Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə sürətli inkişaf dinamikası ilə seçilən dövlətlərarası əlaqələr sırasında xüsusi yer tutur. Bu münasibətlər yalnız siyasi və diplomatik maraqlar üzərində qurulmayıb. Onun təməlində əsrlər boyu formalaşmış tarixi-mədəni yaxınlıq, ortaq mənəvi dəyərlər, dil və ədəbiyyat bağları, qarşılıqlı hörmət və iki xalqın bir-birinə münasibətdə nümayiş etdirdiyi səmimi dostluq dayanır.
23 avqust 2026-cı il isə Azərbaycan–Özbəkistan münasibətlərinin tarixində yeni bir səhifənin açıldığı gün kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanması iki ölkə arasındakı münasibətlərin siyasi-hüquqi baxımdan yeni mərhələyə yüksəldiyini nümayiş etdirdi.
Bu sənədin əhəmiyyətini yalnız onun adında axtarmaq düzgün olmazdı. Əsas məsələ “əbədi dostluq” anlayışının dövlətlərarası münasibətlərin bütün istiqamətlərinə – siyasətdən iqtisadiyyata, təhlükəsizlikdən nəqliyyata, təhsildən mədəniyyətə qədər geniş sahələrə yayılmasıdır.
Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin kökləri müasir diplomatik əlaqələrdən çox-çox əvvələ gedib çıxır. Ortaq türk və islam mədəniyyətinin yaratdığı mənəvi bağlar, klassik ədəbiyyat və sənət nümunələri, tarixi ticarət yolları və qarşılıqlı mədəni təsirlər iki xalqı bir-birinə yaxınlaşdıran əsas amillərdəndir.
Məhz buna görə də bu gün dövlətlərarası münasibətlərdə müşahidə olunan yüksək dinamikanı yalnız siyasi liderlərin iradəsi ilə izah etmək kifayət deyil. Liderlərin siyasi iradəsi mövcud tarixi və ictimai təməli yeni geosiyasi reallıqlara uyğun şəkildə institusional müstəviyə daşıyır.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də yeni müqaviləyə münasibət bildirərkən münasibətlərin son illərdə strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldiyini, indi isə əbədi dostluq xarakteri daşıyacağını vurğulayıb. O, bunun Azərbaycanın diplomatik təcrübəsində ilk belə addım olduğunu qeyd edib.
Bu fikir əslində sənədin siyasi mahiyyətini də ifadə edir: münasibətlər sadəcə mövcud səviyyədə qorunmur, gələcək nəsillər üçün daha uzunmüddətli və möhkəm siyasi çərçivəyə salınır.
Müqavilənin diqqət çəkən istiqamətlərindən biri iki dövlətin bir-birinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə münasibətdə mövqelərinin hüquqi şəkildə ifadə edilməsidir.
Sənəddə tərəflərin beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinə və normalarına sadiqliyi, qarşılıqlı etimad və strateji əməkdaşlıq əsasında hərəkət etməsi nəzərdə tutulur. Eyni zamanda tərəflər öz ərazilərinin digər dövlətə qarşı təhlükə yaratmaq məqsədilə istifadəsinə yol verməmək öhdəliyi götürürlər. Bu müddəalar təsadüfi deyil. Müasir dünyada dövlətlərarası münasibətlərin dayanıqlılığı yalnız iqtisadi əlaqələrin genişliyi ilə deyil, həm də tərəflərin bir-birinin milli təhlükəsizlik maraqlarına həssas münasibəti ilə ölçülür. Azərbaycan üçün ərazi bütövlüyü məsələsi xüsusi siyasi əhəmiyyət daşıdığı kimi, Özbəkistan üçün də dövlət suverenliyinin və milli təhlükəsizliyin qorunması fundamental prinsipdir. Bu baxımdan qarşılıqlı dəstəyin müqavilə səviyyəsində təsbit olunması Bakı ilə Daşkənd arasındakı siyasi etimadın mühüm göstəricisidir.
Əbədi dostluq haqqında müqavilənin mühüm xüsusiyyətlərindən biri onun yalnız siyasi bəyanatlarla məhdudlaşmamasıdır.
