“226 dövlət rüsumunun məbləği artırılır. Heç bir iqtisadi əsaslandırılması yoxdur və ola da bilməz. Bu, büdcəyə əlavə vəsitin cəlb olunmasından başqa bir şey deyil”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında tanınmış iqtisadçı ekspert Qadir İbrahimli səsləndirib. O bildirib ki, hökumət iri şirkətlərin vergi potensialını büdcəyə cəlb etmək əvəzinə yenidən camaatın cibinə əl qoyur. Bu isə növbəti bahalaşmaya səbəb olacaq: “Məsələn, dərman vasitələrinin dövlət qeydiyyatına görə rüsumların artırılması dərmanların bahalaşasına səbəb olacaq. Onsuz da dərman, eləcə də istehlak bazarının başqa seqmentlərində qiymətlər daim artır, rüsumların bahalaşması isə prosesi stimullaşdıracaq”.

Qadir İbrahimlinin sözlərinə görə, təəssüflər olsun ki, əhalinin gəlirləri artmır, yaxud cüzi artır ki, bu da bahalaşma tempinə adekvat deyil: “Hökumət bahalaşma siyasətindən imtina etməsə, yaxın aylarda sosial vəziyyət daha da pisləşəcək. Hətta vəziyyətin siyasi hakimiyyətin nəzarətindən çıxması ehtimalı da var. “Ac qılınca çapar” atalar sözü havadan götürülməyib”.
Müşviq Tofiqoğlu
KONKRET.az
