Avqustun 11-də İSTAD – İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin qonağı olub.
KONKRET.az xəbər verir ki, ATXƏM İctimai Birliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, səfər Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin ildönümü münasibətilə gerçəkləşib. Tədbir iştirakçıları Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda döyüşən qəhrəmanların ruhunu yad ediblər.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov rəhbərlik etdiyi təşkilatın ənənəvi olaraq 15 sentyabrda Bakının işğaldan azad edilməsinin ildönümünü hər il bayram kimi qeyd etdiyini vurğulayıb. İ.İsmayılov 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmində Nuru Paşanın rəhbərliyi altında Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun xilaskar missiyasının tarixi əhəmiyyətini qeyd edib, misilsiz qəhrəmanlıqlarından danışıb. O, Azərbaycan-Türkiyə dostluq və qardaşlığına toxunaraq qeyd edib ki, iki ölkə arasındakı münasibətlər bütün dünya üçün örnəkdir.
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinın sədri Səfər Karakoyunlu çıxış edərək dərnək adından ATXƏM sədri İ.İsmayılova səmimi qarşılanma və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının əbədi olduğunu qeyd edib. Qonaqlar ATXƏM sədri İ.İsmayılova xatirə hədiyyələri təqdim ediblər.
Məlumata görə, qonaqlar proqram müddətində Şuşa şəhərini və Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcəklər. Daha sonra Şəhidlər Xiyabanında Türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə və İkinci Fəxri Xiyabanda 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərin məzarı da ziyarət olunacaq.
Tədbirdə Türkiyə səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir və digər tanınmış QHT və mətbuat orqanlarının rəhbərləri iştirak ediblər.
Tədbirin sonunda qonaqların şərəfinə ziyafət verilib.//Demokrat.az