Sənəddə iqtisadiyyat, investisiya, energetika, nəqliyyat və logistika, kənd təsərrüfatı, rəqəmsal inkişaf, elektron ticarət, informasiya-kommunikasiya texnologiyaları, kosmik texnologiyalar və digər istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur. Bu məqam xüsusilə əhəmiyyətlidir. Çünki müasir dövlətlərarası münasibətlərdə siyasi yaxınlığın davamlılığını təmin edən əsas amillərdən biri onun iqtisadi məzmunla tamamlanmasıdır.
Azərbaycan və Özbəkistanın iqtisadi potensialları bir çox istiqamətlərdə bir-birini tamamlayır. Azərbaycan Xəzər dənizi üzərindən Avropa və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat imkanlarına, Özbəkistan isə Mərkəzi Asiyanın böyük iqtisadi və demoqrafik potensialına malikdir. Bu iki imkanın bir araya gəlməsi yeni regional əməkdaşlıq formatları üçün ciddi perspektivlər yaradır. Azərbaycan–Özbəkistan əməkdaşlığında nəqliyyat və logistika xüsusi yer tutur. Azərbaycanın Xəzər üzərindən Orta Dəhlizin əsas halqalarından birinə çevrilməsi, Özbəkistanın isə Mərkəzi Asiyanın mühüm iqtisadi mərkəzi olması Bakı–Daşkənd əlaqələrinə yalnız ikitərəfli münasibət kimi baxmağa imkan vermir. Burada söhbət daha geniş coğrafiyadan gedir. Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışında Xəzər üzərindən Azərbaycan istiqaməti mühüm alternativ marşrutlardan biri kimi formalaşır. Özbəkistan üçün Azərbaycan üzərindən Avropa bazarlarına çıxış imkanlarının genişlənməsi, Azərbaycan üçün isə Mərkəzi Asiyanın böyük bazarlarına daha sıx inteqrasiya iqtisadi baxımdan qarşılıqlı maraq doğurur.
Müqavilədə yüklərin və sərnişinlərin əlverişli daşınması, nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılması üçün qarşılıqlı əlaqəli nəqliyyat sisteminin möhkəmləndirilməsinin ayrıca vurğulanması da məhz bu reallıqdan irəli gəlir.
Beləliklə, Bakı ilə Daşkənd arasındakı dostluq yalnız siyasi xəritədə deyil, gələcəkdə nəqliyyat xəritəsində də daha aydın görünə bilər.
İki ölkə arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üçün siyasi baza artıq formalaşıb. İndi əsas məsələ bu siyasi etimadı daha çox investisiyaya, birgə müəssisələrə, yeni istehsal sahələrinə və qarşılıqlı ticarətin genişlənməsinə çevirməkdir. Energetika, kənd təsərrüfatı və rəqəmsal iqtisadiyyat bu baxımdan xüsusilə perspektivli sahələrdir.
Özbəkistanın geniş kənd təsərrüfatı imkanları, Azərbaycan şirkətlərinin region ölkələrində təcrübəsi, logistika infrastrukturu və investisiya potensialı yeni birgə layihələr üçün zəmin yarada bilər. Digər tərəfdən, rəqəmsal iqtisadiyyat və informasiya-kommunikasiya texnologiyaları kimi sahələrin müqavilədə ayrıca qeyd olunması münasibətlərin yalnız ənənəvi iqtisadi sektorlarla məhdudlaşmadığını göstərir.
Bu, əslində yeni dövrün əməkdaşlıq modelidir: neft, qaz, kənd təsərrüfatı və nəqliyyat kimi klassik sahələrlə yanaşı, süni intellekt, rəqəmsallaşma, kosmik texnologiyalar və elektron ticarət kimi gələcəyin iqtisadiyyatına da diqqət yetirmək.
