Xəbər verdiyimiz kimi, dünən Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib. Lakin bu məsələ cəmiyyətdə birmənalı qarşılanmayıb. Çünki əksər insanlar artıq həftə sonu planını çoxdan hazır etmişdi. Yeni qərarın bu qədər gec elan olunması sosial şəbəkələrdə də narazılığa səbəb olub.
Mövzu ilə bağlı KONKRET.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, belə qərarları son məqama saxlamaq düzgün və etik deyil:

“Hər kəs işini əvvəlcədən planlaşdırır. Eləsi var ki, başqa şəhər, yaxud ölkəyə getməyi planlayır. Belə şeyləri qəfil elan etmək məsul şəxslərin insanların vaxtına laqeyd yanaşdığını göstərir. Əslində sözügedən məsələ həssas mövzudur və diqqətli yanaşma tələb edir. Burada çətin və ya qeyri-adi heç nə yoxdur. Aylar və həftələr öncə bəlli olan bir məsələdir. Əgər belə bir qərar verilirsə, əvvəlcədən planlaşdırmaq və elan etmək lazımdır, son məqama saxlamaq düzgün və etik deyil”.
Sosioloq bildirib ki, inkişaf etmiş ölkələrdə belə hallar qəbul edilməzdir:
“Avropa ölkələrində sən bir gün öncədən kiməsə zəng edib sabah görüşək desən, dərhal etiraz edər. Onlar bunu çox pis qarşılayır və qəbul etmir. Çünki əksər insan harada işləməsindən asılı olmayaraq həftəlik planlamasını əvvəlcədən edir. Qabaqcıl ölkələrdə belə hallara rast gəlinmir. Məsələnin həlli üçün cəmiyyət olaraq inkişaf etməliyik. Avropadakı həyatı təkcə arzulamaqla olmur. O ənənələri burada da tətbiq etmək lazımdır. İnsanlar öz vaxtının qədrini bilməlidir. Yalnız belə olan halda ölkə inkişaf edə bilər. Təəssüf ki, həmin istiqamətdə lazımi işlər getmir. Maarifləndirmə işi, sosioloji tədqiqatlar aparılmır. Biz belə məsələlərə ciddi yanaşmırıq. Öz mühitimizi, həyat tərzimizi dəyişməliyik. Fransa, İngiltərə və ABŞ-dakı həyat tərzini təqlid edə bilmərik. Bu, tamamilə yanlış və zərərlidir. Lakin öz həyat tərzimizi elə inkişaf etdirməliyik ki, cəmiyyətimizdə hər şey daha ahəngdar olsun”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
