“Media haqqında” qanun layihəsindən gözlənti böyükdür. Təbii ki, yeni çağırışlara cavab verən yeni qanuna ehtiyac vardı.
“Kütləvi İnformasiya Vasitələri haqqında” qanun 22 il öncə qəbul edilib, 79 dəfə dəyişiklik olunub. Bu müddətdə sosial şəbəkələr, saytlar meydana gəlib. Yeni qanun layihəsi bunları da əhatə edir.
Doğrudur, jurnalistin fəaliyyətini çərçivəyə salmaq olmaz, sərbəst peşədir. Amma beynəlxalq təcrübədən çıxış edərək cizgilərin müəyyən edilməsi vacibdir, bütün dünyada belədir. İnformasiya almaq, yaymaq (bəzi məlumatlar istisnadır) jurnalistin hüququdur. Hər kəs də jurnalist deyil axı.
Yeni qanunda məhdudiyyət varsa, ixtisasından asılı olmayaraq, bu peşədən sui-istifadə edənlərə tətbiq oluna bilər. Məhz sui-istifadə edənlərə! Açığı, o məhdudiyyətə də rast gəlinmir. Təməl prinsip hazırda qüvvədə olan qanuna oxşardır.
Məsələn, qanun layihəsinin əsas 73, 74-cü maddələri müzakirələrə səbəb olub. Baxaq:
Maddə 73. Media Reyestri 73.1. Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestri yaradılır.
73.2. Media Reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə olunan elektron informasiya ehtiyatıdır və saxlanması Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
73.3. Media Reyestri aşağıdakı bölmələrdən ibarətdir:
73.3.1. audiovizual media subyektləri;
73.3.2. çap mediası subyektləri;
73.3.3. onlayn media subyektləri;
73.3.4. informasiya agentlikləri;
73.3.5. jurnalistlər.
73.4. Şura bu Qanunun 54.7-ci, 55.8-ci, 57.6-cı və 58.3-cü maddələrində nəzərdə tutulmuş hallarda audiovizual media subyekti barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.
73.5. Çap mediası və ya onlayn media subyektləri, informasiya agentlikləri, həmçinin jurnalistlər Media Reyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər.
73.6. Media Reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
73.7. Media Reyestrinə aşağıdakı məlumatlar daxil edilir:
73.7.1. media subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) adı, loqotipi (emblemi), hüquqi və faktiki ünvanı;
73.7.2. fiziki şəxs olan media subyekti, hüquqi şəxs olan media subyektinin təsisçisi (iştirakçısı), habelə media subyektinin təsisçisi olan hüquqi şəxsin birbaşa və dolayısı ilə iştirakçısı olan şəxslər haqqında bu Qanunla nəzərdə tutulmuş məlumatlar;
73.7.3. media subyektinin VÖEN-i;
73.7.4. media subyektinin idarəetmə orqanının rəhbərinin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları;
73.7.5. məsul redaktorun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları;
73.7.6. media subyektində işləyən jurnalistlərin siyahısı (adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları);
73.7.7. çap mediası subyektinin dövriliyi və birdəfəlik tirajı, məzmunu haqqında məlumat;
73.7.8. onlayn media subyektinin domen adının sahibi haqqında məlumat;
73.7.9. media subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) ərazi kateqoriyası;
73.7.10. audiovizual media subyektlərinin və (və ya) onların redaksiyasının (redaksiyalarının) janrı, yayım üsulu və növü;
73.7.11. audiovizual media subyektlərinin lisenziyası haqqında məlumatlar;
73.7.12. informasiya agentliklərinin digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında bağladığı müqavilələr barədə məlumatlar;
73.7.13. jurnalistin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları;
73.7.14. verilmiş (o cümlədən olduğu halda əvvəllər verilmiş) jurnalist vəsiqəsi haqqında məlumat;
73.7.15. jurnalistin əmək və ya mülki hüquq müqaviləsi, əmək fəaliyyəti haqqında ümumi məlumat;
73.7.16. fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalistin VÖEN-i;
73.7.17. media subyektinin idarəetmə orqanının rəhbərinin, jurnalistin ali təhsili haqqında məlumat;
73.7.18. təsisçi (iştirakçı) fiziki şəxs olduqda onun (onların), media subyektinin idarəetmə orqanının rəhbərinin və jurnalistin məhkumluğunun olub-olmaması haqqında məlumat.
