Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Martin Yeger Rusiyanın Almaniyaya qarşı “kölgə müharibəsi” apardığını hesab edir.
KONKRET.az xəbər verir ki, Yeger Bundestaqın xüsusi xidmət orqanlarına nəzarət edən parlament komitəsinin açıq dinləmələri zamanı bildirib ki, Almaniya, ilk növbədə, Rusiya tərəfindən yaranan təhlükələrə qarşı dayanıqlığını əhəmiyyətli dərəcədə gücləndirməlidir.
Onun sözlərinə görə, NATO-nun ayrı-ayrı üzv ölkələrinə qarşı aşağı intensivlikli təxribat xarakterli fəaliyyətlər artıq istisna hal deyil. Belə bir vəziyyətdə xüsusi xidmət orqanları “müdafiənin ilk xətti” rolunu oynayır.
Almaniya Konstitusiyasının Mühafizəsi üzrə Federal İdarənin (BfV) rəhbəri Sinan Selen də Rusiyanın diversiya və sui-qəsdlərə hazır olduğunu bildirib.
“Biz məlum casusluq fəaliyyətlərindən əlavə, diversiya və qətlə yönəlmiş əməliyyatlara hazırlıq müşahidə edirik”, – Selen deyib.
Onun sözlərinə görə, mövcud təhlükələrə dezinformasiya kampaniyaları, eləcə də hücum cəhdləri daxildir. Selen bu kontekstdə Leypsiq hava limanında baş vermiş insidenti də nümunə göstərib.
Ağagül Mürsəlov,
KONKRET.az
