədə, ümumiyətlə, məlumatı yoxdur. Avtonəqliyyat vasitələrinin icbari sığortası var. Həmin sığorta icbari olduğu üçün hər kəs bu barədə bilir. Lakin adından da göründüyü kimi bu, icbari sığorta növüdür və cərimə olunmamaq üçün həmin sığortanı edirlər. Daşınmaz əmlakın icbari sığortasında qanunla cərimə nəzərdə tutulub. Lakin nəzarət mexanizmi işləmir. Ona görə də, hazırda sığorta bazarımızın inkişafı istənilən səviyyədə deyil”.

Ekspert bildirib ki, könüllü sığorta üzrə müraciət edənlərin sayı azdır:
“Əslində bu, belə olmalı deyil. İnkişaf etmiş ölkələrin vətəndaşları özləri könüllü şəkildə sığortaya müraciət edir. Azərbaycanda sığorta bazarının inkişaf etməsi üçün hələ zaman lazımdır. Lakin bu istiqamətdə bəzi işlər görülür. Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən son dövrlərdə maarifləndirmə işləri aparılır. Görülən işlər sığortadan faydalananların sayına təsir edib. Lakin hələlik vəziyyət qaneedici səviyyədə deyil. Sayı artanların da əsas hissəsi sığortanın icbari növü üzrədir. Könüllü sığorta üzrə müraciət edənlərin sayı o qədər də çox olmur. Əsas məsələlərdən biri də hadisə zamanı sığorta şirkətlərinin operativ və çevik olmasıdır. Sığorta ödənişləri vaxtında edilməlidir. Vətəndaş sığorta şirkətlərindən yüksək xidmət görsə, növbəti dəfə özü sığortadan yararlanmaq istəyəcək. Həmçinin, ətrafındakı digər insanlara da bu barədə məlumat verəcək. Bütün bunlar sığorta bazarının ümumi inkişafına müsbət təsir edəcək”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