73.8. Media Reyestrinə daxil edilmiş media subyektinə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənmiş Media Reyestri şəhadətnaməsi verilir.
73.9. Media subyektlərinin və jurnalistlərin siyahısı istisna olmaqla, Media Reyestrinə daxil edilmiş digər məlumatlar ictimaiyyət üçün açıq deyildir.
Maddə 74. Media Reyestrinə daxil edilmək üçün tələblər 74.1. Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxslər aşağıdakı tələblərə cavab verməlidir:
74.1.1. bu Qanunun 26.1–26.4-cü, 26.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə (bu Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) uyğun olmalıdır;
74.1.2. fəaliyyəti davamlı olmalıdır (müraciət tarixinə qədər media sahəsində fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla);
74.1.3. fəaliyyəti bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmalıdır;
74.1.4. hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmış olmalıdır;
74.1.5. fiziki şəxs olduqda fərdi sahibkar kimi vergi uçotuna alınmış olmalıdır;
74.1.6. Media Reyestrində olan digər media subyektlərinin redaksiyalarının loqotipləri (emblemləri) ilə eyni və ya oxşar olmamalıdır.
74.2. Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlər aşağıdakı tələblərə cavab verməlidir:
74.2.1. ali təhsili olmalıdır; 74.2.2. fəaliyyət qabiliyyətli olmalıdır;
74.2.3. ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilməmiş olmalıdır;
74.2.4. məhkumluğu ödənilmiş və ya götürülmüş olmalıdır;
74.2.5. media subyekti ilə əmək müqaviləsi olmalıdır (fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlərin azı bir media subyekti ilə mülki hüquqi müqaviləsi olmalıdır);
74.2.6. işlədiyi media subyekti Media Reyestrinə daxil edilmiş olmalıdır;
74.2.7. işlədiyi media subyekti davamlı fəaliyyət göstərməlidir (müraciət tarixinə qədər fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla);
74.2.8. jurnalistlərin fəaliyyəti bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmalıdır;
74.2.9. işlədiyi çap mediası subyektinin fəaliyyətində yaranmış fasilə bu Qanunun 59.7-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq olmamalıdır;
74.2.10. jurnalistika sahəsi üzrə 3 (üç) ildən az olmayaraq iş stajı olmalı və ya elmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində 3 (üç ) ildən az olmayan müddətdə fəaliyyət göstərməlidir;
74.2.11. jurnalist kimi fəaliyyət göstərdiyi müddət ərzində peşə etikası (etik davranış) qaydalarına riayət etməlidir;
74.2.12. fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist fərdi sahibkar kimi vergi uçotuna alınmış olmalıdır.
74.3. Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş şəxslər bu Qanunun 74.1-ci maddəsinin, jurnalistlər isə bu Qanunun 74.2-ci maddəsinin tələblərinə cavab vermədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onların Media Reyestrinə daxil edilməsindən imtina edilir.
74.4. Bu Qanunun 54.7-ci və 55.8-ci maddələrinə uyğun olaraq təqdim olunmuş məlumatlar əsasında audiovizual media subyektləri birbaşa Media Reyestrinə daxil edilirlər.
Burada məcburiyyətdən söhbət getmir, könüllüdür. Kim istəmirsə, qoşulmayacaq, adi qaydada fəaliyyətini davam etdirəcək. Qoşulmayan media orqanına blok qoyulmayacaq ki.
Əgər fəaliyyətin məhdudlaşdırılmasından söhbət gedirsə, bu, qanunvericilikdə mövcuddur. Şərtlərə cavab verən reyestrə qoşulacaq, güzəştlərdən istifadə edəcək. Vahid vəsiqənin də verilməsi o cür.
Türkiyədəki bu təcrübəni bilməmiş deyilsiniz, jurnalistlər vahid kartla güzəştlərdən istifadə edirlər. İradları var və bu, normaldır. Nəzərə almaq lazımdır ki, qanun hələ layihə şəklindədir, müzakirələr davam edəcək. Ola bilər, müəyyən müddəalarda, ifadələrdə dəyişikliklər edilsin.
Bir daha deyirəm, “Media haqqında” qanun layihəsindəki yenilik qadağanedici deyil, tövsiyə xarakterlidir. Qadağanın olması da mümkünsüzdür. Medianın güclü olması naminə var gücümüzlə çalışmalıyıq. Bu, hamımızın qanunudur.
İlkin Pirəli,
Pravda.az xəbər portalının baş redaktoru
