Yağış fəlakəti bir məsələni təkrar gündəmə daşıdı: Azərbaycanda bələdiyyə institutu formalaşdırılmalıdır. Hətta neçə ildir deyilir ki, Bakı Şəhər İcra Hakimiyyəti ləğv edilməli, seçkili orqan olan Bakı Böyük Şəhər Bələdiyyəsi yaradılmalıdır. Bu həm də Avropa Şurası üzvü olan ölkənin öhdəliyi kimi təqdim olunur.
Bəs bələdiyyə institutu gücləndirilsə yollar, tunellər, keçidlər – bir sözlə, infrastruktur müsbətə doğru dəyişəcəkmi?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov bələdiyyələrin gücləndirilməsi ilə hansısa dəyişikliyin baş verəcəyini düşünmür:
“Ölkədə belə problemlərin qarşısını almağın yeganə yolu məmurlara qarşı hansısa cəza sisteminin tətbiq olunmasıdır.
Vəli Əlibəyov
Öz sahələrində buraxdıqları nöqsanlara görə belə tədbirlər görülməlidir. Azərbaycan humanist dövlətdir. Məmurları cəzalandırmır və nəticədə heç kəs öz işini layiqincə görmür. Bələdiyyələr kifayət qədər səlahiyyətlərə malik olsalar da əməli addımlar atmırlar. Onlara müəyyən məsələlərlə bağlı müraciət olunur, amma heç bir tədbir görülmür. İldə bir dəfə vətəndaşlardan pul yığmaqla işlərini bitmiş sayırlar”.
Siyasi şərhçi Elvin Baxşalızadə isə deyib ki, cəmi bir neçə saatlıq yağış Bakının infrastrukturunu tamamilə iflic etdi:
“Həm mərkəz, həm də ətraf ərazilərdə kifayət qədər subasmalar, yollarda isə xaos müşahidə olundu. Uzun illər ciddi planlama olmadan gedən şəhərsalma və tikinti, əksər ərazilərdə drenaj sisteminin olmaması əsas nəzərəçarpan səbəblərdir. Qeyri-rəsmi məlumata görə, Bakının ətraf ərazilərlə birlikdə əhali sayı 4 milyon nəfərə çatıb. Amma mövcud infrastruktur maksimum 2 milyon nəfər üçün hesablanıb.
Elvin Baxşalızadə
Bəs çıxış yolu nədir ? Axı yağış, qar, güclü külək yenə olacaq. Bakı isə bütün bumlara hazırlıqsız vəziyyətdədir. Təəssüf ki, bu günlər ərzində Bakı Şəhər İcra Hakimiyyətindən tutarlı bir reaksiya görmədik. Halbuki yerli özünüidarəetmə orqanı kimi əsas işlər məhz bu strukturun üzərinə düşür. Amma burada problem hansısa şəxslərlə yox, ümumi sistemlə bağlıdır. İcra hakimiyyətləri artıq bir struktur kimi ləğv olunmalı və səlahiyyətlərinin böyük hissəsi bələdiyyələrə ötürülməlidir. Mən və bir neçə gənc dostumuz bu haqda böyük bir layihə hazırlayıb hökumətə göndərmişik. Layihədə Türkiyədən nümunə göstərilib. Layihənin əsas məğzi yerli özünüidarəetmə orqanı kimi bələdiyyələrin gücləndirilməsi və effektiv fəaliyyətinin təşkiliylə bağlıdır. Təkliflərimiz sırasında Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması da var. Seçkili orqana keçid, onun öz büdcəsinin olması və vətəndaşlarla daha intensiv təmas nəticə etibarı ilə Bakının problemlərinin böyük qismini həll edə biləcək. Bu baxımdan qarşıdakı müddət ərzində bələdiyyələrlə bağlı ciddi qərarlar verilməlidir. Milli Məclisin bu yaxında bələdiyyələrin sayının azaldılması və bəzi bələdiyyələrin birləşdirilməsi ilə bağlı verdiyi qərar irəliyə doğru atılmış addımdır. Bu bizim təkliflərimizdən biri idi. Amma proses davam etməli və növbəti addımlar atılmalıdır. İtirilən hər gün Bakının problemlərini daha da dərinləşdirir”.
Adi cərimələrin 2, 3, 4, 5 dəfə artırıldığı kimi vəzifə səlahiyyətlərini yerinə yetirməyənlərə, korrupsiyaya qurşananlara qarşı cinayət məsuliyyəti də 4, 5 dəfə sərtləşdirilməlidir. (yoxsa tutub – buraxıb, müsadirə olunan əmlakın qaytarılması yox).
Yeni yeyinti yeri yaradilsin xeyri yoxdu ey belediyede olunsa taliyan taliyir kunci o vezifeyegelince ne qedr rusvet verilir