Azərbaycan və Özbəkistanın əməkdaşlıq gündəliyində “yaşıl” iqtisadiyyatın yer alması da diqqət çəkir. İqlim dəyişikliklərinin yaratdığı çağırışlar, enerji keçidi və bərpaolunan enerji mənbələrinə marağın artması dövlətləri yeni əməkdaşlıq modelləri axtarmağa vadar edir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonalarının yaradılması istiqamətində həyata keçirdiyi layihələr və Özbəkistanın enerji sektorunda modernləşmə siyasəti bu sahədə təcrübə mübadiləsi üçün imkanlar yaradır. Beləliklə, iki ölkənin dostluğu yalnız keçmişin ortaq dəyərləri üzərində deyil, gələcəyin texnologiyaları üzərində də qurula bilər.
Müqavilədə parlamentlərarası əlaqələrin genişləndirilməsi və hüquqi əməkdaşlığın gücləndirilməsi də nəzərdə tutulur.
Bu istiqamət münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsi baxımından vacibdir. Dövlət başçıları səviyyəsində formalaşan siyasi iradənin qanunvericilik və hüquqi müstəvidə davam etdirilməsi ikitərəfli əlaqələrin davamlılığına xidmət edir.
Parlament diplomatiyası xalqlar arasında əlaqələrin daha geniş ictimai əsaslara söykənməsinə imkan verir. Qarşılıqlı səfərlər, parlament dostluq qruplarının fəaliyyəti, qanunvericilik təcrübəsinin öyrənilməsi və beynəlxalq platformalarda qarşılıqlı dəstək bu münasibətlərin siyasi məzmununu daha da zənginləşdirə bilər.
İki dövlət arasında müqavilələrin, sazişlərin və bəyannamələrin sayı nə qədər çox olsa da, dövlətlərarası münasibətlərin uzunömürlü olmasının əsas şərti xalqlar arasındakı bağların möhkəmliyidir.
Azərbaycan və Özbəkistan münasibətlərində bu baxımdan xüsusi üstünlük mövcuddur. Ortaq türk kökləri, yaxın dil xüsusiyyətləri, ədəbiyyat və musiqi, tarixi-mədəni irs iki xalqın bir-birini daha asan anlamasına imkan verir. Müqavilədə Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisinə, elm və təhsil müəssisələri arasında birbaşa əməkdaşlığa və birgə layihələrin həyata keçirilməsinə şərait yaradılması da məhz bu mənəvi yaxınlığın gələcək nəsillərə ötürülməsinə hesablanıb. Bu müddəanın əhəmiyyəti ilk baxışda göründüyündən daha böyükdür. Çünki dövlətlərarası münasibətlərdə siyasi elitanın dəyişməsi mümkündür, iqtisadi şərtlər dəyişə bilər, regional proseslər fərqli istiqamət ala bilər. Amma xalqların bir-birinin dilini, tarixini və mədəniyyətini bilməsi münasibətlərin uzunmüddətli sosial dayağını yaradır.
Müqavilədə elm, təhsil, tibb, mədəniyyət, mədəni irs, gənclər, turizm və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsi də xüsusi yer tutur.
Bu istiqamətlərin hər biri iki xalqın bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Universitetlər arasında mübadilə proqramlarının genişləndirilməsi, alimlərin və tədqiqatçıların birgə layihələrə cəlb edilməsi, tələbə mübadiləsinin artırılması, mədəniyyət günlərinin keçirilməsi və ortaq tarixi irsin öyrənilməsi gələcəkdə münasibətlərin ictimai bazasını daha da genişləndirə bilər. Xüsusilə gənclər amili burada mühüm əhəmiyyət daşıyır. Əbədi dostluq ideyasının real məzmun qazanması üçün bu anlayışın yalnız rəsmi sənədlərdə deyil, yeni nəslin dünyagörüşündə də öz əksini tapması vacibdir.
Azərbaycan və Özbəkistanın turizm potensialı da böyükdür.
Bakı, Şəki, Qarabağ və Azərbaycanın digər bölgələri ilə Daşkənd, Səmərqənd, Buxara, Xivə kimi tarixi-mədəni mərkəzlər arasında turizm əlaqələrinin inkişafı iki xalqın bir-birinin mədəniyyətini daha yaxından tanımasına imkan verə bilər. Müqavilədə turizm potensialının təbliği və turizm məhsullarının tanınmasının artırılması üzrə əməkdaşlığın təşviq edilməsi bu baxımdan mühüm perspektiv yaradır.
