“Belə turşular qida rasionumuzdan tam yığışdırılmalıdır” – Ekspertdən SƏRT MÖVQEbackend

"Belə turşular qida rasionumuzdan tam yığışdırılmalıdır" - Ekspertdən SƏRT MÖVQE

Hər il qışa hazırlıq kimi insanlar tərəvəzlərdən, meyvələrdən turşular hazırlayırlar. Lakin bəzən bu turşular keyfiyyətli olmadığına görə, müxtəlif zəhərlənmə faktları qeydə alınır. Hətta bu zəhərlənmələr ölümlə də nəticələnə bilir.

Ev şəraitində hazırlanan turşulardan zəhərlənmələr hansı səbəbdən qaynaqlanır?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov cavablandırıb.

O bildirib ki, ev şəraitində qoyulan turşular qida mədəniyyətsizliyidir və yolverilməz haldır:

“Belə turşular Azərbaycanın qida rasionundan birmənanlı olaraq yığışdırılmalıdır. Lakin insanların evdə hazırlanan turşulardan zəhərlənməsi ilə bağlı məlumatların 50 faizi həqiqəti əks etdirir. 50 faizi isə qurumların uydurmasıdır. Uzun illər ərzində sənaye üsulu ilə hazırlanan turşulardan bir dəfə də olsun zəhərlənmə faktı qeydə alınmayıb. Dövlət qurumları malların təhlükəsizliyinə zəmanət verdiyi üçün əksər hallarda günahı istehlakçının üstünə atırlar. Zəhərlənmə faktı zamanı bildirilir ki, onlar ev şəraitində hazırlanan turşulardan zəhərlənib. Faəliyyətim boyunca, Azərbaycanda hansısa həkimin sənaye məhsulundan zəhərlənməsinə dair rəsmi sənəd verdiyini görməmişəm. Əslində zəhərlənmələr hələ sovet dövründən bəri gizlədilir. Çünki Səhiyyə Nazirliyi mallara sertifikat verir və insanların sağlamlığının keşiyində durur. Sənayedə istehsal edilən bir məhsuldan zəhərlənmə zamanı ölüm faktı olduğu təqdirdə isə faktlar gizlədilir”.

Həmsöhbətim əlavə etdi ki, bu sahədə görülən işlər qaneedici səviyyədə deyil:

“Buna görə də, sertifikat verən orqanla, malların təhülkəsizliyinə zəmanət verən orqan bir-birindən ayrı olmalıdır. Sertifikat verən orqan zəhərlənmə zamanı cavabdehlik daşımalıdır. Təəssüf ki, bu məsələ hələ həll olunmayıb. Bununlıa bağlı da, evdə hazırlanan turşu çox ciddi məsələdir. Əvvəllər plastik çəlləkdə xiyar, kələm turşusu açıq şəkildə satılırdı. AQTA bu sahədə bir sıra işlər görsə də, hələlik vəziyyət qənaətbəxş deyil. Hələ də bəzi yerlərdə belə turşular satılır. Meyvə-tərəvəz dükanlarında, bazarlarda bu məhsullara rast gəlinir. Bu kimi hallar yolverilməzdir. Kim bu işlə məşğul olursa, AQTA-da reyestrə daxil olmalıdır”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*