Gələcəkdə Bakı–Daşkənd turizm marşrutunun yalnız paytaxtlarla məhdudlaşmaması, regionların da bu əlaqələrə cəlb edilməsi mümkündür.
Sənəddə şəhərlər və regionlar arasında tərəfdaşlıq əlaqələrinin qurulmasının təşviq edilməsi də diqqət çəkən məqamlardandır.
Bu, münasibətlərin yalnız mərkəzi hökumətlər səviyyəsində deyil, yerli idarəetmə və şəhər diplomatiyası səviyyəsində də inkişaf etdirilməsi deməkdir.
Azərbaycanın müxtəlif şəhərləri ilə Özbəkistanın regionları arasında qardaşlaşma əlaqələrinin yaradılması, birgə mədəniyyət, turizm, iqtisadiyyat və təhsil layihələrinin həyata keçirilməsi xalqlar arasında təmasların daha da artmasına səbəb ola bilər. Belə əlaqələr “Bakı–Daşkənd” münasibətlərini “Azərbaycan–Özbəkistan regionları” münasibətlərinə çevirməklə əməkdaşlığın coğrafiyasını genişləndirir.
“Əbədi dostluq” ifadəsi ilk baxışdan daha çox siyasi və diplomatik termin kimi görünə bilər. Lakin Azərbaycan və Özbəkistan nümunəsində bu anlayışın arxasında real tarixi və ictimai əsaslar mövcuddur.
Hikmət Hacıyev də qeyd edib ki, xalqlar onsuz da tarixən dost olublar və yeni sənəd faktiki olaraq mövcud olan bu dostluğun siyasi müstəvidə də rəsmiləşdirilməsidir. Bu yanaşma mühüm bir həqiqəti ortaya qoyur: müqavilə dostluğu yaratmır, mövcud dostluğun dövlətlərarası münasibətlər sistemində daha yüksək səviyyədə rəsmiləşdirilməsini təmin edir.
Başqa sözlə, sənədin siyasi əhəmiyyəti onun “dostluq yaratmasında” deyil, dostluğu gələcək üçün institusional öhdəliyə çevirməsindədir.
Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələsi daha geniş mənada Türk dünyasında inteqrasiya prosesləri baxımından da əhəmiyyətlidir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləri kimi siyasi, iqtisadi, mədəni və nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayırlar. İki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin güclənməsinə, Türk dünyasının müxtəlif coğrafiyalarını birləşdirən nəqliyyat və iqtisadi layihələrin genişlənməsinə əlavə stimul verə bilər. Bu baxımdan Bakı-Daşkənd yaxınlaşması yalnız iki paytaxtın münasibəti deyil. Onun arxasında Xəzərdən Mərkəzi Asiyaya, oradan isə daha geniş Avrasiya məkanına uzanan əməkdaşlıq perspektivi dayanır.
Azərbaycan və Özbəkistan münasibətlərinin indiki mərhələsi göstərir ki, əsas məsələ artıq “münasibətləri necə qurmaq?” sualı deyil. Bu mərhələdə əsas sual “mövcud yüksək siyasi etimadı necə daha çox konkret layihəyə çevirmək?” məsələsidir. Əbədi dostluq haqqında müqavilənin iqtisadi, nəqliyyat, humanitar və texnoloji istiqamətlər üzrə geniş öhdəliklər nəzərdə tutması da məhz bunu göstərir.
Qarşıdakı illərdə birgə investisiya layihələrinin artırılması, nəqliyyat dəhlizlərinin imkanlarından daha səmərəli istifadə, qarşılıqlı ticarətin genişləndirilməsi, universitetlər və elmi müəssisələr arasında əlaqələrin dərinləşdirilməsi, turizm axınının artırılması və gənclər arasında mübadilələrin genişləndirilməsi münasibətlərin real nəticələrini müəyyən edəcək.
Bu baxımdan 2026-cı il avqustun 23-də imzalanan sənəd son nöqtə deyil, yeni mərhələnin başlanğıcıdır.
KONKRET.az-ın ANALİTİK QRUPU
